“Bu, Prezidentin siyasətinin alçaqcasına sabotajıdır” - Rasim Məmmədov
12-04-2019, 11:52

“Uzun illər KİV səhifələrində Zülfüqarlı qardaşları radikal müxalifət sıralarından yaradılmış bir qrup ictimai dəstəklə mənə və rəhbərlik etdiyim müəssisələrə qarşı çirkin təbliğat aparırdılar. Bu qondarma iş adamları qrupu sahibkar sinfinin formalaşdırılması ideyasında parazitlik edərək, əslində Azərbaycana respubkikanın sovet sənayesindən miras qalmış əmlakı dağıtmaqla məşğul olub”, - “Baku Steel” şirkətinin rəhbəri, məşhur iş adamı Rasim Məmmədovun xüsusi bəyanatında belə deyilir.
Xatırladaq ki, virtualaz.org “Bakelektroştamp” istehsalat birliyinin barbarcasına qarət olunması barədə xüsusi reportaj təqdim etmişdi. Zavodun özü kimi, istehsal vasitələri də Zülfüqarlı qardaşlarının əlinə düşərək, tamamilə dağıdılıb və metal qırıntısı şəklində qonşu Türkiyəyə satılıb. Bundan dərhal sonra Rasim Məmmədov xüsusi bəyanatla çıxış edib və bəyanatın mətni redaksiyamıza daxil olub.
“Mən ölkənin hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. Zülfüqarlılar Azərbaycanın ən iri müəssisələrindən birinin qarət olunmasına gətirib çıxarmış qanunsuz hərəkətlərinə görə qanun qarşısında hüquqi şəkildə cavab verməlidirlər. Biz uzun müddət məhkəmə qaydasında Azərbaycan sənayesinin qardaşlar tərəfindən ələ keçirilmiş flaqmanını müdafiə etməyə çalışdıq. Təəssüf ki, müxalifətçi KİV-lər Zülfüqarlıların təhriki ilə bizim Azərbaycan sənayesinin maraqları uğrunda ədalətli mübarizəmizi özgəsinin əmlakının ələ keçirilməsi kimi təqdim edirdilər. Tutaq ki, bu zavod həmin qardaşlara məxsusdur. Lakin elementar məntiqə əsaslansaq, belə bir sual doğur: sahibkar öz əmlakı ilə bu cür qarətçi kimi davrana bilərmi? Məgər Zülfüqarlılar Türkiyədəki zavodlarını və sexlərini belə dağıda bilərlər? Qardaşların qanunsuz hərəkətləri bir daha aşkar nümayiş etdirir ki, onların yeganə məqsədləri olub – zavodu xammal qaynağına çevirmək. Təəssüf ki, onlar bu cinayətkar aksiyanı sona çatdırmağa müyəssər oldular. Lakin məhkəmə haqlı qərar çıxararaq, zavodun ərazisini bizim mülkiyyətimizə qaytardı. Ölkənin iri müəssisələrindən birinin məhvi intibah dövrünü yaşayan Azərbaycan sənayesinə qarşı dönük və çirkin aksiyadır”.
Rasim Məmmədov öz bəyanatında prezident İlham Əliyevin sənayenin bərpasına və modernləşdirilməsinə yönəlmiş iqtisadi siyasətini xatırladır: “Az qala hər çıxışında prezident İlham Əliyev sürətli sınayeləşməyə və iqtisadiyyatın diversifikasiyasına çağırış edir. Mən 2014-cü ildə prezidentin hökumətə və sahibkarlara çağırışını çox yaxşı xatırlayıram.
İlham Əliyev o zaman açıq şəkildə bildirmişdi: “Biz maksimal şəkildə özümüzü təmin etməli və ixrac etməliyik. Burada alüminium, poladəritmə, metallurgiya sənayelərinin inkişafı nəzərdə tutulur ki, həmin sahələrdə böyük potensial var. Qeyd etmək lazımdır ki, 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb”. Ən çox təəssüf doğuran odur ki, prezident yeni dörd metallurgiya kompleksinin tikintisi və miras qalmış sovet müəssisələrinin modernləşdirilməsi üzrə qlobal planlar qurduğu bir vaxtda Zülfüqarlı qardaşları öz əlləri ilə metallurgiya sənayemizin özülünü təşkil edən zavodu hissələrinə bölüb dağıdırdılar. Məgər bu, dövlətimizə arxadan vurulan zərbə deyil? Məgər bu, satqınlıq deyil? Məgər bu, dövlət başçısının siyasətinin məqsədyönlü şəkildə alçaqcasına sabotajı deyil?”
Sənaye birliyinin bərpası planlarına toxunaraq R.Məmmədov bildirib: “Bütün Azərbaycan ictimaiyyəti şahiddir ki, Zülfüqarlı qardaşları zavodu yerlə bir ediblər. Hazırda biz vəziyyəti təfərrüatı ilə öyrənirik, mütəxəssislərlə məsləhətləşmələr aparırıq və məhv edilmiş müəssisənin bərpası üçün yollar tapmağa çalışırıq. Lakin mən səmimi olaraq ümid edirəm ki, hüquq-mühafizə orqanları bu törədilmiş cinayəti diqqətdən kənarda saxlamayacaqlar. Azərbaycan sənayesinə qəbir qazanlar isə ədalətli qisasdan qaça bilməyəcəklər”.