"Mən həddən artıq irəli getmişdim":

Bu gün, 12:14           
"Mən həddən artıq irəli getmişdim":
"Bu, onun tərəfindən çox xoş hərəkətdir..."

Milyardçı keçmiş paylaşımlarına görə təəssüf etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp barəsindəki bəzi paylaşımlarına görə İlon Mask üzr istəyib. O, "X" sosial şəbəkəsində yazıb: "Keçən həftə prezident haqqında yazdıqlarımın bəzilərinə görə peşmanam. Həddən artıq irəli getmişdim".

Bu barədə "bbc.com" nəşri yazıb.

Bu bəyanatdan bir neçə saat əvvəl Mask ABŞ-ın vitse-prezidenti Cey Di Vensin paylaşımını skrin edib. Vens "Bloomberg"-in hesabatından bir görüntü paylaşaraq yazıb ki, Mask hökumət sektorunda fəaliyyətinə görə sərvətinin 25 faizini itirib. Vens soruşub: "Maska səmimi bir təşəkkür etməyə hazırsınızmı?". Mask cavabında əlavə edib: "Buna dəyərdi".

Tramp: "Bu, onun tərəfindən çox xoş hərəkətdir"

Prezident Tramp "The New York Post"-a qısa telefon müsahibəsində Maskın bu jestini "çox xoş" adlandırıb, lakin qalmaqalın tam bağlanıb-bağlanmadığını dəqiqləşdirməyib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt də Trampın üzrü qəbul etdiyini bildirib və əlavə edib ki, Maskın şirkətləri ilə bağlı dövlət kontraktlarının yenidən nəzərdən keçirilməsi gündəmdə deyil.

Qalmaqalın başlanğıcı: Vergi islahatı üstündə çəkişmə

İki məşhur şəxs arasında qalmaqal Trampın dəstəklədiyi vergi güzəştləri qanun layihəsi səbəbilə alovlanıb. Tramp sənədi "böyük və gözəl", Mask isə "iyrənclik" adlandırıb. Qanun layihəsi ABŞ Nümayəndələr Palatasında respublikaçıların əksəriyyətinin dəstəyi ilə qəbul olunub. İqtisadçılar hesab edir ki, bu qanun büdcə kəsirini təxminən 600 milyard dollar artıracaq.

Tramp Almaniya kansleri ilə görüşdə Maskı tənqid edərək deyib ki, "İlon bu qanunun detallarını çox yaxşı bilir, amma birdən-birə etiraz etməyə başlayıb". Trampın fikrincə, Maskı narazı salan əsas məsələ elektrikli avtomobillər üçün vergi güzəştlərinin ləğvi olub. "Tesla"-nın rəhbəri bu iddiaya da "X" sosial şəbəkədə cavab verərək yazıb: "Subsidiyaları saxlaya bilərsiniz, amma qanunun içindən bu iyrənc lobbi maddələrini çıxarın".

Mask əlavə edib ki, sənəd gecə saatlarında qəbul olunub və əksər konqresmenlər onu tam oxuya bilməyib. O, Trampı "nankorluqda" günahlandırıb və bildirib ki, "əgər mən olmasaydım, o seçkini uda bilməzdı".

Dövlət kontraktları və kosmik mübahisə

Tramp cavabında bildirib: "Ən asan qənaət yolu Maskın dövlət subsidiyalarına və kontraktlarına son qoymaqdır". O, təəccüblə əlavə edib ki, "Bunu Bayden niyə etməyib, hələ də anlaya bilmirəm". Mask isə cavabında qeyd edib ki, əgər prezident bu kontraktları ləğv edərsə, "SpaceX" şirkəti "Dragon" gəmiləri ilə Beynəlxalq Kosmik Stansiyaya astronavt daşımayacaq.

Mask həmçinin Trampa impiçment çağırışlarını dəstəkləyən bir paylaşımı da skrin edib. Bundan əlavə, Trampın tətbiq etdiyi qlobal ticarət tariflərinin ABŞ-ı ilin ikinci yarısında resessiyaya sürükləyəcəyini iddia edib. Qarşılıqlı ittihamlar o qədər sərtləşib ki, bəzi paylaşımlarda Trampın tanınmış maliyyəçi və qalmaqallarda adı hallanan Ceffri Epşteynlə əlaqələrinə eyhamlar da yer alıb.

ABŞ hökuməti Maskdan nə qədər asılıdır?

Əgər Tramp həqiqətən də Maskın dövlət kontraktlarını ləğv etsəydi, bu milyardçının sərvətinə ciddi zərbə vurardı. "The Washington Post" yazır ki, Maskın şirkətləri son illərdə ən azı 38 milyard dollar dəyərində dövlət sifarişi, kredit və subsidiya alıb. Təkcə 2024-cü maliyyə ilində "SpaceX"-ə 3,8 milyard dollar ödənilib. Ümumilikdə isə hazırda şirkətin 22 milyard dollarlıq aktiv kontraktı var, onlardan 15 milyard dolları NASA tərəfindən maliyyələşdirilir.

BBC müxbiri Bernd Debusmann qeyd edib ki, əgər Mask həqiqətən də "Dragon" layihəsini dayandırsaydı, bu NASA-nın fəaliyyətinə böyük zərbə olardı. Onun sözlərinə görə, bu hadisələr bir daha göstərir ki, ABŞ hökuməti Maskın qurduğu infrastrukturdan nə qədər asılı vəziyyətdədir. Maskın "SpaceX" və "Starlink" şirkətləri Pentaqonla da əməkdaşlıq edir və bu layihələrin bir hissəsi tam məxfidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.