Demokratiyanın beşiyi, riyakarlığın mərkəzi

Dünən, 12:38           
Demokratiyanın beşiyi, riyakarlığın mərkəzi
12 iyun 2025-ci il. Dünyanın “demokratiya nümunəsi” kimi təqdim etdiyi ABŞ-da gözlənilməz, lakin təəccüblü olmayan bir hadisə baş verir. Kaliforniya senatoru, Demokrat Partiyasının üzvü Aleks Padiliya Daxili Təhlükəsizlik Naziri Kristi Nömrəyə (Kristy Noem) verdiyi “narahatedici” bir sual səbəbilə mətbuat zalından çıxarılır və daha sonra Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən zorla diz çökdürülüb yerə uzadılır.
Bu hadisə, əslində ABŞ-ın uzun illərdir pərdələməyə çalışdığı siyasi ikili standartların və artan avtoritar meyllərin konkret bir nümunəsidir.
Aleks Padiliya təkcə bir müxalifətçi deyil – o, konstitusiyaya əsasən xalqın təmsilçisi statusunda olan bir senator, səsvermə ilə seçilmiş bir siyasətçidir. Onun bir nazirdən hesabat tələb etməsi təkcə hüququ deyil, vəzifəsidir. Lakin bu cəhd zorakılıqla nəticələnir. Bu, hüquqi dövlət deyil, repressiv aparatın üstünlük qazandığı bir sistemin əlamətidir.
Prezident Donald Trampın yenidən siyasi səhnəyə qayıtması ilə ABŞ siyasətində tənqidə qarşı sıfır tolerantlıq dövrü başlayıb. Tramp administrasiyası müxalifəti “daxili düşmən”, medianı isə “xalqın düşməni” kimi təqdim etməklə ABŞ-ı demokratiyadan getdikcə uzaqlaşdırır.
İroniyanın zirkəsi: “Diktatorlara qarşı demokratiya ixracı”
İraq, Liviya, Suriya, Venesuela və daha neçə ölkəyə “demokratiya gətirmək” iddiası ilə müdaxilə edən ABŞ indi öz daxilində müxalif səsi boğmağa, jurnalistləri, siyasətçiləri susdurmağa çalışır. Bu, sadəcə siyasi bir ironiya deyil – qərbin riyakar və məqsədyönlü ideoloji layihəsinin iflasıdır.
Ən maraqlısı budur ki, Trampı ilk dəfə hakimiyyətə gətirən oliqarx dairələr – o cümlədən texnoloji və maliyyə nəhəngləri – artıq ondan uzaqlaşmağa başlayıblar. Elon Musk kimi fiqurlar belə, Trampın yolunun ABŞ üçün riskli olduğunu dilə gətirir. Bu, ABŞ daxilində elita parçalanmasının və potensial siyasi böhranın xəbərçisidir.
ABŞ bu yolla davam edərsə, qarşıda üç ssenari real görünür:
1. Vətəndaş qarşıdurması və ya geniş sosial narazılıq – siyasi sistemin iflası ilə nəticələnə bilər.
2. Trampın ikinci dəfə impiçmenti – lakin bu proses həm Konqresdə, həm də cəmiyyətdə böyük parçalanma yaradacaq.
3. Radikal sui-qəsd və ya “Kennedi ssenarisi” – ABŞ tarixində presedentləri olan, lakin heç kimin arzulamadığı bir yol.
ABŞ-ın bu ikili standartlı davranışları və demokratik dəyərləri alçaltması bəzilərini haqlı olaraq düşündürür: Görəsən, “diktator” adlandırılan Şərq liderləri həqiqətənmi daha şəffaf və dürüstdürlər? Onlar bəlkə də müxalifətə sərt yanaşırlar, bəzən hətta ölüm hökmü tətbiq edirlər – amma bunu “demokratiya adı altında” etmirlər. ABŞ isə hüquq və azadlıq şüarları altında getdikcə avtoritarlaşır.
Demokratiya sadəcə seçki deyil. Hesabatlılıq, azad söz, vətəndaş hüquqları olmadan o, sadəcə formal bir vitrinə çevrilir. Və ABŞ bu vitrinin arxasında artıq çox şey gizlədə bilmir.
Sarvan Səmədoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.