1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 4 ildir qərarını icra etdirmir

30-12-2019, 08:25           
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 4 ildir qərarını icra etdirmir
Sədr Rəşid Rzayev və hakim Aygün Abdullayeva borclu ƏƏSMN-in vəkili rolunda
Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun-Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya , məhkəməyə də məcburidir . Amma və nə yazıq , məhkəmələr özləri yalnız Konstitusiyaya tabe olmalı olduqları halda , qəbul etdikləri qərarları icraya belə yönəltməyi “unudurlar” . Özü də bu “unutqanlıq” borclu dövlət qurumu olanda lap Alzheymer - yaddaş itirmə xəstəliyi həddinə çatır. Təsəvvür edin , ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX ) qarşı 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunmağı haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ( BİİM) qaldırdığı iddia 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarla təmin olunub . Lakin 4-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarı , ümumiyyətlə , icraya yönəldilməyib . Halbuki İnzibati Prosessual Məcəllənin (İPM) 79-cu maddəsinə görə , məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur və məhkəmə qərarının borclu tərəfindən könüllü olaraq icra olunmadığı hallarda İPM-in 116-121-ci maddələri və “ İcra haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir . İPM-in 116.2 maddəsində icranın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi təsbit olunsa da , tələbkar Qarabağ əlilinin borclu ƏƏSMN yanında DSTX-ya (hazırda DSTX ləğv olunub və funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilib ) qarşı 4 ildir qanuni qüvvəyə minmiş iddiası üzrə 1 saylı BİİM qəbul etdiyi qərarının icrasını təmin etməkdən imtina edir . Bu özbaşınalığa Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası “ hüquqi qiymət” verərək , hakim Şərafət Məmmədovanı yuxarı instansiyaya - Bakı Apellyasiya Məhkəməsinə transfer edib! (?) Fikir verin , bu xanım hakim məhkəmə qərarını icraya yönəltmədən borclu ƏƏSMN yanında DSMF-in borca aidliyi olmayan hüquqi şəxslərlə iş idarəsindən (??) məktub alıb ki , guya hüquqi şəxslərlə iş idarəsi borcunu yerinə yetirərək Qarabağ əlilini mənzillə təmin edib ! (?) Özbaşınalığa baxın , görün , məhkəmə hakimi qərarını köhnə tarixə necə “ icra etdirib” ! Nə isə , Qarabağ əlili bu ilin fevralında yenidən 1 saylı BİİM -ə ərizə ilə müraciət edərək , İPM-in 118 və 120 maddələri əsasında məhkəmə qərarının məcburi icra olunmasının təmin edilməsi , icra haqqında qərardadın icrasına nəzarət olunmasını və borclu haqqında 50 min manatadək miqdarda cərimə tətbiqinə ərizə verib . Artıq 11 aydır tələbkar Qarabağ əlili hər ay ərizəsinə baxılmasını tələb etsə də , heç ərizənin hansı hakimə verilməsini də öyrənə bilməyib ! (?) Heç demə , 11 aydır tələbkarın ərizəsi Bakı Apellyasiya Məhkəməsindən 1 saylı BİİM -ə transfer olunan Aygün Abdullayevanın icraatında “ baxtının açılacağını “ - baxılacağı günü gözləyir ! Di gəl , hakimlər yerlərini dəyişsə də , özbaşınalıq dəyişməyib və hələ də tələbkar Qarabağ əlilinin və ərizəsinin baxtına gün doğmayıb . Məhkəmə sədri Rəşid Rzayev adi bir ərizəyə baxılmasını təmin edə bilmirsə , daha doğrusu , etmək istəmirsə , hansı məhkəmə təminatı hüququndan danışmaq olar ? Məhkəmə sədri və hakim Aygün Abdullayeva borclunu məhkəmə qərarının icrasına məcbur etmək əvəzinə , borclu ƏƏSMN -ə vəkillik etməsi ölkədə məhkəmə hakimiyyətinin faktiki formallığını ortaya qoyur .
Qərarının məcburi icrasını təmin etməkdən imtina edən məhkəmənin könüllü vəkillik xidmətini borclu ƏƏSMN , görəsən , natura şəklində ödəyir , yoxsa nağd pulla ?
Çox güman , Hesablama Palatası , Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası , Ombudsman , Baş Prokurorluq və yanındakı korrupsiya idarəsi və digər bağlantılı qurumlar nəyi bacarmasalar da , bu sualın cavabını tapmağı bacararlar . Təbii ki , özlərini əlavə vəkil kimi aparmasalar. ..
Məğrur Bədəlsoy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru