20 saylı Dairə Seçki Komissiyası Konstitusiyanı pozub - MSK təsdiqlədi

1-01-2020, 09:14           
20 saylı Dairə Seçki Komissiyası Konstitusiyanı pozub - MSK təsdiqlədi
Azərbaycanda 2020-ci ilin fevral ayının 9-na təyin edilən növbədənkənar parlament seçkiləri imzatoplama mərhələsində olsa da, artıq bəzi dairələrdə maraqlı proseslər baş verməkdədir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə seçki ilə bağlı ilginc hadisələrdən biri həmişə rəqabətli dairələrdən sayılan 20 saylı Nərimanov ikinci seçki dairəsində baş verib.

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülərək təsdiq edilmiş Mahmudova Nərgiz İlqar qızının həmin seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qurbanlı Zaur Araz oğlunun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli 30/111 saylı qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib.

Mahmudova Nərgiz MSK-ya etdiyi müraciətində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürmüş Zaur Qurbanlının 2014-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3-cü (ağır cinayət hesab edilən) və 220.1-ci (ağır cinayət hesab edilən) maddələri ilə məhkum olunduğunu qeyd edərək onun namizədliyinin təsdiqlənməsini qanunsuz hesab etmişdir.

Mərkəzi Seçki Komissiyası Mahmudova Nərgizin müraciətinin araşdırılması üşün komissiya yaradıb.

20 saylı DSK Konstitusiyasının maddəsini pozub



Araşdırma prosesində dairə seçki komissiyasından Z.A.Qurbanlının 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyinin irəli sürülməsinə dair sənədləri, sənədlərin qəbul olunmasına dair arayış, dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli 30/111 saylı qərarı tələb edilərək araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Z.A.Qurbanlı 13 dekabr 2019-cu il tarixdə Milli Məclisə seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi haqqında bildiriş və öhdəlik ərizəsi ilə dairə seçki komissiyasına müraciət edib. Öhdəlik ərizəsində 06.05.2014-cü il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (ağır cinayət hesab edilən) və 220.1-ci (ağır cinayət hesab edilən) maddələri ilə məhkum olunduğunu, 30.12.2014-cü il tarixdə əfv olunduğunu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə həbsinin qanunsuz sayıldığını və Azərbaycan hökumətinin bu qərarı icra etdiyini göstərmişdir.

Dairə seçki komissiyası sənədləri qəbul etdikdən sonra 14.12.2019-cu il tarixdə namizədliyini irəli sürən digər şəxslərlə birlikdə Z.A.Qurbanlı haqqında da məhkumluğun olub-olmamasına dair Nərimanov rayon Polis İdarəsinə sorğu göndərilib. Lakin namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılması üçün qanunla nəzərdə tutulan 5 gün müddətində – 18.12.2019-cu il tarixədək həmin sorğuya cavab verilməyib.

Dairə seçki komissiyası sədri, katibləri, üzvləri və işçi qrupun rəhbərinin izahatlarından və sənədlərin qəbul olunmasına dair arayışdan məlum olur ki, sorğuya cavab almadıqlarına və Z.A.Qurbanlının 2014-cü ilin may ayında məhkum olunmasına baxmayaraq, elə həmin ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv olunmasını və təqdim etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onun barəsində müvafiq qərarını nəzərə alaraq, namizədliyin irəli sürülməsinin təsdiq olunmasına dair qərar çıxarılmış, ona namizədliyin müdafiəsi üçün imza vərəqi verilmişdir. Bununla da 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsinin və Seçki Məcəlləsinin 13.3.2-ci və 53.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, dairə seçki komissiyası qanunvericiliyin göstərilən tələblərinə uyğun olaraq namizədliyini irəli sürmüş vətəndaşın ağır cinayətə görə məhkumluğunun olmamasına (ödənilməsinə və ya götürülməsinə) dair rəsmi sənəd təqdim edildikdən sonra namizədliyin irəli sürülməsinin təsdiq olunması barədə qərar verməli idi.

Qanun nə deyir?



MSK-nın yaratdığı komissiyanın protokolunda bildirilir ki, Z.A.Qurbanlı azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən 29.12.2014-cü il tarixdə azad edilsə də, qanunvericiliklə müəyyən edilmiş müddət keçmədiyindən məhkumluğu ödənilməmiş sayılır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs cəzanı çəkib qurtardığı gündən altı il keçdikdən sonra onun məhkumluğu ödənilmiş hesab olunur.

Cinayət Məcəlləsinin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə görə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsində qeyd edilir ki, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Seçki Məcəlləsinin 13.3.2-ci maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusi ilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclisin deputatı seçilmək hüququ – passiv seçki hüququ yoxdur. Seçki Məcəlləsinin 53.7-ci maddəsinə görə namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün nəzərdə tutulan əsaslardan biri də namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər.

Son olaraq komissiya Z.A.Qurbanlının ödənilməmiş məhkumluğu olduğuna görə dairə seçki komissiyasının onun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə 18.12.2019-cu il tarixli 30/111 saylı Qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən əsassız hesab edilərək ləğv edilməli olduğu qərarına gəlib.

Nərgiz Mahmudovanın əmisi 20 saylı DSK-da məntəqə üzvüdür

Qlobal.az-ın əldə etdiyi məlumata görə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli 30/111 saylı qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edən Nərgiz Mahmudovanın əmisi Eladi Mahmudov 20 saylı Nərimanov ikinci seçki dairəsinin 22 saylı məntəqə komisiyasının üzvüdür.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Qurbanlı Zaur Araz oğlunun Milli Məclis seçkilərinə namizədliyini ləğv edib.

Qlobal.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.