Balakəndə bələdiyyə torpaqları biznesi İDDİA
6-01-2016, 20:07
Balakən rayonunun Tülü kənd bələdiyyəsində intriqalar davam edir Tülü bələdiyyəsinin sədri Nadir Qarayevi hətta uzaqdan-uzağa tanıyanlar da onun bir neçə peşəkar xüsusiyyətini önə çəkərək fəaliyyətini dəyərləndirməyi bacarır. Bələdiyyə sədrinin icarəyə verdiyi torpaq sahələrini icarəçilərdən qanunsuz geri alaraq istədiyi şəxslərə verməsi barədə şikayətlərdən sonra gözləmək olardı ki, Nadir Qarayev bələdiyyənin əhatə etdiyi ərazidə imkansızları da sevindirməyə vaxt tapacaq.Lakin bu gözləntilər özünü doğrultmadı.
Bələdiyyə sədri özbaşınalıq edərək bir vətəndaşla bağlanmış icarə müqaviləsini ləğv etmədən, onun istifadəsində olan torpaq sahəsini başqasına satıb. Onun el arasında Tülü bələdiyyəsini respublika üzrə ön sırada gedən bələdiyyələrdən biri kimi xarakterizə etməsi və bu uğurun məhz bələdiyyə rəhbərliyinin zəhməti sayəsində qazanıldığını söyləməsi camaat arasında istehza ilə qarşılanır. Lakin sədr bu sözləri hansı mənada işlədir, bax bu bizə qaranlıq qalır. Görəsən, sədr Tülü bələdiyyəsini daha çox qanunsuz torpaq sərəncamları çıxaran bələdiyyə kimi xarakterizə edənlərə cavab tapa bilirmi? Zarafat deyil, çoxəsrlik tarixi olan o boyda kənddə elə ailə var ki, fərdi yaşayış evi tikmək üçün həyətyanı sahəyə həsrət qalıb. Amma son bir neçə ildə bələdiyyədə kağız üzərində quru sərəncamlar çıxarıb necə gəldi, şıdırğı alverə qurşanıblar. Bundan əlaqədar orqanların xəbəri varmı,ya yox, bilmirik.
Amma fakt odur ki, torpaq sahələri ilbəil "əriyib" gedir. Artıq perspektiv sahələri də qaragünlük ediblər. Bütün bunların sorğu-sualını verən tapılacaq, mütləq tapılacaq. Bələdiyyəni bə kim belə kökə salıb? Bəlkə Napoleon Bonapart edib bunları? Ya da ki, Mirzə Məmməd kişi tutub camaatın torpağını əlindən alıb qoyub hərraca? Yoox, bunların hamısı bax bizim bu Nadir Qarayev qardaşın əməllərindən irəli gəlir. Bundan yana, elə bilməyin ki, bələdiyyə torpaqları sənədsiz-filansız hərraca qoyulub, yoox, əttövbə! Sədr deyəsən işini bilən adamdı. Satdığı torpağın "kağızını" da verib. Amma bathabatda bir məsələ əməlisaleh saydığınız adamın əməlini üzə çıxarıb. Son zamanlar bələdiyyə sədri torpağın haqqını lap çoxdan ödəyənlərə artıq sənəd verə bilməyəcəyini bildirib. Deyirəm, bəlkə bələdiyyə üzvləri arasında sədrin qanunsuz əməllərinə görə intriqalar gedir? İndi deyilənə görə Nadir müəllim qalıb iki yol ayrıcında, bilmir neyləsin. "Atılmış" müştərilərinsə gözü yoldadı. Onların hərəsi bircə misra ağı desə, xəbər bilirsiniz hara gedib çıxar?