“MTN işi”nin Naxçıvan uzantısı haqda - yeni məlumatlar
11-01-2016, 12:26
Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması onun komandasına bu və ya digər şəkildə aidiyyəti olan bütün vəzifə sahiblərini istintaqçılarla üz-üzə qoyub.
“MTN işi” getdikcə genişlənir, cinayət işlərində ən müxtəlif nazirliklərdə çalışaraq Eldar Mahmudovun bandası ilə əlaqəli vəzifə sahiblərinin adları peyda olur. “Yeni Müsavat”ın ötən saylarından birində Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin “vurulması”nda Eldar Mahmudov çetesi ilə əlaqələrin rol aldığını yazmışdıq. Azpolitika.info saytı yazdıqlarımızı təsdiqləyən məlumatlar yayıb.
Sayt yazır ki, K.Mustafayevlə yanaşı muxtar respublikanın sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov da ev dustaqlığındadır. Kərəm Mustafayev isə hələlik vəzifəsinin başındadır, lakin son 10 gündə bir neçə əhəmiyyətli tədbirdə görünməyib. Hər halda MR Ali Məclisinin sədri Vasif Talıbovun son günlərdə hərbi hissələrdə keçirdiyi bir görüş və bir açılışda Əlahiddə Ordunun komandanı iştirak etməyib.
Bir neçə gün əvvəl isə Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidmətinin rəisi Elşad Rzayev həbs olunub. E.Rzayev komandana yaxın zabitlərdən biri olub. K.Mustafayevin illərdir Naxçıvan ordusunun tikinti-quraşdırma işlərinə nəzarət edən qardaşı Nemət Mustafayevlə bağlı müəmma isə hələ də aktuallığını qoruyur. Onun həbsi barədə məlumatlar rəsmən nə təkzib, nə də təsdiq olunur.
Naxçıvanda bu iki nüfuzlu, təsirli generalın ətrafında baş verənlərlə bağlı sızan məlumatlar, həmçinin aparılan müşahidə və təhlillər bu qənaətə gəlməyə əsas verir ki, istər Vəli Ələsgərovun “vurulması”, istərsə də Kərəm Mustafayevlə bağlı proseslərin “MTN işi” ilə bağlılığı var. Yəni ən ağlabatan versiya budur ki, bu generallar keçmiş MTN başçısı Eldar Mahmudovla hansısa gizli əlaqələrinə görə MR rəhbərinin qəzəbinə gəliblər.
Sayt yazır ki, Eldar Mahmudov başda Vasif Talıbov olmaqla, Naxçıvanın bütün iri məmurlarını dinləyib və onlarla bağlı kompromatlar toplayıb. Təbii ki, bu işdə MR MTN-i də ciddi rol oynayıb. Məlumata görə, Vəli Ələsgərov mütəmadi olaraq Eldar Mahmudova Ali Məclisin sədri, onun yaxınları, oğulları və digər yerli rəhbərlərlə bağlı dosyelər ötürüb. Eldar Mahmudov işdən çıxarıldıqdan və MTN-də həbslər başladıqdan sonra isə Vəli Ələsgərov ciddi-cəhdlə Naxçıvandan uzaqlaşmağa, Bakıda MTN-də vəzifə almağa çalışıb. İstisna deyil ki, hətta Vasif Talıbov özü də belə bir xahişlə “yuxarılara” üz tutub. Lakin yeni MTN rəhbəri Mədət Quliyev bu planları pozub. O, Vəli Ələsgərovun mütəmadi olaraq Eldar Mahmudova Vasif Talıbov və digərləri ilə bağlı kompromatlar ötürdüyünü açıqlayıb. Bundan sonra qəbul edilən qərarlar isə göz önündədir. Məlumatlı mənbə deyir ki, Vəli Ələsgərov Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədovu məhv etmək üçün də əlindən gələni edib. Belə ki, o, Ə.Əhmədovu Vasif Talıbovun qəzəbinə gətirməyə çalışıb, Eldar Mahmudova onunla bağlı kompromat materiallar ötürüb. Məsələn, bir dəfə MR rəhbərinə məlumat veribmiş ki, guya daxili işlər naziri öz iş otağında quraşdırdığı monitorlar vasitəsilə kimlərisə izləyir.
Mərkəzləşdirilmiş müşahidə sisteminin açılışı zamanı isə kameraların yol hərəkəti qaydaları ilə bağlı quraşdırıldığı bəlli olanda, Talıbov hamının qarşısında üzünü V.Ələsgərova tutaraq “deyirdin bəs, nazir monitoru o məqsəd üçün quraşdırıb...”, deyə ona iradını bildirib.
Naxçıvandan gələn digər br maraqlı məlumat isə Naxçıvan şəhərində, “Naxçıvan çay”ın qırağında bir neçə il əvvəl tikilmiş Eldar Mahmudova məxsus villanın sökülməsi ilə bağlıdır. Məlumata görə, möhtəşəm villadan hazırda əsər-əlamət belə qalmayıb - villanı tikənlərlə Eldar Mahmudovun gizli əlaqələri üzə çıxandan sonra Vasif Talıbov bu möhtəşəm tikilini bünövrəsinə qədər sökdürüb! Naxçıvanda hamı bu villa-sarayın Vəli Ələsgərov tərəfindən tikilərək Eldar Mahmudova hədiyyə edildiyini bilirdi. Lakin indi məlum olur ki, adı Vəli Ələsgərovun olsa da, əslində Eldar Mahmudova hədiyyə olunmuş villanın bütün tikinti-təmir xərcləri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin “üzərinə yüklənib”.
Bu fakt həmin vaxt MR rəhbərinə məlum olub, yoxsa üstü indi açılıb, deyə bilmərik. Lakin N.Mustafayevin saxlanılması barədə təkzib olunmayan məlumatlar onun özbaşına, hansısa gizli sövdələşmələr hesabına işlər gördüyünü və bu işlərin MTN başçısı Vəli Ələsgərov tərəfindən ört-basdır edildiyini ehtimal etməyə əsas verir. Bu baxımdan, istisna deyil ki, Eldar Mahmudov üçün tikilən sarayın xərclərinin Nemət Mustafayev tərəfindən ödənməsi də özfəaliyyət olub və bu fakt da MR rəhbərinə məlum olmayıb.
Görünən budur ki, Kərəm Mustafayevlə Vəli Ələsgərov Eldar Mahmudovla gizli əlaqələrin cəzasını çəkirlər.
***
“MTN işi” ilə bağlı digər bir məlumatda isə bildirilir ki, Eldar Mahmudov və çetesi sıradan çıxarılmamışdan 2 həftə əvvəl nəzarətə götürülüb. Həmin müddətdə Eldar Mahmudov başda olmaqla onun dəstəsinin üzvlərinin telefon danışıqları dinlənilib, hərəkət trayektoriyaları nəzarətə alınıb, dəstənin üzvlərinin, demək olar ki, hər biri gizli müşahidə altında olub.
Bildirilir ki, bütün bunlara Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev nəzarət edib. 2 həftəlik dinləmə-izləmədən sonra dəstənin zərərsizləşidirilməsi ilə bağlı göstəriş verilib.
***
“MTN işi”nə görə həbsdə olan qurumun polkovniklərindən biri saxlanıldığı kamerada dustaq yoldaşına xəsarət yetirib. Bu haqda “Azadlıq” qəzeti məlumat yayıb. Bildirilir ki, onun kamera yoldaşı keçmiş polis əməkdaşı olub. Onlar arasında mübahisə yaranıb. Mübahisənin səbəbləri bizə bəlli deyil. Mübahisə nəticəsində MTN polkovniki kamera yoldaşının üzünə qaynar su töküb. Həmin şəxs ağır yanıq xəsarəti ilə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. MTN polkovniki barədə isə cinayət işi başlanıb.