"Azərenerji"dən oğurlanan sənəd yayıldı; Etibar Pirverdiyev və qardaşı ağır ittihamla üz-üzə qaldı
11-01-2016, 19:30
"Anonymous” haker qrupu "Azəerenerji” ASC-nin saytını dağıdaraq sənədləri ələ keçirəndən sonra quruma məxsus 80 vacib sənəd internet məkanına düşdü. Onların arasında ən maraqlısı "Azərenerji”nin bir əməkdaşının dövlət hesabına ezamiyyət xərcləri ilə bağlı olan sənədlərdir. Sənədlərdə həmin məmurın adı çəkilmir...
Virtualaz.org saytının əldə etdiyi və yaydığı sənədlərdə göstərilən xərclər cədvəlindən də görünür ki, "Azərenerji”dən olan məmurlar dövlət vəsaiti hesabına krallar kimi yaşamağı çox sevirlər. Belə ki, ASC-nin bir məmurunun Dubaya ezamiyyəti və orada çıxardığı pəstahalar, çəkdiyi kef "Azərenerji”yə, deməli, həm də Azərbaycan dövlətinin büdcəsinə babat pula başa gəlib. Buyurun, Etibar Pirverdiyevin "böyük uğur və dövlətçilik şüuru” ilə başçılıq və idarə etdiyi ASC-nin əməkdaşının (o isə hər halda qurumun sürücüsü və ya sıravi montyor deyil-red.) ezamiyyətdə nə qədər pulu hara və necə xərcləməsi ilə siz də tanış olun:
- Dubaydakı lüks "Jumeirah Dubay” otelində nömrənin (otağın) bir sutkalıq xərci Azərbaycanın dövlət büdcəsinə 327 dollara başa gəlib;
- Həmin "etibar”lı məmurun elitar "Salmontini Dubai - Restaurant” restoranında Qarabağ dərdi çəkə-çəkə yediyi şam yeməyi Azərbaycan dövlətini 1127 dollar ziyana salıb;
- Həmin azərbaycanlı məmur yaxşıca yeyib-içəndən sonra saunaya getmək eşqinə düşüb və "Azərbaycan xalqının işıqlı gələcəyi yolundakı ağır və gərgin zəhmət”dən sonra "Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında 487 dollara dincəlib;
- Azərbaycanlı məmur saunada rahatlanandan sonra güzgünün qarşısına keçib, özünə baxıb, özünü bərk bəyənib. Deyib amma özümə gərək yaxşı geyim-kecim də alım, dövlətimiz və onun büdcəsi sağ olsun. Və gedib bazarlığa. "Louis VUITTON”, "İF boutique”, "Harvey NİCHOLS”, "FALCON Gallery”, "HOME CENTRE” və digər dəbdəbəli butiklərdə alış-veriş edərək buna da 20000 dollaradək dövlət pulumuzu xərcləyib;
- Bizim məmuru və yüklərini Azərbaycan xalqının cibi hesabına gəzdirəcək biznes-klass sinfindən olan avtomobilin icarəsi isə ana vətənimizə nisbətən ucuz başa gəlib - "cəmisi” 780 dollara...
Bir sözlə, təkcə elə bir məmurun ezamiyyəti azərbaycanlı vergiödəyicilərini əməlli-başlı tərlədib.
"Azərenerji” ASC mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev saytımızın əməkdaşına bildirib ki, sənədlərin kənara necə çıxması məsələsi qurumun rəhbəri Etibar Pirverdiyevin göstərişi ilə araşdırılmağa başlanıb və təhqiqatın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Amma Ə.Baxşəliyev "Azərenerji” məmurunun Dubay ezamiyyəti və xərcləri barədəki suala cavab verməyib. Deyib ki, o, bu sənədlərdə söhbətin konkret kimdən, hansı məmurdan getməsi barədə heç nə bilmir.
Virtualaz.org-un özəl mənbələrdən əldə etdiyi informasiyaya görə isə həmin dövlət məmuru "Azərenerji” ASC-nin törəmə müəssisəsi olan və Etibar Pirverdiyevin kiçik qardaşı Vüqar Pirverdiyevin rəhbərlik etdiyi şirkətin əməkdaşıdır. Vüqar Pirverdiyev "Şahdağ” futbol klubunun sahibi kimi də tanınır.
Yeni məlumatlar əldə etdikcə onları paylaşacağıq.