"Parabank"ın baş ofisində fiziki şəxslərə kreditlərin "şapka" alınmadan verilməsi mümkün deyil

1-05-2015, 15:57           
"Parabank"ın baş ofisində fiziki şəxslərə kreditlərin "şapka" alınmadan verilməsi mümkün deyil
1991-ci ilin dekabr ayından fəaliyyətə başlayan "Parabank" ASC-nin ölkənin bir çox bölgələrində yerli şöbələri var. Belə ki, Rasim İbrahim oğlu Poladovun Müşahidə Şurasının, Vəli Eldar oğlu Quliyevin isə İdarə Heyətinin sədri olduğu "Parabank"ın bu gün paytaxtda 9, Gəncədə 2, Sumqayıt, Bərdə, Ağcəbədi, Beyləqan, Quba, Masallı və Şəmkirdə müvafiq olaraq 1 filialı fəalliyyət göstərir.

ASC-nin baş ofisinin S.Vurğun küçəsi 60 ünvanında yerləşdiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, indiyədək "Parabank"ın adı bir neçə dəfə mənimsəmə, yeyinti məsələlərində hallanıb: "Məsələn, 2013-cü ilin noyabr ayında bankın Nizami filialında yol verilmiş qanun pozuntuları barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Bu zaman filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Təxminən buna bənzər digər hadisə bu ilin aprel ayında ASC-nin Masallı şöbəsində qeydə alınıb. Belə ki, şöbənin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu zaman bankın Masallı şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənovun, sabiq xəzinədar Əmrağa Həsənovun, qiymətləndirici zərgər Rəhman Ağayevin və digərlərinin qabaqcadan əlbir olması müəyyən olunub. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaları qablaşdırıblar. Bundan başqa, girov qismində qəbul edilən qiymətli metalların qiymətinin süni surətdə şişirdilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bu yollarla cəmiyyətə 127 min manat məbləğində ziyan vurulub".

Bu cür halların bankın baş ofisində də yaşandığını iddia edən məlumatlı şəxs bildirir ki, nədənsə sözügedən məsələlərdə Nicat Baxşəliyevin adı daha çox hallandırılır: "Belə ki, o, baş ofisin rəhbəri ilə sıcaq münasibətdə olmasından istifadə edərək bir sıra müəmmalı bank əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır. Deyilənlərə görə, "Parabank"ın baş ofisində fiziki şəxslərə kreditlərin "şapka" alınmadan verilməsi mümkün deyil. Nicat Baxşəliyev bu işi elə tərtib edir ki, kredit götürən şəxsin ruhu belə incimir. Yəni həmin şəxs əlavə xərcə düşməsindən xəbərsiz olur. Əldə olunan gəlir isə "əməliyyat"da iştirak etmiş bankın əməkdaşları arasında bölüşdürülür". Mənbə qeyd edir ki, "Parabank"ın baş ofisinin fəaliyyətində yer alan digər neqativ hal isə həyata keçirilən qeyri-leqal pul köçürmələrində özünü büruzə verir: "Bu tip "əməliyyat"lar müəyyən şəxslərin vasitəçiliyi ilə həyata keçirilir və əldə olunan vəsaitin bir hissəsi şəxsi büdcəyə mədaxil olunur. Əgər aidiyyəti qurumlar "Parabank"ın baş ofisində obyektiv araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gətirilə bilər".

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ "Günəlik Bakı" \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.