Kəmaləddin Heydərovun mahnılarını yazan şəxsin adı açıqlandı – ŞOK İDDİA (VİDEO)
12-02-2016, 00:43
Azərbaycanın “qara siyahısı”nda ən varlı adamlarından biri hesab edilən Dövlət Gömrük Komitəsinin keçmiş sədri, hazırda isə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun mahnılarının əsil müəllifi ortaya çıxıb. Bu haqda informasiyanı AzToday.az-a adının açıqlanmasını istəməyən mənbə bildirib.
Mənbə həmin şəxsin Namiq Mirzəyev olduğunu iddia edir. Düzdür, bu faktın hələlik doğru olub-olmadığını yoxlamaq imkanımız olmadığından belə ehtimal edirik ki, Azərbaycan ictimaiyyəti üçün sensasiya doğuracaq bu informasiya həqiqətdir, çünki heç bir musiqi təhsili olmayan, yalnız gitarada ifa etməyi bacaran, bir vaxtlar toylara gedən, boş vaxtlarında isə küçə alveri ilə məşğul olan “Kamal”ın birdən-birə bəstəkar kimi ortaya çıxıb püxtələşməsi bəzi suallar doğurur.
Ancaq dünya praktikasında təhsili olmayan şəxslərin bəlli sahələrdə böyük uğura imza atmaları hadisəsi ilk deyil. Təəssüflər olsun ki, Kəmaləddin Heydərov belə şəxslərdən sayılmır, çünki belə olsaydı, o, dəfələrlə pianino qarşısına keçərək özünü geniş publika qarşısında reklam etdirərdi.
Azərbaycan məmurlarının çoxunun belə yalançı imici yaxşı bacardığını hər kəs bilir. Hər kəs bilir ki, ötən ilin əvvəllərində oğlunun toyunda adi bir xalq mahnısını oxuya bilməyən “Kamal” necə mahnı yaza bilər?
Ancaq deyirlər ki, mahnı “yazmaqla” yanaşı o, işində peşəkardır. Gömrük Komitəsi, Vergilər Nazirliyi kimi strukturları formalaşdırdıqdan sonra sıfırdan Fövqəladə Hallar Nazirliyi kimi bir dövlət qurumunu yaratdı, quruma paytaxtın və respublikanın müxtəlif bölgələrində ofislər inşa etdi, müasir tələblərə uyğun olan helikopterlər, təyyarələr, yanğınsöndürən maşınları aldı.
Çətin anlarda isə “bəstəkar” nazir o helikopterlərdən, təyyarələrdən və yanğınsöndürən maşınlarından istifadə etməklə Bakıda hündürmərtəbəli binalarda və Xəzər dənizindəki “Günəşli” yatağında qeydə alınan yanğınları vaxtında söndürə bilmədi. Nəticədə isə xeyli sayda ölkə vətəndaşı həyatını itirdi.
Belə yalançı imici formalaşdırmaq qabiliyyəti görəsən onda nə vaxtdan yaranıb? O, hazırda ölkədə təkcə FHN-nin naziri kimi ad çıxarmayıb.
“Bəstələdiyi” mahnılara görə o, həm də “mədəniyyət naziridir”, kurasiya etdiyi media qurumlarına görə isə Nazirlər Kabinetinin balansında olmayan “informasiya naziridir”.
Bəli, onun titulları bununla bitmir. O, gömrük və vergi orqanlarında rüşvətin əsasını qoyanlardan biridir. Bunu sübut etmək üçün isə bu il fevral ayının 8-də, yəni 3 gün öncə Youtube görüntülü şəbəkəsində Ramin Ismayilov adlı bir nəfər tərəfindən yayımlanan “Kəmaləddin Heydərovun çətin anları…” videosuna baxmağınız kifayətdir.
Əslində bu video AzTV-nin operatorları tərəfindən mərhum prezident Heydər Əliyevin prezidentliyi dövründə çəkilib. Ancaq ehtimal edilir ki, o kadrlar efirdə səslənməyib.
Necə ola bilər ki, AzTV-nin arxivindən çıxarılaraq yayımlanan o kadrlar yuxarı eşalonda oturan məmurların da maraq dairəsinə düşüb. Yəqin onlar ləğv edilən MTN-nin keçmiş şefi Eldar Mahmudov kimi Kəmaləddin Heydərovun da karyerasının sona çatmasını istəyir.
Müasir Azərbaycanda rüşvətin əsasını qoyanlardan biri kimi tarixə düşən bu “məmurdan” yaxa qurtarmağın vaxtı yəqin çatıb. Belə olmasaydı, dövlətin siyasi maraqlarını qoruyan AzTV kimi bir media qurumu o videonu gizli yollarla ötürməzdi.
İndi isə gəlin o videoya diqqətlə baxaq və Kəmaləddin Heydərovun necə yazıq, məsum görkəm aldığını görək.
[media=https://www.youtube.com/watch?v=bhFhkqizWCM]
Video isə belə başlayır. Dövlət Gömrük Komitəsinin sədri prezident Heydər Əliyevin yanında keçirilən iclasda çıxış edir:
“Möhtərəm cənab prezident. Danılmaz həqiqətdir ki, sizin müdrik siyasətiniz, dövlətçilik məharətiniz və sarsılmaz qətiyyətiniz sayəsində Azərbaycan dövlətçiliyi xaos və dağılmaq təhlükəsindən qurtarmış, ona görə də yüksəlmiş və haqq işinə …”.
Heydər Əliyev isə “Əşşi, bunlar, bu siyasi sözlər bizə lazım deyil. Burda siyasi müzakirə aparmırıq. Nə qurtarıb, nə qurtarmayıb. Konkret işlərdən danışın. Bura ona görə cağırmışıq, cavab verəsiniz”.
Kəmaləddin Heydərov isə “baş üstə” deyərək sözünə davam edir, ancaq bu zaman onun dili topuq çalır, çünki həmin an kiminsə yazdığı mətnin harasından başladığını anlaya bilmir: “Deməli, … Gömrük Komitəsinin yeni strukturu təsdiq edildikdən sonra …”.
Burda maraqlı məqam ondan ibarətdir ki, mətn oxunduqdan sonra da Heydər Əliyev yenə də ondan nə istədiyini ala bilmir və onlar arasında belə dialoq başlayır:
Kəmaləddin Heydərov: “Qanunda göstərilməyib ki, bütün əl yükləri yoxlanılsın”.
Heydər Əliyev: “Bəs niyə yoxlayırsınız?”.
Kəmaləddin Heydərov: “Bütün vətəndaşları yoxlamırıq, ancaq şübhəli şəxsləri…”
Heydər Əliyev: “Necə ola bilər axı, deyir ki (söhbət AZAL-ın prezidenti Cahangir Əsgərovdan gedir) hamını yoxlayırsınız”.
Kəmaləddin Heydərov: “Xeyr, cənab prezident, bir balaca yəqin ki, səhv məlumatdır. Biz bütün vətəndaşları orda yoxlamırıq, çünki biz onların hamısını yoxlasaq, orda böyük xaos yaranar…”.
Heydər Əliyev: “Elə xaos var axı. Elə xaosa görə mən sizi bura çağırmışam. Xaos olmasaydı, sizi bura niyə çağırardım, artıq 2 saat vaxtım gedib”.
Bu vaxt bir anlıq pauza yaranır. Heydər Əliyev “sonra” deyərək Kəmaləddin Heydərova yenə də oxumasına işarə edir.
O isə bir neçə cümlədən sonra kağızları əlində qatlayır və beynindən danışmağa başlayır: “Orda olan gərginliklər nisbətən aradan götürülüb. Ancaq müəyyən anlaşılmazlıqlar olur ki, …”.
Heydər Əliyev bu yerdə yenidən əsəbiləşir: “Əşşi aradan götürülməyib, sən nə danışırsan? Mən burda 2 saatdır ki, orda olan biabırçılıqlardan danışıram, sən deyirsən, heç nə olmayıb. Nə aradan götürülüb? Siz niyə qızıl boyunbağını …”.
Bu zaman Cahangir Əsgərov ayağa qalxır, anlaşılmaz sözlərlə nəyisə başa salır və oturur.
Kəmaləddin Heydərov isə bunun izahını verir:
“Cənab prezident, deklorasiya standart bir formadır, bu, beynəlxalq aləmdə də təsdiq olunub, …”.
Heydər Əliyev isə onun sözünü kəsir: “Yəni beynəlxalq aləmdə də belədir”.
Kəmaləddin Heydərov: “Hamının qızıl əşyaları yoxlanılır, burda əlavə bir şey yoxdur”.
Heydər Əliyev: “Hamınızın qızıl əşyaları var, çox zənginsiniz”.
Kəmaləddin Heydərov: “Cənab prezident, …”.
Heydər Əliyev: “Dayan, siz başqa aeroportlarda gedəndə qızıl əşyalarınızı yoxlayırlar. Sənin qızıl saatın var, yoxsa, yox. Bəs burda niyə yoxlayırlar?”.
Kəmaləddin Heydərov: “Burda da yoxlamırlar, sadəcə deklorasiya yazırlar”.
Heydər Əliyev: “Sən deklorasiya yazırsan ki, qızıl saatın var? Fransaya, Amerikaya, Almaniyaya gedəndə”.
Kəmaləddin Heydərov: “Deklorasiyanı tələb olunan ölkələrdə yazırıq”.
Heydər Əliyev: “Burda tələb olunurmu?”.
Kəmaləddin Heydərov: “Bu, bilirsiniz, cənab prezident, keçmiş vaxtdan qalmış ənənədir”.
Heydər Əliyev: “Biz axı yeni vaxtdayıq. Yenə də deyirəm, sən qolunda, … görüm saatını. Nə, qızıldı?”.
Kəmaləddin Heydərov: “Xeyr”.
Heydər Əliyev: “Biclik eləmisən, gəlmisən bura”.
O, bu sözləri dedikdən sonra gülür: “Burdakıların saatının 90 faizi qızıldır. Hamısı da dünyanı gəzib. Harda onlara deyiblər ki, bu qızıl saatı niyə taxırsan. Bir çoxunuzun arvadları bəzəklərlə, qızıllarla gəzir. Bilirəm. Gedirlər, ora bura. Harda soruşurlar ki, brillyant kulonu, üzükləri niyə deklorasiyaya salmamısan. Keçmişdə var idi, sən indi niyə bunu edirsən. Sən keçmişdə yaşayırsan, yoxsa indidə? Sizin hər birinizin borcu keçmişin o yaramaz, beynəlxaq normalara uyğun olmayan adətlərini təmizləməkdir. Bu da sənin borcundur. Mənim borcum deyil ki. Rüşvət alırlar, həm sərhədçilər, həm gömrükçülər, həm polis. Niyə? Adi adamlardan rüşvət alırlar”.
Kəmaləddin Heydərov: “Cənab prezident, belə hallar olmuşdu, …”.
Heydər Əliyev: “Niyə? Nə vaxt bu qurtaracaq?”.
Kəmaləddin Heydərov: “Biz bu son 2 ay ərzində 30 nəfəri işdən azad etmişik”.
Heydər Əliyev: “Azad eləmisən, nəticə nədir?”.
Kəmaləddin Heydərov: “Nəticə? Nisbətən o hallar azalıb, ancaq yenə də var”.
Heydər Əliyev: “Nisbətən niyə? Niyə əvvəlcədən onu zibilliyəydiniz ki, indi də nisbətən yaxşılaşdırasınız. Otur”.
Bəli, zaman heç dəyişmir, Heydər Əliyevin işarə etdiyi kimi Kəmaləddin Heydərov yenə də vəzifəsində (Fərq etməz, bu dəfə başqa bir qurumun başında) oturur və biclik edir (İfadə Heydər Əliyevə məxsusdur).
Və təbii ki, ölkədə rüşvətə yenə də son qoyulmur. Səbəbi?
Səbəbi isə sadə bəsitdir. Kəmaləddin Heydərov kimi nazirlər, məmurlar, icra başçıları, polis rəisləri, məhkəmə və prokurorlar öz vəzifələrində qalacaqlarsa, ölkənin musiqi aləmi plagiat olacaq, qurumlar da rüşvətxorluq içində inləyəcək…
teref.az olaraq bütün bu ittihamlara cavab verməsi üçün müraciət etsəkdə onunla əlaqə qura bilmədik. Lakin yenədə qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az