Erməni deputat AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər

16-02-2016, 15:39           
Erməni deputat AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Aykakan Jamanak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, buna səbəb N. Zöhrabyanın Türkiyə nümayəndə heyətinin üzvü, milliyətcə erməni Marqar Yesayana təzyiq göstərməsidir. Qeyd edilir ki, Türkiyə nümayəndə heyəti N. Zöhrabyanın davranışı ilə əlaqədar AŞPA-ya etiraz məktubu ünvanlayıb. Məktubda N. Zöhrabyanın M. Yesayanı təhqir etdiyi vurğulanıb.

“Mənbələrimizin dediyinə görə, Pedro Aqramunt məsələni İntizam komissiyasına göndərəcək və AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Zöhrabyana qarşı sanksiyalar tətbiq edilə bilər. Hazırda onun səs hüququndan məhrum edilməsi müzakirə olunur”, - deyə məqalədə bildirir.

Artıq N. Zöhrabyan da məsələyə münasibət bildirib: “AŞPA prezidenti Pedro Aqramuntun məqsədi məni qətiyyən maraqlandırmır. Səsvermə hüququmdan məhrum ediləcəyimdən də qətiyyən narahat deyiləm. Mən Marqar Yesayana münasibətdə düzgün davranış sərgiləmişəm”.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində M. Yesayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” qətnamənin lehinə səs verib. Bundan sonra N. Zöhrabyan ona yaxınlaşıb və mövqeyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru