Qazaxda Gülayə Həsənova yaş senzini “dondurub” - ilginc faktlar
16-02-2016, 15:57
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri 69 yaşlı məktəb direktorunu himayə edir. Son vaxtlar redaksiyamıza Qazax rayonundan daxil olan məlumatlarda adı tez-tez çəkilən məmurlardan biri də RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənovadır. Təəssüflər olsun ki, açıqlamalarda bu xanım-məmurun adı heç də hansısa mütərəqqi proseslərin gedişi ilə bağlı deyil, əksinə, daha çox bu və ya digər neqativ hal və insidentlərlə bağlı xatırlanır.
İlk növbədə Gülayə Həsənovanın tutduğu vəzifədən irəli gələrək, bu xanımın Qazax rayonunun məktəbəqədər uşqa müəssisələri və orta məktəblərinin kurasiyası işində yol verdiyi ciddi qanun pozuntuları diqqət mərkəzinə çəkilir. Bildirilir ki, şöbə müdiri artıq uzun illərdir ki, bu vəzifədə çalışmaqla rayonun təhsil və məktəbəqədər təhsil sahələrini sözün əsil mənasında nəzarətinə götürməyə nail olmuşdur. Həm də bu nəzarət elə bir formada həyata keçirilir ki, Gülayə xanımın özündən başqa nə rayon təhsil şöbəsi müdirinin, nə də hər hansı digər bir məmurun proseslərə müdaxilə imkanları demək olar ki, qalmır. Amma bu barədə bir qədər sonra danışarıq.
Hələlik isə, Gülayə Həsənovanın 11-12 il bundan əvvəlki, yəni Qazax RİH-nə təyinatından öncəki fəaliyyəti və vəzifəyə gəlməsinin bəzi təfərrüatları barədə rayondakı mənbələrdən biri tərəfindən bizə təqdim olunan maraqlı açıqlamaları diqqətinizə çatdırmaq istərdik. Məlumatda deyilir: "Gülayə Həsənova 11-12 il bundan əvvəl Rusiyada ticarətlə məşğul olub. Daha dəqiq desək, bu ticarət gül alverindən ibarət idi. Görünür, bir qədər vəsait topladıqdan sonra, bu xanım artıq Azərbaycanda özünə şərait yaratmaq qərarına gəlib. Bu qərarını həyata keçirməkdə isə, ona Qazax RİH-nin keçmiş başçısı Rauf Hüseynov yardımçı olub.
Belə ki, Gülayə Həsənova məhz keçmiş başçının dövründə və onun birbaşa dəstəyilə hazırda tutduğu vəzifəyə təyinat ala bilib. Həm də çox maraqlıdır ki, bu iki şəxsin arasında mövcud olmuş xüsusi şəxsi münasibətlər səbəbindən, hətta Gülayə Həsənovanın ali təhsil haqda dipölomunun saxta olması faktı da bu təyinatı əngəlləyə bilməyib. Bundan sonra isə, başçının müavini Qazaxın humanitar sahəsinin istilasına başlayıb. Bu günün özündə də, rayondakı istənilən uşaq bağçasına olan hər bir uşaq qəbuluna görə Gülayə Həsənovaya 50 manat məbləğində pul verilir. Hətta şöbə müdirinin evinin ərzaq təminatı da həmin bağçaların hesabına həyata keçirilir. Qazax RİH-nin indiki rəhbərliyi tərəfindən Gülayə Həsənovanın fəaliyyəti artıq iki dəfə töhmətlə qeyd olunsa da, başçı Ayaz Əsgərov nədənsə bu xanım məmuru tutduğu vəzifədən hələ də kənarlaşdırmayıb”.
Bu arada, Qazaxda Rauf Hüseynovun kadrları ilə bağlı məsələnin artıq çoxdan təcili həllini gözləyən bir problemə çevrildiyini də qeyd etmək yerinə düşər. Məsələ bundadır ki, müxtəlif ranqlarda olan bu məmurlar bir-birilərinə kifayət qədər güclü dəstək verməklə, uzun müddət öz toxunulmazlıqlarını təmin edə bilblər. O cümlədən, bilavasitə Gülayə Həsənovanın da keçmiş başçının əksər kadrlarını himayə etməsi, bu "dayanaqlığı” təmin edən əsas amillərdən biri kimi çıxış etmişdir. Həm də bu himayə təkcə humanitar sahəyə deyil, həmçinin bəzi digər sahələrə də sirayət etmişdir ki, bu barədə ötən yazılarımızda dərc olunmuş materiallarda da müəyyən xatırlatmalar olmuşdur.
Amma son vaxtlar Qazaxda bu "toxunulmazlıq” statusunun ketdikcə zəiflədiləməsinə və ləğvinə yönəldilmiş tendensiya da müşahidə olunmaqdadır. Məsələn, buna misal kimi bir müddət əvvəl Qazax RTŞ-nin müdiri Əhməd Dərgahquliyevin mtutduğu vəzifədən azad olunmasını göstərmək olar. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi keçmiş RTŞ müdiri həmin vəzifəyə bilavasitə RİH-nin sabiq başçısı Rauf Hüseynovun köməkliyi ilə təyin olunmuşdusa da, son 4-5 ildə onun məhz Gülayə Həsənovanın himayəsində olduğu da hamıya məlum idi. Lakin bu kimi hallar hələlik yalnız müstəsna xarakter daşıyır.
Ümumilikdə isə, artıq yuxarıda qeyd etdiyimiz kimi, Gülayə Həsənova özünün nəzarət sistemini elə bir mexanizm əsasında qurub ki, ayrılıqda götürülmüş hər bir konkret müəssisə ilə "bağlantılarını” avtonom şəkildə təmin edə bilib. Bir qədər də açıq desək, RİH-nin şöbə müdiri ayrı-ayrı müəssisə rəhbərlərini, o cümlədən məktəb direktorlarını da birbaşa himayə etməklə, onların həyata keşirdikləri müxtəlif maxinasiyalara və deməli, bu yolla əldə olunan qeyri-qanuni gəlirlərə də şərik ola bilmişdir. Bu deyilənlərə nümunə kimi, redaksiyamıza Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru barədə təqdim olunmuş bəzi açıqlamaları nəzərdən keçirək. Məlumatda deyilir: "Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova artıq düz 32 ildir ki, bu təhsil müəssisəsinə rəhbərlik edir. 2015-ci ilin dekabr ayının 16-da 66 yaşı tamam olmuş bu direktor, nədənsə hələ də təqaüdə çıxarılmayıb.
Səbəb də budur ki, ona bu məqsədlə güclü dəstək verən insanlar var. Deyilənə görə, Bakıdan bu dəstəyi Bəsti Ələkbərova bir vaxtlar 1 saylı tam orta məktəbin məzunu olmuş, sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudovdan alır (qeyd edim ki, Bəsti Ələkbərova özü də ixtisasca idman müəlliməsidir). Rayonda isə, bu məktəb direktorunu himayə edən şəxs, birmənalı olaraq, Qazax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənovadır. Bu himayədən bəhrələnən Bəsti Ələkbərova isə, rəhbərlik etdiyi məktəbdə törətmədiyi özbaşınalıq qoymayıb. İlk növbədə Qazax şəhər 1 saylı tam orta məktəbində işə qəbul məsələlərində ciddi problemlər mövcuddur. Məsələn, hazırda məktəbin idman müəllimi direktorun öz oğludur. Halbuki, bu müəllimin işə qəbul üçün təqdim edə biləcəyi ali təhsil barədə yeganə sənəd, özəl universitetlərdən biri tərəfindən verilmiş ekoloq diplomudur. Buna görə də, idman müəllimi kimi işə qəbul olunmaq üçün, həmin şəxs sonradan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından ixtisasdəyişmə kursu keçdiyi barədə sənəd almalı olmuşdur. Həmçinin məktəbdə ədəbiyyat müəlliməsi işləyən İlhamə Məmmədova da direktorun ailə üzvü, gəlinidir.
Həm də İlhamə müəllimə eyni zamanda direktorun pulyığanı vəzifəsini də həyata keçirir. Bundan başqa isə, məktəbdə adı olub, özü olmayan müəllimlərin də sayı kifayət qədərdir. Əslində elə yuxarı sinif şagirdləri ilə bağlı vəziyyət də 1 saylı məktəbdə eyni durumdadır. Belə ki, repetitor məşğələlərinə, hazırlıq kurslarına gedən şagirdlər müəyyən məbləğ müqabilində məktəb dərslərindən tam azad olunurlar. Hətta iş o yerə çatıb ki, məktəbin sinif jurnallarında paytaxt Bakıda yaşayan və orada hazırlıq kurslarına gedən şagirdlərin adları da çoxluq təşkil edir. Bütün bu maxinasiyalar isə, ayda külli-miqdarda qeyri-qanuni gəlir deməkdir ki, bu gəlirin də böyük bir hissəsi məhz RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənovaya təqdim olunur”.
Yeri gəlmişkən, bunu da qeyd edək ki, Qazaxda Gülayə Həsənova tərəfindən yaş senzindən "hifz olunan” məktəb direktorları üçün 66 yaş heç də ən yuxarı hədd deyildir. Belə ki, aldığımız daha bir məlumatda rayonun Canalı kənd tam orta məktəbinin direktoru İlduzə Yusifovanın artıq 69 yaşı tamam olduğu bildirilir. Buna baxmayaraq, Gülayə Həsənovanın himayəsi bu direktorun da təqaüdə çıxarılmasını əngəlləmək üçün hələ ki, kifayət edir...
Materialda adı keçən bütün tərəflərin mövqeyini qəzetimizdə işıqlandıra bilərik.