Əli Abbasovla bağlı yeni bir İDDİA - Əli Abbasov hələ də...

17-02-2016, 20:12           
Əli Abbasovla bağlı yeni bir İDDİA - Əli Abbasov hələ də...
«Təzadlar»ın ötən saylarının birində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun bəzi kafedralarda baş vermiş korrupsiya hərəkətləri ilə bağlı sonradan cəza tətbiq etmək məqsədi ilə imzaladığı bir neçə əmrlərinin nəticəsizliyindən bəhs etmişdik… Ötən həftəsonu redaksiyamıza göndərilmiş bir məktub və ona əlavə edilmiş rəsmi sənədlərdəki diqqətimizi çəkən bəzi məqamlar bir daha həmin mövzuya qayıtmağımızı zəruri etdi…

Rektor Ədalət Muradov Vidadi Zeynalovun qanunsuz maaş almasını istintaqdan niyə gizlədib?

Xatırladırıq ki, hələ bir müddət əvvəl «Təzadlar»a göndərilmiş məktubda rektor Ədalət Muradovun MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalova bağlılığı haqqında bir məqam vurğulanır və yazılırdı ki, «…Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub… Ta 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib… Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olmuşdur… Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub. Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin indiki rektoru Ədalət Muradovla, prorektor, KİV-lərdə adı tez-tez hallandırılan Damət Bağırovla olduqca sıx əlaqələri olub. Bu yaxınlıq onunla təsdiqlənir ki, məsələn, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov cavan və təcrübəsiz olsa da, universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunub və hələ də bu vəzifədədir… Pərviz Zeynalov hazırda rektor Ədalət Muradovun və rektor Ədalət Muradovun xüsusi işlər üzrə prorektoru olan Əziz Əzizovun dəstəyi ilə tezliklə dissertasiya müdafiə etmə ərəfəsindədir. Ən maraqlısı budur ki, Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da İqtisad Universitetində baş müəllim kimi uzun illər maaş alıb…».
Məsələnin maraqlı tərəfi budur ki, bu qanunsuz hərəkət məhz Ədalət Muradovun dövründə təkrarlanıb, hətta sonradan Vidadi Zeynalov həbs ediləndən sonra bu məsələ istintaqdan gizlədilib…
Rektor Ədalət Muradov istintaqı aldadıb? Mənbənin yazdığından belə məlum olurdu ki, MTN işi ilə bağlı Vidadi Zeynalov həbs olunandan sonra Azərbaycan Baş Prokurorluğunun Baş İctintaq İdarəsi bu qanunsuz maaş alma məsələsinə rəsmi aydınlıq gətirilməsi üçün Dövlət İqtisad Universitetinə rəsmi sorğu da göndərib. Bəs rektor Ədalət Muradov bu rəsmi sorğuya necə cavab verib??? Bizə daxil olan məlumatlardan və real vəziyyətdən belə bəlli olur ki, Azərbaycan Dövlət İqtisad Universitetində MTN işi ilə bağlı həbs olunmuş Vidadi Zeynalovun müdafiəsi ilə bağlı rektor Ədalət Muradov səviyyəsində əməlli-başlı müdafiə sistemi qurulub… Sual yaranır: rektor Ədalət Muradov Vidadi Zeynalovun Rabitə Nazirliyində işləyə-işləyə həm də İqtisad Universitetindən məvacib alması kimi korrupsiya əməlini niyə bütün səyi ilə istintaqdan gizlətməyə çalışır? Ötən saylarımızda vurğulamışdıq ki, Dövlət İqtisad Universitetində bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi (?) həbsindən az əvvəl məhz rektor Ədalət Muradovun birbaşa rəhbərliyi ilə seminardan keçirilmişdir… Bu isə rektorun himayəsi olmadan mümkün olmayan bir məsələdir.
Ən vacibi, redaksiyamıza daxil olan daha bir maraqlı məlumat bizi şoka saldı… «…Bilməyən yoxdur ki, Ədalət Muradov rektor təyin ediləndən sonra universitetin hüquqşünası və V.Zeynalovun vaxtilə çalışdığı kafedranın işçiləri rektora rəsmi qaydada müraciət ediblər ki, Vidadi Zeynalovun Rabitə Nazirliyində rəhbər vəzifədə çalışması ilə Dövlət İqtisad Universitetindən də maaş alması qanunsuzluqdur, onu təcili surətdə işdən azad etmək lazımdır… Lakin Ədalət Muradov Vidadi Zeynalovla yaxın dostluq münasibətində olması səbəbindən bu işdən vaz keçdi… Ən dəhşətlisi budur ki, Vidadi Zeynalov həbs ediləndən sonra istintaqçıların rektor Ədalət Muradova rəsmi sorğu göndərdiyini də də hamı bilir. Amma…».

«Təzadlar» Baş Prokurorluğa sorğu göndərdi…

Məsələnin ciddiliyini və dövlətçilik bağımından vacibliyini nəzərə alaraq kiçik bir araşdırma aparmaq istədik… Ortaya həqiqətən də şok olacaq faktlar çıxmaqdadır… Söhbət Prezident sərəncamı ilə rektor təyin edilmiş Ədalət Muradovun istintaqa, yumşaq desək, yalnış məlumat verməsindən gedir. Belə ki, cənab Prezident sonuncu çıxışında da bir daha korrupsiyaya qarşı mübarizədən danışarkən bunun cəmiyyətimiz üçün bir bəla olduğunu önə çəkmişdir… Ədalət Muradovun istintaqın rəsmi sorğusuna yalnış məlumat verməsindən isə belə çıxır ki, professor Ə.Muradov Prezidentin iradəsinin ziddinə gedir… Və bütün bunları nəzərə alaraq «Təzadlar» Baş Prokurorluğun Baş İstintaq İdarəsinə bu və ya digər məsələlərlə bağlı sorğu-arayış göndərmək qərarına gəldi. İnanırıq ki, bu qaranlıq məsələyə də tezliklə aydınlıq gətiriləcək…

Prorektor Əziz Əzizov rüşvətlə işdən qovulmuş dosenti hansı yolla işə bərpa etdirib?

Qeyd etdiiymiz kimi, «Təzadlar»a rektor Ədalət Muradovun 28 noyabr 2014-cü ildə imzaladığı 155-//\3 saylı əmri də daxil olmaqla bir neçə sənədin surəti təqdim edilib. Bu sənədlər sırasında bir neçə əmr də var… Məlum olur ki, Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər fakültəsi vardır və bu fakültədə bir müddət əvvəl görünməmiş bir qalmaqal olub. «…Belə ki, 4 il kəsiri olan bir neçə tələbə müəmmalı şəkildə dövlət imtahanına buraxılmışdır. Bu məsələnin üstü açılanda rektor Ə.Muradov bərk qəzəblənmişdir və məcbur olaraq bir sərt əmr imzalamışdır… Əmrdə etiraf edilirdi ki, həqiqətən də bu fakültədə korrupsiya məsələsi vardır və sair. Lakin sehirli çubuq həmin əmrin icrasını gedər-gəlməzə yola saldı… Bundan başqa, əmrlərdən biri də Dövlət İqtisad Universitetinin MBA (magistratura) direktoru Rövşən Quliyevlə bağlı idi. Doğrudur, rektor haqlı olaraq Rövşən Quliyevi bu vəzifədən kənarlaşdırdı, çünki buradakı hoqqalar artıq əndazəni aşmışdı… Gözləmək olardı ki, rektorun bu əmrindən sonra Rövşən Quliyev olmaqla, bir çoxları cəzalandırılacaq. Amma R.Quliyevin himayəçiləri rektorla danışandan və barışandan sonra əmri don vurdu…», deyə məlumatda vurğulanır.

Ədalət Muradovun əmri ilə işdən qovulan dosent sonradan necə işə bərpa olundu?
Bu da qalmaqallı məlum həmin əmr... Məsələ belədir: Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti Aydın Bayram oğlu Məmmədovun universitetdə hamıya məlum əməli ilə bağlı rektor Ədalət Muradovun imzaladığı 28 noyabr 2014-cü il tarixli, 155-3 saylı əmrini universitetdə hamı əsil sensasiya hesab edir (əmr aşağıda tam mətnlə təqdim olunur)… Məlum olur ki, dosent Aydın Məmmədov bəzi hərəkətlərinə görə (!) BDU-dan kənarlaşdırılıb… Sonradan dostları onu Dövlət İqtisad Universitetinə (DİU) işə dəvət edirlər. Deməli, DİU-da kimlərəsə belə əməlli dosent lazım imiş… Və Aydın Məmmədov BDU-dakı əməlini burada sərbəst həyata keçirərkən Ədalət Muradovun təpkisi ilə rastlaşır. Necə deyərlər, ona bildirilir ki, ağ eləmə! Nəticədə, qanunsuz əməl sahibinin barəsində yuxarıda qeyd edilən əmr imzalanır, onun «işi» rektorun xüsusi məsələlər üzrə prorektoru Əziz Əzizovun ixtiyarına verilir. Çox maraqlıdır, deyilənə görə, rektor Ə.Muradov Aydın məmmədovun barəsində əvvəlcə daha sərt tədbir görmək, toplanmış materialı prokurorluğa göndərmək istəyir… Amma bu dəfə rektor özü sərt müqavimətlə rastlaşır, ona bir sıra ünvanlardan maraqlı zənglər gəlir və… Və sonradan problem onunla nəticələnir ki, prorektor Əziz Əzizov Aydın Məmmədovun izahatını alır, ondan şikayət etmiş tələbənin ərizəsi və s.

«Mozalan» jurnalının personajları peyda olur…

…Bu yerdə diqqətli oxucuların yadına Sovet hakimiyyəti illərində «Mozalan» tele-jurnalının səhiyyədəki rüşvətxorluğun aradan qaldırılması barədə çəkdiyi bir sujetin personajlarını salmaq istərdik (indi bizim TV-lər həmin tele-jurnalı tez-tez göstərirlər): xəstəxananın baş həkimini rüşvət üstündə işdən qovurlar, yerinə təzə baş həkim təyin olunur. Yeni baş həkim ilk iş günündə bütün personalı kabinetinə yığır və alovlu çıxışına başlayır: «Bu gündən hamı rüşvətə yox deyəcək! Əks halda, özünü həbsxanada görəcək!». İclasda qorxu və həyacan hamını bürüyür, xısınlaşma başlayır: biri deyir, acından qırılacağıq, digəri deyir- təzə baş həkim həqiqətən də rüşvətin kökünü kəsəcək, çünki əynindəki xalatda bir dənə də olsun cib yoxdur və s. İclas başa çatır, təzə baş həkim «Hamı palatalara, xəstələrin yanına!» deyib ayağa durur. Bu zaman əlindəki tibbi aparatı cibinə qoymaq istəyir, ha çalışır, cibini tapa bilmir. Birdən baxır ki, xalatı tərsinə geyinib. Və xalatı soyunub təzədən geyinəndə məlum olur ki, xalatın 6-7 cibi var…
***
Beləliklə, Dövlət İqtisad Universitetində hamı elə düşünür ki, rektor Ədalət Muradov Aydın Məmmədova sərt cəza verməyi ilə hamının islah olunmasına yol açacaq, hər kəs bundan nəticə çıxaracaq. Lakin «Mozalan»dakı hadisələrə bənzər nəticə hasil olur və sonradan hamı şoka düşür: İqtisad Universitetinin hazırkı prorektoru Damət Bağırovun sayəsində işi elə düzüb-qoşurlar ki, guya A.Məmmədov öz ərizəsi ilə işdən getdi… Amma Aydın Məmmədov gözlənilməz formada bu ilki tədris ilinin sentyabrında işə çıxır, rektorun qanunçuluğun bərpası barədə fəaliyyətinə olan ümidlər bununla da sönməyə başlayır… İndi özünüz nəticə çıxarın!
***
Nəhayət, bu da həmin qalmaqallı əmr:
«Azərbaycan Dövlət İqtisad Universiteti
№-155-3, 28.11.2015
İntizam tənbehinin verilməsi haqqında
Ümumi işlər üzrə prorektor və İqtisadiyyat və sənaye fakültəsinin dekan əvəzinin təqdimatlarında “İqtisadi nəzəriyyə - 1” kafedrasının ştatdankənar dosenti Aydın Bayram oğlu Məmmədovun müəllim adına yaraşmayan və müəllim-tələbə münasibətlərinə xələl gətirən hərəkətlərə yol verdiyi bildirilir, bununla əlaqədar tədbir görülməsi və başqa müəllimlə əvəz edilməsi xahiş olunur.
İqtisadiyyat və sənaye fakültəsinin II kurs tələbəsi İlknur İsmayılov da ərizəsində dos. A.B.Məmmədovun müəllim-tələbə münasibətlərinə yaraşmayan hərəkətlər etdiyini bildirir.
Dos. A.B.Məmmədov izahatında hadisəni etiraf etmiş və müxtəlif məişət problemləri ilə bağlı etdiyi hərəkətə haqq qazandırmağa çalışmışdır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin II bəndinin “b” bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “İqtisadi nəzəriyyə - 1” kafedrasının ştatdankənar dosenti Aydın Bayram oğlu Məmmədova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən SONUNCU XƏBƏRDARLIQLA ŞİDDƏTLİ TÖHMƏT verilsin və “İqtisadiyyat və sənaye” fakültəsinin II kurs 176 saylı qrupunda dərs aparmaqdan kənarlaşdırılsın.
2. Kafedrada Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”na riayət olunmaması “İqtisadi nəzəriyyə - 1” kafedrasının müdiri prof. Ə.P.Babayevin nəzərinə çatdırılsın və ona gələcəkdə bu kimi halların baş verməməsi üçün ciddi iş aparılması tapşırılsın.
3. Ümumi şöbənin müdiri S.İ.Əbdülzadəyə tapşırılsın ki, əmrin surətinin bütün kafedralara göndərilməsini təmin etsin.

Əsas: Ümumi işlər üzrə prorektor Ə.İ.Əzizovun “İqtisadiyyat və sənaye” fakültəsinin dekan əvəzi dos. A.A.Quliyevin təqdimatları, 176-cı qrup tələbəsi İ.İsmayılovun ərizəsi və dos. A.B.Məmmədovun izahatı.
Rektor: Prof. Ə.C.Muradov».
-Keçmiş rabitə naziri Əli Abbasov hansı əsaslarla hələ də Dövlət İqtisad Universitetinin «İnformasiya iqtisadiyyatı» kafedrasının müdiri vəzifəsini daşıyır?
-Rektor Ədalət Muradov Əli Abbasovun bacısının əri, universitetin «İnformatika və idarəetmə» kafedrasının dekanı Nuru Mikayılova hansı əlahiddə güzəştlər edir?
-MBA (biznesin idarə edilməsi) Departamentinin sabiq direktoru, Əli Abbasovun tələbə yoldaşı və sağ əli Rövşən Quliyevin barəsində toplanmış materialı niyə prokurorluq orqanlarına göndərmədi-Əli Abbasovdan hansı tapşırıq alınmışdı?
-Görəsən, universitetin məşhur 103-cü otağında vaxtilə yığılan pulları kəsirli Dövlət büdcəmizə mədaxil edilsəydi, Azərbaycanın maliyyə bazarında nə baş verərdi?
-MBA Departamentinin keçmiş direktoru Rövşən Quliyevin fəaliyyətinin yoxlanılması niyə məhz prorektor Damət Bağırova həvalə olunmuşdu və nəticə nə oldu?
-Maliyyə, Bank işi və vergi kafedraları birləşdirildi, elm və təhsildə təcrübəsiz Əvəz Ələkbərov kafedra müdiri oldu. Sual olunur: İqtisadi nəzəriyyə və s. kafedraları birləşdirilmişdi, sonradan nə üçün ayrıldı və səriştəsiz kafedra müdirləri təyin olundu? Hansı ki, iqtisadi nəzəriyyə kafedrasına təzəcə müdir qoyulan Əlican Babayev AAK-dakı ekspert komissiyasının sədri vəzifəsindən məhz rektor Ədalət Muradovun şəxsi tşəbbəüsü ilə uzaqlaşdırılmışdı. Bəs bu dəfə hansı sehirli əl rektora təsir etmişdir?
-İqtisadiyyat Nazirliyinin idarə rəisi Şirzad Abdullayev, həmçinin Elşən Hacızadə, iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasından Azər Əmiraslanov (siyahı uzundur) və başqaları dərsə gəlmədiyi halda, yüksək əmək haqqını və əmək haqqına əlavələri hansı prinsiplərə görə alırlar?
-İqtisad Univnersitetində hansı prinsiplər işləyir ki, professorlar 500-600 manat aldığı halda, dekan 2 min, dekan müavini 1200 manat əmək haqqı alır?
-Rektor Ədalət Muradov keçmiş nazir, prezident sərəncamı ilə işdən qovularaq ev dustağı edilmiş Əli Abbasovu dünya şöhrətli alim adlandırır (mənbə: DİU-nun rəsmi saytı). [/b]
(Davamı var)
Redaksiyadan: yazıda adları çəkilən şəxslərin də mövqeyini və hüquqi əsaslı arqumentlərini təqdim etməyə hazırıq…
«Təzadlar»ın Araşdırma Qrupu[/b]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.