"Respublika" qəzeti korrupsioner melioratorun yalanlarını niyə və neçəyə tirajladı? - İfşaedici TƏHLİL

7-05-2021, 14:55           
"Respublika" qəzeti korrupsioner melioratorun yalanlarını niyə və neçəyə tirajladı? - İfşaedici TƏHLİL
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Respublika" qəzeti 10 fevral 2021-ci il tarixli sayında "MELİORASİYA VƏ SU TƏSƏRRÜFATININ İNKİŞAFI VƏTƏNDAŞ RİFAHINA XİDMƏT EDİR" sərlövhəli yazı dərc edib. Həmin yazının imza yerində Göygöl Suvarma Sistemləri idarəsinin rəisi İlqar Məhərrəmov müəllif kimi göstərilib.
Yazı bəzi redaktə süzgəclərindən keçib məqalə formatında cızmaqara edilsə də, əslində şablon cümlələrlə daha çox adıkeçən məmurun rüblük və illik hesabatlarında uydurub kimlərəsə oxuduğu yalan məlumatların cəmiyyətə təqdim edilməsi, məmurun aşırı öztərifinə şərait yaradılması, hakimiyyətin ən üst eşalonunda rəğbətlə qarşılanan bir qəzetin nüfuzunun hansısa şəxsi marağa görə xərclənməsi görüntüsünü yaradır.

Rəsmi dövlət qəzetinin korrupsioner bir məmurun adından xeyli yalan məlumatları sorğu-sualsız və dəqiqləşdirilmədən tirajlaması təəssüf hissilə yanaşı bəzi çətin suallar da doğurur.
Ondan başlayaq ki, "Respublika" klassik qəzetçilik ənənəsini yaşadan, baş redaktoru ağsaqqal qələm əhli, çoxtəltifli jurnalist Teymur Əhmədov olan zəngin bir redaksiyadır. Və ölkə başçısının siyasi xəttinin ruporu rolunda çıxış edən bu qəzetin hansısa məcburiyyətlə öz səhifələrində bayağı bir məmur yazısına meydan açması çox maraqlıdır və təsadüfə oxşamır. Çünki, prezidentin işlər idarəsini təmsil edən bir güzgü "dövlət baba" ədalətini və zəruri jurnalist araşdırmasını unudaraq Göygöl SSİ rəhbərinin özü və işi barədə yalnız özünün özünə uydurduğu ucuz bir mədhiyyə-məqləni işıqlandırıbsa bu işdə nataraz dönüş var.
Məncə, ölkəmizdə xüsusi qayğı və imtiyazlardan, abunə üstünlüklərindən yararlanan və səhifələrində "dövlətçilik-qanunçuluq" hayqıran bir mediada əslində nələrin baş verdiyini ciddən düşünməliyik!
"Respublika" qəzetində hansı ziyanlı zehniyyətlərin tuğyan etdiyini, kimlərin və nə üçün qəzetdə əməkdaşa çevrildiyini, mötəbər redaksiyada hansı hərc-mərcliklərin baş verdiyini bilirəm, bu barədə də yazacağam. Hələlik isə sözügedən məmur cızmaqarasına istinadən oxucuların diqqətinə çatdırmağı vacib bilirəm ki, "Respublika"nın senzurasından yayınmağı bacaran məlum yazı Göygöl SSİ-nin özbaşınalıqlarına dolayısıyla bəraət qazandırmaq, Göygöl rayonunda ortada olan bir çox meliorativ maxinasiyaların gizlədilməsinə nail olmaq üçün oynanılan ucuz oyunun tərkib hissəsidir.
Hər gününü varlanmaqla və ayrılan büdcə pullarını dağıtmaqla keçirən, rayonun torpaqlarının suvarılmasına töhvə vermək əvəzinə insanlarda kütləvi narazılıq formalaşdıran yazı müəllifi "məqalə"sində qeyd edir ki, guya; "2016-cı ildə Dozular kəndində torpaq sürüşməsi zamanı Dozular kanalı yararsız vəziyyətə düşmüşdür. Həmin ildən etibarən kəndlərdə suvarma suyu üçün təchizatda problemlər olmuşdur. Sonradan Meliorasiya ASC-nin təşəbbüsü ilə kəndlərin su təminatının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə cəmiyyət tərəfindən Çaylı kəndinin 400 ha əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün 2 aqreqatlı Çaylı nasos stansiyası bərpa olunub. 2017-ci ildə 4 km uzunluğunda yeni boru çəkilmişdir. Müvafiq olaraq 2019-cu ildə Çaylı kəndində 1 km paylayıcı boru xətti çəkilib. Dozular kanalı əsaslı təmir olunmuş, kənd sürüşmə zonası olduğu üçün və su itkisinin qarşısını almaq məqsədilə 2019-cu ildə 1500 metr müasir polietilen boru çəkilmişdir. Bu işlərin davamı olaraq 2020-ci ildə daha 2000 metr boru çəkilmişdir. Layihə tam başa çatmadığı üçün 2021-ci ildə əlavə olaraq 400 metr həmin borunun davamı olaraq çəkilişinə başlanmışdır".

Qalmaqallı və yalançı "jurnalist-meliorator" bu yazılı açıqlamasını özünü və qurumunu guya su istehsalatçılarına qayğıkeş kimi təqdim edərək rayon rəhbərliyinə də sayğısını ifadə etməklə yekunlaşdırır. Və yazdığı korrupsiya bataqlığındakı yalanlarının təsirində utanmadan ölkə rəhbərinə və mərhum Heydər Əliyev adına xoş sözlər deyərək "Respublika" manşetində özünə qarşı "dövlətçi məmur", "vicdanlı-fədakar meliorator" imici yaradılmasına cəhd edir.

Bizə yaxşı məlum olan səbəblərə görə "Respublika" da bilə-bilə bu niyyətdə olan məmurun yalanlarına şərait yaradır.
Məmur sayıqlamasının hazırda Göygöl rayonunun Dozular-Pənahlılar-Çaylı kəndlərində baş qaldıran kütləvi narazılıqlarla eyni günlərə və eyni motivə təsadüf etməsi isə aşağıdakı həqiqətləri təkrar deyir.

Hələ ötən ayın sonunda Pənahlılar kənd sakinləri "Demokratik.Az" saytına saytına şikayətlərində bildirirdilər ki, 2018-ci ildən bu yana Göygöl SSİ-nin rəisinin özbaşınalığından əziyyət çəkirlər. Göygöl SSİ-nin rəisi 1986-cı ildən (xətt əvvəllər "Kuybışev adına, daha sonralar Dozular kəndi ərazisindəki O.Abbasov adına kolxozun mülkiyyəti olub-red) istifadə olunan və başlanğıcını Kürəkçaydan götürən (500 sm diametrlik) və ötən illərdə Pənahlılar camaatının 8000 (səkkiz min) manat şəxsi vəsaitlərilə təmir etdirdikləri su-boru xəttini "mənimsəyib". Belə ki, "ağıllı meliorator" ümumi uzunluğu 10 kilometrlərlə olan dəmir boru xəttini müxtəlif yerlərindən kəsib "calayaraq" yaxınlıqdakı qəsəbənin və guya Dozular və Çaylı kəndlərinin torpaqlarının suvarılmasını tam təmin etmək bəhanəsilə özbaşınalıqlara yol verib.
Kənd sakinləri onu da bildirirdilər ki, Göygöl Suvarma Sistemləri idarəsi küllü miqdarda dövlət vəsaitini "yemək" üçün yiyələndiyi boru xəttinə əslində heç bir vəsait xərcləməyib. Sadəcə su xəttini ələ keçirmək üçün yazılı hiylələrə əl atıb.

İdarə rəhbərinin saxtalaşdırdığı rəsmi sənədləşmələrdən, şəxsi jurnalist araşdırmalarımdan, xüsusilə də "Respublika" qəzetindəki yazısından bəlli olur ki, şikayətçilər tamamilə haqlıdırlar. İlqar Məhərrəmov camaata və dövlətə yalan danışır.
Belə ki, İlqar Məhərrəmovun korrupsiya naminə saxtalaşdırdığı idarədaxili sənədləşmələrdə olduğu kimi, "Respublika" qəzetinin redaksiyasına və rəsmi dövlət qəzetinin bütün oxucusuna sırıdığı açıqlamada Dozular kəndində baş vermiş sürüşmənin tarixi məqsədli şəkildə 2016-cı il göstərilib.

Bütün Azərbaycan isə bilir ki, kənddəki sürüşmə 15 il öncə, yəni 2006-cı ildə baş verib. Yeni Dozular kəndi isə dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində 2007-ci ildən etibarən sürüşmə zonasından 3 km aralıda salınmış qəsəbəyə köçürülüb. Bütün infrastruktur-yenidənqurma işləri isə prezidentin sərəncamı əsasında büdcə hesabına maliyyələşdirilib ki, ötən uzun müddət ərzində kəndlərin su təminatının yaxşılaşdırılması üçün kompleks tədbirlər nəzərə çarpmayıb. Eləcə də, həmin hadisədən sonra ətrafdakı kəndlərin, xüsusilə də Pənahlılar kənd sakinlərin nə suvarma, nə içməli su problemi olmayıb. Kəndlər 10 ildən artıq müddətdə mehribanca keçiniblər. Son ilədək də heç bir kütləvi narazılıq olmayıb.
Əkin torpaqlarının suvarılmasında istifadəyə yararlı olan beton kalodlar belə İlqar Məhərrəmovun göstərişilə traktor-buldozer salınaraq sındırılmayanadək (2018-ci ilədək-red) suvarmaya effektiv imkanlar sağlayıb. Bundan başqa, Dozulardan Pənahlılar və Çaylı kəndlərinə gedən su borusunun sürüşmə zonasına ümumiyyətlə aidiyyatı olmayıb.

İlqar Məhərrəmovun yalan-palanında həqiqət payı yalnız Çaylı kəndi ilə əlaqədardır. Həqiqətən də geridəki illərdə kəndin 400 ha əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün 2 aqreqatlı Çaylı nasos stansiyasının bərpasına göstəriş olub. Məlumata görə, bu məqsədlə büdcədən 100 minlərlə manat vəsait də ayrılıb. Lakin, SSİ rəisinin korrupsiya xarakterli cinayət əməli sayəsində həmin nasos stansiyası sənədlərdə yararlı olsa da, bugünədək çıxdaş vəziyyətdədir.
Stansiyanın motor-aqreqatlarının yayarsızlığı bir yana, ayrıca olmalı elektrik transformatoru belə kəndə aiddir.
Nasos stansiyasına aid boru xətt çəkilişləri də pulyuyanın şirin nağıllarındandır. İşləməyən stansiyaya işçi kimi yazılan bir neçə şəxsin maaşının hara və kimin cibinə köçürüldüyü də müəmmalıdır. Çaylıdakı nasos barədə hüquq mühafizə orqanlarının və şəxsən Əhmədzadənin yoxlama həyata keçirməməsi isə belə çirkin işlərin əslində dımbılı cuvarın boyunu aşdığına dəlalət edən çox önəmli amildir.
Onu da xatırlatmaq lazımdır ki, Göygöl SSİ-nin rəisinin özbaşınalığı nəticəsində Çaylı kəndinə uzanan köhnə beton kalodlar dağıdılmış, 2019-2021-ci illər ərzində podratçı-sifarişçi kimi iş görən İ.Məhərrəmov tərəfindən Pənahlılar kənd sakinlərinin pay torpaqları üzərindəki mülkiyyət hüquqlarına qəsd edilmişdir. Bələdiyyə fond torpaqları da zədələnmişdir.

Çəkiliş zamanı su boru xəttinin Dozular kəndini əhatə edən hissəsində razılaşdırılmamış halda asfalt yolun qazılması və yeni qəsəbənin əhatəsindəki dövlət fond torpağına müdaxilələrin edilməsi torpaq qanunvericiliyinin tələblərinin bilərəkdən pozulması halını da yaratmışdır. Bu da aidiyyatı qurumlar tərəfindən ört-bas edilməklə cəzasız qalmışdır.
Biz bunları dəqiqləşdirə biliriksə, qayıdaq "Respublika" qəzetinin məmur yalanlarına "aldanması"na - redaksiya heyətinin bunca nöqsanları olan məmurun barəsindəki dəqiq faktları təhrifinə niyə və necə şərait yaratması sualına cavab tapılmalıdır...
Təəssüf hissilə bildiririk ki, "Respublika" qəzeti öz fəaliyyətini bir müddətdir baş redaktor Teymur Əhmədovsuz keçirir. Tanınmış qocaman jurnalist səhhətilə əlaqədar işə çıxmır, işini icra edə bilmir və onu müavini Hümmət Musayev əvəz edir.
Aldığımız məlumata görə, əslində öztərifə uğramış lüzumsuz məmur məqalələrinin yoxlanılmadan tirajlanması da bu boşluqla daha geniş vüsət alıb. Eləcə də, adıkeçən baş redaktor əvəzləyicisi belə məsələlərdə özünü jurnalist kimi deyil, lap riyaziyyatçı-alim kimi aparır.

Şəkildə - Hümmət Musayev
Eyni zamanda BDU-nun Fizika-riyaziyyat fakültəsinin dosenti olan Hümmət Musayev görünür İlqar Məhərrəmovkimilərə münasibətdə yayımlanan yazıların məğzindən daha çox, yazan məmurun bölgə müxbiri vasitəsilə ildə nə qədər abunə yazılışı etməsinə baxır. Bu hal isə dolayısıyla dövlət qəzetinin müxbir və redaktor heyətinin ələbaxımlılığını, korrupsioner məmura media yandaşlığını inkişaf etdirir. Belə olanda maddi maraqlar dövlətçilik ideyalarını, jurnalistlər üçün peşə davranış kodeksini, dürüst xəbər siyasətini arxa yana atır, necə ki, deyilən mənfi hədd "Respublika"-da artıq baş verib.
Ən dəhşətli fakt həm də odur ki, Göygölün korrupsioner və yalançı cuvarı da cibində elə "Respublika" qəzetinin ştatdankənar vəsiqəsini gəzdirir. Hər yerdə də deyir ki, vəsiqəni məhz Hümmət Musayevin sayəsində əldə edib.
Qəzetdə il ərzində bir neçə dəfə İlqar Məhərrəmovun öz adı ilə rəhbəri olduğu idarənin təriflənməsi, bölgə müxbirinin xəbəri və razılığına gərək duyulmadan, müzakirə olunmadan korrupsioner bir cuvarın istənilən xəbəri dərhal dərc etdirmə bacarığı "Hümmət-İlqar" dostluğunun əsaslılığına dəlalət edir.
Qeyri-rəsmi bilgilərə inansaq, Hümmət Musayev səlahiyyət hədlərini xeyli aşaraq adıkeçən qəzetin bəzi əməkdaşlarına üzərində "Prezident Aparatı" yazılan qırmızı vəsiqələr də paylayıb.
Adıçəkilənin maddi maraqlar müqabilində istənilən məmur yazılarına beləcə meydan verdiyini, illərdir ki, Teymur Əhmədovun sadəlövhlüyündən daha çox şəxsi mənfəəti üçün istifadə etdiyini deyənlər az deyil.
İnanıram ki, Prezident Administrasiyası İşlər İdarəsi rüşvətxor və korrupsioner məmurla dostluq edib onun yalanlarını bilə-bilə ictimailəşdirən, ictimai rəydə çaşqınlıqlar yaradan, məmura vəsiqə verən riyaziyyatçı-alim - baş redaktor müavini Hümmət Musayevin əməlinə yönlü bir ad tapıb qoyacaq.
Yoxsa, məndən deməsi..: "Əhməd Əhmədzadənin pulları və Göygöldən axan çay suları ilə milyonçuya çevrilən meliorator öz adı ilə "Respublika" qəzetində hələ çox "at çapacaq", yalanları da rəsmən göydə uçuşacaq!"...
Osman Nərimanoğlu
Demokratik.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.