Pulu olmayan xəstədən quzu istəyən baş həkim

7-05-2021, 15:52           
Pulu olmayan xəstədən quzu istəyən baş həkim
Xatırladaq ki, biz dəfələrlə aktualxeber.az saytında Ramiz Pirverdiyevin rəhbərlik etdiyi Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durum barədə tənqidi məqalələr dərc etmişik. Gədəbəy səhiyyəsinin bərbad vəziyyətdə olması nəinki rayon sakinlərinə, bütün ölkəyə məlumdur. Gədəbəy MRX-da hər bir müayinə və müalicənin konkret haqqı müəyyən olunubdur. Xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunsa da, avadanlıqlar dəyişdirilsə də, dəyişdirilməyən yalnız baş həkimin “daxili qaydaları”dır. Həmin “qaydalarda” görüləcək hər işin konkret dəyəri müəyyən olunubdur. Yəni, hansısa şöbə müdiri və yaxud həkim, hansısa tibb bacısı və yaxud da texniki işçi müəyyən olunmuş “sərhəddi” heç cür poza bilməz. O halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olur.
Gədəbəyin səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar verilmədiyindən və bir çox təminolunmalar ödənilmədiyindən çoxsaylı xəstələrin haqlı narazılığına da səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması (məsələn Elşənin aptekində) və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.
Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər. ABU-dan aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Səbuhi Ləman adlı köməkçisi vasitəsilə imtiyazı olan şəkərli xəstələrin dərmanlarını apteklərdə satdırır, Firdovsi isə əvəllər TSEK-lərdə sədr olarkən etdiyi maxinasiyaları ilə məşhur olan poliklinikanın baş həkimi Əmirxan Aslanovla birləşərək yüz cürə maxinasiyalar edirlər. Bütün bunlara isə şərait yaradan Ramiz Pirverdiyevdir ki, onun da maraqları təmin olunur deyə bu vəziyyətə şərait yaradır.
Redaksiyamıza müraciət edən Gədəbəy rayon Qalakənd kənd sakini Vəliyev Əziz Həsən oğlu da Əmirxan Aslanovla Afina adlı işçisinin ona qarşı edilən haqsızlıqlarından şikayətçidir. 2019-cu ildən bu günə qədər Gəncədə və Bakıda bütün xəstəxanalarda göndərişlə stasionar müalicə alan və epikrizləri TSEK-ə təqdim edən Ə. Vəliyevə rüşvət verməyə pulu olmadığına görə bu günə qədər də əlillik təyin edilməyibdir. Əmirxan Aslanovun ona “pulun yoxdusa quzuların da yoxdumu verəsən” deməsi isə bu şübhələri daha da artırıb. Vətəndaşın müraciət etdiyi bütün qurumlar da araşdırılması üçün Ramiz Pirverdiyevə yönəldiyindən nəticəsi barədə fikir yürütməyə dəyməz. Çünki bu korrupsiya sistemini baş həkim özü qurubdur. Bizim vasitəmizlə dövlət başçısından kömək istəyən Əziz Vəliyev hüquqlarının bərpa olunacağına və günahkarların cəzalandırılacağına ümid edir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.