Zərdab RİH binasındakı Heydər Əliyev stendində savadsızlıq – FAKT

2-06-2021, 00:03           
Zərdab RİH binasındakı Heydər Əliyev stendində savadsızlıq – FAKT
Tanınmış tərcüməçinin Zərdab rayon İcra Hakimiyyətinin inzibati binasında gördükləri
Tanınmış tərcüməçi Sevil Gültən Zərdab rayonuna səfəri zamanı rayon icra hakimiyyəti binasında olarkən maraqlı bir faktla qarşılaşıb və bu barədə sosial şəbəkə profilində yazıb. Yazını təqdim edirik.

“Təxminən ay yarım bundan qabaq doğulduğum Zərdab rayonunun bəzi problemləri haqda, eləcə də icra hakimiyyəti başçısına həmin problemlərin həlli haqda facebookda status yazmışdım. Yazdıqlarımı icra hakimiyyətinin email ünvanına da göndərmişdim. Cavab yazdılar ki, bəs icra hakimiyyətində məni qəbul edəcəklər. Elə bildim başçı özü qəbul edəcək. Sonuncu dəfə rayona gedəndə icra hakimiyyətinə getdim. Dedilər ki, məni başçının müavini Pərvin xanım qəbul edəcək (vaxt tapan kimi onunla görüşümüz haqda yazacam).
Bir az tez getmişdim, gözləməli oldum. Növbətçi polis gözləmə zalında gözləməyimi tapşırdı. 10 -15 dəqiqə gözlədim, ayağa durub divardakı stendi gözdən keçirmək istədim. Həmin stenddə Heydər Əliyevin 1978-ci ildə Zərdaba gəlişini əks etdirən fotolar vardı. Növbətçi polis stendə yaxınlaşdığımı görüb dərhal yanıma gəldi, tələb etdi ki, gedim gözləmə zalında gözləyim. Dedim, ay qardaş, nə vaxtdan fotolara baxmaq qadağan olunub? Uşaq deyiləm ki, nəyisə cıram, ya sındıram. Polisin sözünə əhəmiyyət vermədim, çünki bilirdim ki, qanunsuz hərəkət etmirəm.
Heydər Əliyevin Zərdaba gəlişini əks etdirən fotolardan bir neçəsini gözdən keçirdim. Bir fotonun altında belə yazılmışdı: “Zərdabi ad-na kol-da kolxozçularla görüşür”
Pərvin xanımla görüş başa çatandan sonra stenddəki həmin fotonu göstərib iradımı bildirdim. Dedim birdən hörmətli prezidentimiz İlham Əliyev bu binaya daxil olsa, bu sətirləri oxusa deməzmi atam kolxozçularla niyə kolda görüşüb?
Əslində bu iradıma görə mənə təşəkkür etməli olan Pərvin xanım bildirdi ki, şəklin altında yer olmadığı üçün kolxoz sözünü “ kol” kimi yazıblar. Dedim bu məntiqlə mənim adıma yer olmasa “ sel” kimi yazacaqlar?
Mənə maraqlıdır, görəsən mənim iradımdan sonra “kol” u- “kolxoz”la əvəz ediblər? Yoxsa şəkillərə baxdığım üçün məni binadan çıxartmayan növbətçi polisi işdən azad ediblər?”
Sevil Gulten
/www.tvpress.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.