Qazaxın İcra başçısının “dezertir” müavini

21-06-2021, 00:31           
Qazaxın İcra başçısının “dezertir” müavini
Xatırladaq ki, iyunun 13-də Qazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək həyətində oğluna toy məclisi təşkil etmişdi. Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.Rəsmi qurumlar bu xəbəri təkzib etsə də, rayonda hamı bu barədə danışırdı.
Onu da qeyd edək ki, Məmməd Alıyevin adı rayonda daim rüşvətxorluqda və digər maxinasiyalarda hallanıb. Qazaxa təyinat alarkən rüşvətə qarşı mübarizə aparacağını bildirən Rəcəb Babaşovun ətrafında indi rüşvətxorlar toplaşıb. Bu barədə aktualxeber.az-a Qazaxdan daxil olan məlumatlarda bildirirlir. Rayonda rüşvət ayaq tutub yeriyir və Məmməd Alıyevin birbaşa rəhbərliyi ilə məmurlar əhalinin canına bit-sirkə kimi daraşıb. Qeyd olunur ki, rüşvətsiz ən adi arayışı belə almaq mümkün deyil və məmurlar açıq şəkildə bildirirlər ki, onlara M.Alıyev belə təlimat verib. Burda təbii ki, icra baçısı “çörəyi ver çörəkçiyə, biri də üstəlik”, prinsipi ilə davranıb. Çünki Qazaxda hər kəs Məmməd Alıyevi bütün ruşvət olaylarının baş qəhrəmanı olaraq tanıyır. Daha əvvələr RİH-də Ərazi İdarəetmə və Yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Məmməd Alıyev çox tez bir zamanda rüşvət almaq bacarığı ilə Qazağa yeni təyinat alan Rəcəb Babaşovun diqqətini cəlb edə bilib. Rüşvət məsələsində Vergilər Nazirliyində çalışdığı zamandan sərraf olan Rəcəb Babaşov Məmməd Alıyevlə hələ o, şöbə müdiri olarkən yaxından “əməkdaşlıq” etməyə başlayıb. Bu da hələ o vaxt Qazax camaatının narazılığna səbəb olub. Elə o zamandan başlayaraq qazaxlılar ikilinin əməllərindən yuxarılara şikayətlər ünvanlamağa başlayıblar. Özünü rayonda icra başçısının “darğası” kimi aparan M.Alıyev bu şikayətlərə baxmayaraq bir müddət sonra Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub.
Məlumatlarda həmçinin bildirilir ki, Məmməd Alıyev topladığı rüşvət sayəsində özünə böyük sərvət toplayıb. Onun rüşvətdən topladığı sərvətinə gəlincə, Bakıda H.Əliyev prospektində, Gənclikdə hər birinin dəyəri yüz min manatlarla olan evləri, villaları, müxtəlif sahələrdə xidmət göstərən obyektləri, həmçinin bir neçə apteki, Bakıda və ölkənin müxtəlif turistik rayonlarında torpaq sahələri var. Sadalanan bu sərvət hələ qazaxlıların bildiyi sərvətdir. Yəqin ki, 700-800 manat maaş olan başçı müavinin sərvəti tək bu sadalananlarla da bitmir.
Məlumata görə, bu məmur rayonda elə bir kənd və ya qəsəbə qalmayıb ki, onların dərisinə saman təpməsin. Əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polisinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məmməd Alıyev gözlənilmədən “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdə çalışmaqdan uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri isə öz aralarında ona “Dezertir Mamed” ayamasını verirlər. Çünki, rəhmətlik Hüseyn Arif demişkən “andıra qalmış xəsiyyəti”nə yaxşı bələd idilər. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasının və ürək tutmalarının şahidi kimi bir nəfər də olsun onun bu halını müşahidə etməmişdir. Beləliklə Əskipara kəndində, eləcə də Qazaxın digər ermənilərlə üzbəüz olan bölgələrində yerli əhalinin könüllülərdən ibarət dəstələri və yerli polis əməkdaşları böyük şücaətlər göstərərək rayonun işğal siyasətinin qarşısını canları bahasına olsa da mərdanəliklə qoruya bildilər. Təkcə bu proseslərdə iştirak etməyən “Dezertir Mamed” oldu. Anadan olduğu gündən rayon icra hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsinə qədər Məmməd Alıyevin əsil soyadı Dəlibaşov olmuşdur. Ancaq, həyatında ilk dəfə uzun illər arzu etdiyi vəzifəyə təyin olunduqdan sonra, soyadını dəyişdirərərək dönüb oldu Alıyev.
Rayonda bildirirlər ki, ilk öncə o icra hakimiyyəti başçısının birinci müavini olmaq istədi. Adı çəkilən işdə ona yer olmadığı üçün, Məmməd Alıyev fikrini dəyişərək heç olmasa icra hakimiyyəti başçısının müavini postuna gözünü dikdi. Cəmiyyət arasında olan nüfuzu, ona olan münasibət, eləcə də bioqrafiyasında olan qüsurlara görə, onu bu iki adı çəkilən vəzifələrə yaxın qoymadılar. Elə buna görə də Məmməd Alıyev icra hakimiyyəti başçısının heç olmasa humanitar məsələlər üzrə müavini olmaq sevdasına düşdü. Dərhal həmin sahəni peşəkarcasına idarə edən Gülayə Həsənovanı yerindən dəbərtməyə çalışdı. Bu dəyərli, savadlı və zəkalı xanıma gücü çatmadığı üçün, məcbur olub onun həyat yoldaşı Natiq Həsənova ilişməyə başladı. Beləliklə Natiq müəllim üçün bürokratik əngəllər yaratmaqla yanaşı, həm də tələ quraraq, ən azından onu işdən uzaqlaşdırmağa nail ola bildi.
Rayondan aktualxeber.az-a bildirirlər ki, kim onun harada və necə ali təhsil alması faktını bilirsə, diplomunu görübsə, həmin adama möhtəşəm qonaqlıqlar vəd edilib. Hamını düşündürən suallardan biri də “polisdə sıravi nəfər olan və sonradan dezertir ayaması ilə tanınan” Məmməd Alıyev hansı sahə üzrə ali təhsili almasıdır. Bir də onun icra hakimiyyətində şöbə müdiri olandan sonra, Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı çoxsaylı mənzilləri, bir sıra “obyektləri” hansı vəsaitlə tikdirməsi də mübhəm sualların yaranmasına səbəb olub. Yəni dolayı yolla o bu gün qazaxlı məmurların siyahısında öndə gedən oliqarxa çevrilib.
Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
/aktualxeber.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.