Abşeronun apartman mafiozları bizi DTX – ylə təhdid edir

12-07-2021, 07:30           
Abşeronun apartman mafiozları bizi DTX – ylə təhdid edir
Abşeron rayonunun Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənovun Xırdalan şəhərində apartman biznesinə girişməsi ilə bağlı yazımız oxuculara təqdim olunandan sonra məqalədə göstərdiklərimiz tənqid olunan şəxsin şəriklərini ciddi narahat edib. Maraqlıdır ki, biz məqlədə onların adlarını çəkməsək də, onlar üzə çıxmaqla özlərini ifşa ediblər. Sıralarından ən öndə olanı – Hacı Amid öz əlaltılarına zəng etdirərək, bizi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə qorxutmağa çalışır.

Bu gün məmurların şüurunda belə bir stereotip var ki, tənqidçi jurnalistləri çəkindirmək üçün polisin, prokurorluğun deyil, məhz DTX-nin adını hallandırmaq daha məqsədəuyğundur. Təxmin etmək olar ki, məmurlarda belə qənaət 2016-cı ilin sonunda bir neçə jurnalistin DTX tərəfindən məsuliyyətə cəlb olunmasından sonra yaranıb. Onlar belə fikirləşirlər ki, sanki DTX jurnalistlərin qorxulu röyası, kabusudur. Halbuki, DTX –nin yarandığı 2016-cı ildən bu yana həbs etdiyi icra başçılarının, nazirlik işçilərinin və digər yuxarı vəzifəli şəxslərin sayı daha çoxdur. Şəxsən bir tərəqqipərvər jurnalist olaraq mənim və yaxın ətrafımdakı qələm dostlarımızın mövqeyimiz budur ki, dövlətin təhlükəsizliyini təhdid edəcək hər hansı bir məlumat KİV-də yayılmamalı, əksinə, bu müstəvidə media DTX və digər güc strukturları ilə faydalı əməkdaşlıq etməlidir. Görünür, bu, qarşı tərəfin düşüncəsidir ki, jurnalistika ilə təhlükəsizlik orqanlarını əks düşərgələrdə görür. Belələri əsla başa düşmürlər ki, özləri çirkin əməllərlə məşğul olduqları halda DTX kimi dövlətçiliyin sütunlarından biri sayılan qurumu özlərinə qoruyucu qalxan obrazında təqdim etmələri bu orqanın nüfuzuna xələl gətirməyə xidmət edir. Naqis təfəkkürlə hardan başa düşsünlər ki?!

Hacı Amid o kəsdir ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadənin lütfündən sui-istifadə edib cəmiyyətdə yüksək mənsəb sahiblərinin mərhum yaxınlarının yas mərasimlərində padnos daşıyıb, sonradan mərasim biznesinə girişib. Nəhayət, apartman biznesinə keçid alıb.

Hacı Amid o adamdır ki, məhrəm məclislərdə özünü iqtidarlı göstərmək üçün nüfuzlu generallardan birinin hacıxanım bacısına zəng vurub sarsaqcasına uzun-uzadı hal-əhval tutur, telefonunun da selektorunu açıq qoyub dəstəyin o başından nəzakət xatirinə ona cavab verən yüksək əxlaqlı azəri qadının səsini ucadan hamıya eşitdirməklə öyünür.

Hacı Amid o şəxsdir ki, qul-beçələri ilə bizə ultimatum göndərtdirib yazdıqlarımızı internet resurslarından çıxartdırmağı tələb etməklə kifayətlənməyib üstümüzə hücum üçün trol dəstəsi də səfərbər edib, sifarişlə işləyən qarayaxmaçı saytlarda əleyhimizə şər-böhtan xarakterli yazılar hazırlatdırır.

Hacı Amidin hansı yüksək vəzifəli və rütbəli şəxslərin adını hallandırması barədə oxucularımıza irəliləyən görüşlərimizdə müfəssəl məlumat verəcəyik. Görünən odur ki, Saray bələdiyyəsinin sədri Məhi Həsənov özü və şərikləri çox təhlükəli mafiya ağacının qol-budaqları, bəlkə də hələ yarpaqlarıdırlar.

Ramin Məhəmmədoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.