Kartof istehsalı niyə bu günə qaldı? - PROBLEM...

7-10-2024, 18:54           
Kartof istehsalı niyə bu günə qaldı? - PROBLEM...
İstehsalat yoxdursa, enerji resursları ilə böyük gələcək qurmaq olmaz. Azərbaycan bunun çox yaxşı nümunəsidir. Neft-qaz gəlirləri azalır. Xüsusilə neft hasilatı gözümüzün qabağında “əriyir”. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə edilən gəlirlərdə 12 faiz azalma qeydə alınıb. Təbii qaza ümidlər də yoxa çıxır. Dövlət Neft Fondunun bu ilin 9 ayında “Şahdəniz”də qaz və kondensatın satışından əldə etdiyi gəlirləri 364,465 mln dollar olub. Yəni illik qazanc 3,25 dəfə azalıb.

Bizimyol.info enerji sektorundakı vəziyyət barədə mütəmadi yazır. Vəziyyət yalnız pisliyə doğru dəyişir. Yaxşılığa doğru dəyişikliyi qeyri-neft sektoru yaratmalıydı. Amma gözləntilər özünü doğrultmadı.

Qeyri-neft sektorundakı vəziyyətə ən gözəl nümunə kartof istehsalı və ixracıdır. İxrac sürətlə azalır. Kartof bizə adi tərəvəz kimi görünə bilər, amma ixracı ölkəyə milyonlar gətirir. Təkcə keçən il sentyabra qədər kartof satışından 31 milyon dollar gəlir götürülmüşdü. Bu il vəziyyət çox pisləşib. Sentyabra qədər keçən ilin eyni dövrü ilə müayisədə 22 min 835 ton daha az məhsul satımışıq. Dəyər ifadəsi ilə 10,5 milyon dollardan çox geriləmə var. 48 min tondan bir qədər çox məhsulun satışı 20,47 milyon dollar gətirib.

Əvvəlki illərlə müqayisə edəndə durumun necə pisləşdiyi aşkar görünür. Məsələn, 2020-ci ildə kartof 34 milyon dollar gəlir vermişdi. Məhsuldarlıq da 81 min tonu aşmışdı. Zamanla yalnız geri gedirik.

İş orasındadır ki, ixracla məşğuluq, amma məhsul özümüzə çatmır. İdxal ixracı bir neçə dəfə geridə qoyur. Xüsusilə qonşu ölkələrdən kartof almalı oluruq. Üstəlik, Belarusa, Ukraynaya, Pakistana üz tuturuq.

Kartof istehsalı niyə bu günə qaldı?

Bu istiqamət kənd təsərrüfatındakı başqa sahələrdən fərqlənmir. Hamısına inhisarçılar hücum çəkib. Fərdi təsərrüfatlar sıradan çıxır, kənd təsərrüfatı ilə məşğul ola bilməyənlər yaşamaq üçün Abşeron yarımadasına üz tutur. Su qıtlığı təsərrüfatla məşğul olanların ümidlərinin üzərindən qalın xətt çəkdi. İnhisarçılar isə təbii inkişafa nail ola bilmir. Kartof istehsalı, ixracı tənəzzül dövrünə qədəm qoyur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı danışılanların da, beləcə, arqumentsiz olduğu üzə çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.