Cəbrayılın inkişafında növbəti mərhələ
5-10-2024, 00:05
2020-ci il oktyabr ayında Azərbaycan ordusunun Cəbrayıl rayonunu işğaldan azad etməsi ilə Xudafərin körpüsü də geri qaytarıldı və orada Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə, Azərbaycan xalqı üçün strateji və rəmzi əhəmiyyətə malik idi, çünki bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib bir simvolu idi. Xudafərin körpüsündə bayrağın ucaldılması, həm də Azərbaycanın mədəni irsinə sahib çıxma və tarixini qoruma istiqamətində atılmış addımlardan biri kimi dəyərləndirilir.
Vətən müharibəsindəki Şanlı qələbəmizdən sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər etdi. Bu, İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi qələbədən sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərə ilk rəsmi səfərləri idi. Bu səfər Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma prosesinin başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edirdi.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Sevindirici haldır ki, ölkə başçısının Cəbrayıla növbəti səfəri məhz həmin günə təsafüf etmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Daha sonra ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak ediblər, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Həmin gün dövlətimizin başçısı və onun xanımı Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.
Ölkə başçısı Azərbaycana qarşı olan düşmənçilik siyasətinin dayanmadığını bildirib. Qeyd edib ki, “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
Dövlətimizin başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası