Hökumətin Zəfər Gününə gedən yolda “hədiyyəsi” – bahalaşma, işsizlik, yoxsulluq…

20-10-2021, 13:05           
Hökumətin Zəfər Gününə gedən yolda “hədiyyəsi” –
Ölkə yeni bir sosial gərginlik burulğanındadır. Hökumətin altdan-altdan bahalaşma siyasəti, bazarlarda, marketlərdə hər gün qalxan qiymətlər əhalinin sosial güzəranını pisləşdirdiyi halda, dayanmadılar, işıq və qaz qiymətlərində də artıma gedildi.
Bu, Müstəqilliyin Bərpası Gününün 30 illiyinə hədiyyə idi. Kim bilir, Zəfər Günü ərəfəsində xalqa hansı sürpriz hazırlanıb: yəqin benzin bahalaşar və hamı bu qərarı Zəfər Günü öncəsi “bayram” edər.
Reportyor.info yazır ki, ötən il işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Rəsmi məlumatlarda 2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur.
Belə bir şəraitdə, pandemiyanın yaratdığı işsizlik fonunda işıq və qaz bahalaşırsa, bunu hökumətin əhalini çörəklə imtahana çəkməsi adlandırmaq lazımdır.
Hökumət nümayəndələrinin kommunal xidmətlərin bahalaşması ilə bağlı verdikləri izah, açıqlamalar insan intellektini təhqir edir, heç olmasa ayıbınıza kor olun. Sadəcə çıxın-deyin ki, kefimiz belə istəyir.
Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyir ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Bəs dövlət müəssisələri niyə zərərlə işləyir, nədən büdcəyə yükdür?!
Zərərlə işləyən müəssisə varsa, ilk öncə xərclər azaldılır. Siz “Azəriqaz” olaraq xərclərin azaldılması üçün nə iş görmüsünüz?! İlk öncə korrupsiyanı, qiymətlərin şişirdilməsini ləğv edin, şəffaflığı artırın, xərclərin azalması ilə maya dəyərini aşağı salın, əgər görsək ki, yenə də zərər var, o zaman qiymətin artırılması haqqında düşünmək olar. Siz büdcənin dotasiyasını basıb-yeyirdiniz, bütün yük vətəndaşın çiyninə yüklənir.
Ümumiyyətlə, hakimiyyət 44 günlük müharibədə qazandığı xalları xərcləməkdədir. Cəmiyyətdən aldığı dəstəyi, rəğbəti itirmək üçün bütün addımlar atılır: qazilər şikayətçi, məmur özbaşınalığı davam edir, korrupsiya və yeyinti öz yerində, dükan-bazarda qiymətlər “od tutub” yanır, “Azərsun” yağları millətin sağlamlığını məhv etməklə yanaşı, qiymətlər kəllə -çarxda və bununla hökumət xalqdan hansı dayağı görmək istəyir? Budur Zəfər Günü ərəfəsində millətə yaşadılan sevinc?
Ölkədə benzinlə su eyni qiymətədir, qazın limitinə dəyişiklik olub, indi də artıma gedilib. Göründüyü kimi, müstəqilliyin 30 ili başa çatsa da yenə də ölkədə yoxsulluq və işsizlik başlıca sosial problemə çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.