CƏLİLABAD RPEŞ-in “ÖLÜM” əməliyyatı: Albalan kənd sakini öldü, yoxsa öldürdülər?

11-04-2016, 01:29           
CƏLİLABAD RPEŞ-in “ÖLÜM” əməliyyatı: Albalan kənd sakini öldü, yoxsa öldürdülər?
Cəlilabad rayon PEŞ-in “PİKAP” markalı maşını hər üç gündən bir şəbəkənin direktoru Aydın Məmmədovun doğulub-yaşadığı Lerik rayonuna göndərilir.

Maşın dövlətdən, benzin pulu camaatın cibindən… Aydın müəllim camaatın cibindən oğurlanan pullara qəşəng ad da qoyub: komunal xərclər üçün vəsait. Həmin avtomaşının Lerikə nə daşıdığı məlum olmasa da, qayıdanbaş bulaq suyu gətirdiyi məlumdur. Deyilənlərə görə Aydın müəllimin işıq yanqısını söndürə biləcək yeganə vasitə Lerikdən gətirilən bulaq suyudur. Yazıq və fəqir cəlilabadlılar, gör nə günlərə qalmışıq ki, çörəyimizi, olan-olmaz varımızı lom-lom udanlar suyumuzu bəyənmirlər.



O, elektrik enerjisi deyil. Elektrik enerjisinə qohumluğu-filanı da çatmır. Düşünməyin ki adı Aydındı deyə, aydınlığa zərrə qədər aidiyyatı var. İmkan yaranarsa “Azərenerji”nin istehsal etdiyi xalqa və dövlətə məxsus enerjini canına-qanına somurub bir kimsəyə verməz; “İran bazarı” açıb “kiloqramla” işıq satar. Görəsən “urumdan şama” qədər paylanılan elektrik enerjisinə Aydın Məmmədov sevgisi nədən və haradan qaynaqlanır? İşığınıza qurban: ya Etibar ya Balababa ya Əbülfət!

Aylardır cəlilabadlıları narahat edən bütün dilemma və sorulara cavab tapmağa çalışacağıq. Ya Allah ya Məhəmməd ya Əli, özünüz kömək olun yazar bəndənizə! Çünki bu yazıdan sonra adımın Aydın müəllimin “torba” siyahısına düşəcəyi şəksizdir.



Əvvələn ordan başlayım ki, Aydın Məmmədovun fevral ayında Cəlilabad rayon PEŞ-nə direktor təyin edilməsi həm əhali, həm şəbəkə işçiləri tərəfindən müsbət qarşılanmışdı. Amma gözləntilər özünü doğrultmadı. Cəmi-cümlətani 1 ay 26 günlük fəaliyyəti ərzində sübut etdi ki, haqsız və girdirmə əməllərdə tayı-bərabəri yoxdur. Keçmiş direktor Mahir Abdullayevin ölənlərinə rəhmət. Deməkdə fayda var ki, Mahir Abdullayevə aid bütün rekordları qıraraq adını tarixə yazdıran Aydın müəllim 07 aprel 2016-cı il tarixdə son “arzusunu” da reallaşdırdı. Beləki, həmin tarixdə, təxminən 23.00-24.00 radələrində şəbəkənin Albalan kəndində həyata keçirtdiyi “yarımhərbi” əməliyyat zamanı “mülki” vətəndaşımız – 50 yaşlı kənd sakini Ağayev Adış Quzuçu oğlu həyatını itirdi. (Qeyd: Mahir Abdullayevin zamanında həyatını itirən şəxs şəbəkənin işçisi idi.) Artıq şərti olaraq vəfat edən adlandırdığımız şəxsin yaxınları bu faktla bağlı polis və prokurorluq orqanlarına şikayət etmişlər. Əldə etdiyimiz məlumatlara görə ölümlə nəticələnən möhtəşəm “əməliyyat” Aydın Məmmədovun özü daxil olmaqla “muzdlu başkəsənləri” (guya işıqkəsənləri) – “Mirvandam” ləqəbli Hüseynov Mirsabir, Əliyev Oktay, Həsənov İmran və sürücü Rizvan tərəfindən həyata keçirilmişdir. Daxil olan məlumatlar zamanı o da məlum oldu ki, mərhum Ağayev Adış Quzuçu oğlu kasıb və imkansız təbəqəyə aid insanlardan olmuşdur və imkanı çatan zaman pul ödəməkdən yayınmamışdır. Söz yox, heç bir səbəb və onun doğura biləcəyi nəticələr insanın ölümünə yaxud öldürülməsinə vəsilə yarada bilməz. Hətta konstitusiyamızda belə ölüm hökmü istisna hal kimi nəzərdə tutulur və bu icraat neçə illərdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən dayandırılmışdır.

Məhkəmələrin dövlətin milyonlarla vəsatini talayan vəzifəli şəxslərə, vətən xainlərinə tətbiq edə bilmədiyi ölüm hökmünü dolayısı ilə “tətbiq” edən “Azərişıq”çılar doğurdanmı bu dövlətdən və onun məhkəmələrindən güclüdürlər?

Ailəni, qadını, uşağı, xəstəni nəzərə almadan gecənin-gündüzün istənilən vaxtında quldur kimi evlərə soxulmaq səlahiyyətini kim verib onlara?

….

Bu dərəcədə tərbiyyəsizliyi, həyasızlığı təsəvvür etmək çox çətindir. Hərçəndi, “arxalı köpək qurd basar” deyib atalarımız və PEŞ-in direktoru Aydın Məmmədovun, satış şöbəsinin rəisi Həbib Məmmədovun arxasında dayanan gücün “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov olduğu bir çoxlarına məlumdur. Cəlilabadda baş verənlər konteksindən görünən odur ki, “Azərişıq”ın ümumən rayon əhalisinə və rayonda fəaliyyət göstərən sahibkarlıq obyektlərinə çılğın və emosional münasibəti məxsusidir. Çünki Aydın Məmmədovun “ZMC” MMC-yə qarşı təxribatları hələ də davam edir. “Çörəkbişirmə” MMC-yə qarşı çirkin oyunlar bitmir. Halbuki, “çörəkbişirənlər” PEŞ-in onlara qarşı elan etdiyi “qanlı döyüşdən” sonra “raundlardan” birini udmağa və qanun çərçivəsində üstünlüyü ələ almağa nail olublar. Axı dövlət və onun məhkəmələri haqlı tərəfdədirlər. Baxmayaraq, “Azərişıq” ASC-də özünü dövlət içində dövlət hesab edir və özünəməxsus yazılmamış qanunları vardır. Belə olmasaydı, Cəlilabad RPEŞ-in satış şöbəsinin rəisi Həbib Məmmədov barəsində edilmiş şikayət haqqında məlumat əldə edər-etməz yaşadığı evə aid sayğacı sındırıb (sayğaca etdiyi müdaxilə üzə çıxmasın deyə) müvafiq qurumları yanlışlığa sürükləməzdi. Yaxud, lap bu yaxınlarda həyətində saxladığı özünə məxsus “Mersedes” markalı maşının təkərlərinə benzin tökərək boş konistiri maşının yük yerinin üstünə qoymaz, üstəlik yanaraq sönmüş lopanı maşının təkərinin yanına ataraq bəsit bir “cinayət” səhnəsi yaratmaqla yuxarı rəhbərlik yanında özünün qəhrəman obrazını yaratmağa səy göstərməzdi. Həbib Məmmədovun bu “qəhrəmanlığı” gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan hansısa əməlliyatın reallaşmasına hesablanmış gediş də ola bilər. Fəqət, Aydın Məmmədovun və “quldurlarının” gözlənilməz gediş və hərəkətlərini anlamaq üçün ən azından quşların və heyvanların dilini bilən Süleyman peyğəmbər olmaq lazımdır.

Süleyman peyğəmbər dedim, yadıma Aydın Məmmədovun axşam saatlarında otağına çağırtdıraraq şantaj etdiyi, ilim-ilim itirəcəyi ilə hədələdiyi nəzarətçi-mühəndis Süleyman Quliyev və iş yoldaşı Əflatun Əhmədov düşdü. “Prostoy” Süleyman və iş yoldaşının başına gətirilənlər barədə və digər ağılasığmaz məlumatlar gələn yazıda.

Hələlik bu qədər. Allah işığımızı və canımızı alanlara lənət eləsin. Amin, inişallah!

Hüsamə bin Sərxan (İdeologiya.az xəbər portalının Cənub bürosunun rəhbəri)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.