Qarabağ qazisinin ailəsindən prezidentə - MÜRACİƏT
23-05-2016, 11:12
Birinci qrup Qarabağ əlili, mərhum Balaşov Səlim Allahverən oğlunun xanımı prezidentə müraciət ünvanlayıb.
Bir surəti tia.az-a göndərilən müraciətdə Yardımlının Anzov kənd sakini Ağayeva Gülxanım Rəcəb qızı dövlət başçısından mənzillə təmin olunmağı xahiş edib. Onun sözlərinə görə, S.Balaşov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə müalicə olunmasına baxmayaraq sağalmayıb. Əksinə, xəstəliyi şiddətlənərək onkolojiyə çevrilib.
1-ci qrup Qarabağ müharibəsi əlili Bakının Qaradağ rayonunda qeydiyyatda olub. Uzun sürən xəstəlikdən sonra bu il, mayın 11-də dünyasını dəyişib. G.Ağayeva bildirib ki, ölümünə qədər kirayədə yaşayıblar: “İndi himayəmdə olan iki qız uşağım ilə sığınmağa heç bir yerimiz yoxdur. Həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən Qarabağ qazisinin ailəsi bu gün evsiz-eşiksiz yaşamağa məcbur olub. Bu gündən sabaha yaşamağa belə ümidimüz yoxdur.
Hörmətli cənab prezident ! Bir ana kimi, bir Qarabağ qazisinin həyat yoldaşı kimi bizim evlə təmin olunmağımıza yardım göstərməyinizi xahiş edirəm. Allah rizasına mənə kömək edin. Bu problemimizin aradan qaldırılması üçün əlinizdən gələn köməyi əsirgəməyin.
Cənab prezident, son ümid, güvən yerimiz Sizsiniz. Mən inanıram ki, siz mənim bu müraciətimi qəbul edəcək və mənə yaxından kömək göstərəcəksiniz. Öncədən Sizə özüm və ailəm adından təşəkkür edirəm”.
Telefon : 050 786 64 13