Qanuni əmlakı başqasına satılan vətəndaş Zakir Qaralova müraciət etdi - “Bu cinayəti araşdırın…”

23-05-2016, 12:20           
Qanuni əmlakı başqasına satılan vətəndaş Zakir Qaralova müraciət etdi - “Bu cinayəti araşdırın…”
Lənkəran rayonu Şağlaser kənd sakini Ruslan Əsgərov, artıq 4-5 ildir ki, qanuni mülkiyyətində olan çayxanadan istifadə etməkdə problemlərlə üzləşir. İş o yerə çatıb ki, Ruslan Əsgərov və onun huquqlarını müdafiə edən əmisi Qəhrəman Əsgərov məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət etmək məcburiyyətində qalıblar.

teref.az- nun poçtuna glən müraciətdə əvvəlcə problemin necə yarandığı barədə məlumat verilir. Məktubdan belə məlum olur ki, Ruslan Əsgərovun işlətdiyi çayxana binası 1958-ci ildə inşa olunub və “Azərittifaq”ın balansında olub. 2012-ci ilə qədər “Azərittifaq”ın nəzdindəki Lənkəran Təmir Tikinti MMC-nin tabeçiliyində fəaliyyət göstərib. Həmin çayxanada Ruslanın babası və atası da uzun muddət çayçı işləyiblər.

Ancaq 2011-ci ildə həmkəndlisi Ağayev Elbrus Ekrəm oğlu bəzi vəzifəli şəxslərlə əlbir olaraq, çayxananı və ərazısini ələ keçirmək istəyib. Hətta buna dair sənəd də ortaya çıxarır . Həmin sənəddən belə məlum olur ki, Elbrus Ağayev çayxananın yerləşdiyi ərazini – ümumilikdə 4 sot torpağı əldə edib. Yəni faktiki olaraq Ruslan Əsgərovun işlətdiyi çayxana Elbrus Ağayevin mülkiyyətinə keçir. Bundan sonra Elbrus Ağayev Ruslan Əsgərova təzyiq göstərərək, çayxananı onun əlindən almaq istəyir. Hətta çayxanın qarşısındakı ağacları da kəsir.

Ruslan Əsgərov isə öz hüququnu bərpa etməyə çalışır. Bu məsələdə ona əmisi Qəhrəman Əsgərov köməklik göstərir. O, bu işlə bağlı bütün aidiyyəti orqanlara məlumat verir.

2012-ci ildə Ruslan işlətdiyi çayxana binasını almaqdan ötru “Azərittifaq”ın İdarə Heyətinin sədri Eldar Quliyevə ərizə ilə müraciət edir. Ruslanın həm də rəsmi payçı olduğunu nəzərə alan “Azərittifaq”ın İdarə Heyətinin komissiyası, çayxananın ona satılmasını məqsədəuyğun hesab edir. “Azərittifaq”ın İdarə Heyətinın 26 sentyabr 2012-ci il 100 № li qərarına əsasən, çayxananın binasının payçı Ruslan Əsgərova satılmasına razılıq verilir.

Ruslan Əsgərov da 2012-ci ildə “Azərittifaq”dan aldığı müvafiq sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə təqdim edir. 2013-cü ildə Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən mütəxəssis gəlib binaya baxış keçirir. Binanın eskizini çəkir və bir aydan sonra sənədləri vərəcəklərini deyib gedir.

Ruslan Əsgərov 2-3 ay gözləyir, ancaq Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən səs çıxmır. Bunun səbəbi ilə maraqlandıqda, onu get-gələ salırlar. Sonradan Ruslan başa düşür ki, obyekti başqasına satmaq üçün onu aldadıblar.

Bir müddət sonra Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən Ruslan Əsgərova bildirilib ki, almaq istədiyi çayxana binası artıq başqasına satılıb: “Deyirlər ki, sizin kənddə yaşayan başqa biri o binanı alıb. İşi bağlamaqdan ötrü o, sənə Notarius vasitəsilə sənəd versin, məsələ yekunlaşsın”.

Ancaq Ruslan Əsgərov bildirib ki, o, binanı heç kimdən almayıb. Əvvəllər özü işlədib və indi də qanuni olaraq “Azərittifaq”ın İdarə Heyətinin qərarı ilə özəlləşdirmək istəyir. Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən isə Ruslan Əsgərova bildiriblər ki, “Azərittifaq” sənə boş kağız parçası satıb.

Lakin araşdırma zamanı məlum olur ki, əslində Elbrus Ağayev bəzi vəzifəli şəxslərlə əlbir olaraq, cayxananı və ərazısini saxta yolla ələ keçirmək istəyib. Hətta məktub müəllifinin iddasına görə, onlar bu məqsədlə düzəltdikləri saxta sənədlərlə mülkiyyət hüququ da əldə ediblər: “Elbrus Ağayevin həmin binanı necə saxta yollarla əldə etdiyinə dair mulkiyyət sənədlərini əldə etdim. Sənədlərdən məlum oldu ki, rəsmən “Azərittifaq”ın balansında olan tikiliyə “b” kateqoriya verərək, Lənkəran Şəhər Əmlak İdarəsi tərəfindən 2011-ci ildə Agayev Elbrusa satılmışdır.
Lənkəran Şəhər Əmlak İdarəsi hansı əsasla başqa bir qurumun balansında olan binanı icazəsiz tikili adı ilə satmışdır? Bu cinayətdir və müvafiq dövlət orqanları tərəfindən tədbir görülməlidir”.

Şikayətçinin sözlərinə görə, məsələdən nə “Azərittiffaq”ın, nə də “Lənkəran” MMC-nin xəbəri olub: “Dələduz məmurların məqsədləri çayxana bınasını icazəsiz tikili adlandıraraq, altındakı torpağı satmaq imiş. Bu məqsədlə də əraziyə aid sxemdə göstərilib ki, A-kateqoriyalı bir tikili var, amma bu faktiki tikili deyil, sadəcə dəmir köşkdür.
Burda hiss olunur ki, həmin sənədi imzalayan məmur bilərəkdən saxtakarlığa getmişdir. Onların icazəsiz adlandırdığı tikili isə mənim uzun illərdir mövcud olan çayxanam idi.”

Saxta sənəddən istifadə edərək ərazini ələ keçirən Elbrus Ağayev isə Lənkəran Şəhər İcra Hakimiyyətindən Ruslan Əsgərova məxsus çayxananın sökülməsinə dair qərar da çıxartdırmağa nail olur. 2013-cu ildə Elbrus Ağayev Lənkəran Şəhər Məhkəməsində Ruslan Əsgərova məxsus çayxananın sökülməsinə dair iddia qaldırır. İddiada göstərir ki, guya onun mülkiyyətində olan ərazidə icazəsiz tikili var .

Ancaq Ruslan Əsgərovun hüquqlarını müdafiə edən əmisi ilk 2 iclasda arxiv sənədlərini hakimə təqdim edərək, iddianın əsassız olduğunu sübut edir. 3-cü iclasında hakim Elbrus Ağayevdən də əraziyə dair mülkiyyət sənədlərini təqdim etməyi tələb edir. Əlindəki sənədlərin saxta olduğunu bilən Elbrus Ağayev isə bu tələbi yerinə yetirməmək üçün müəmallı şəkildə iddia ərizəsini geri götürür. Məhkəmə də onun ərizəsinə əsasən iş baxılmamış saxlayır.
Ruslan Əsgərovun hüquqlarını müdafiə edən əmisi Elbrus Ağayevə verilmiş saxta sənədləri əldə edərək, “AzPolitika.info” saytı vasitəsilə mətbuatda işıqlandırır. Bundan sonra – 2015-ci ildə Ruslan Əsgərova məxsus olan çayxana binasına texniki pasport verilir, onun mülkiyyət hüququ tanınır.

Ancaq nə Elbrus Ağayevə verilmiş saxta sənədlər araşdırılır, nə də onu saxta yolla ələ keçirdiyi ərazidən çıxarırlar.
Ruslan Əsgərovun yazdığına görə, ona məxsus çayxananın ön hissəsindəki 2 sot ərazi Şağlaser kənd bələdiyyəsinin sədri Mirzəyev Allahverən Xudayar oğlu tərəfindən saxta yolla Elbrus Ağayevə satılıb. O da həmin ərazidəki 8-10 qırmızı kitaba düşən ağacı kəsərək, yerində mağaza dikib. Bununla həm çayxananın həyətini zəbt edib, həm də obyekti, necə deyərlər, “blokadaya” alıb.

Ruslan Əsgərov və əmisi Qəhrəman Əsgərovun iddasına görə, Elbrus Ağayev həmin o saxta sənədlərlə banklardan külli miqdarda vəsait götürüb ki, bu da cinayət məsuliyyəti yaradır.

Şikayətçi Baş prokuror Zakir Qaralovdan bu cinayət faktının araşdırılmasını, Elbrus Ağayevin saxta sənədlərlə ələ keçirdiyi ərazinin geri alınmasını, mağazanın sökülərək yerində yenidən ağacların əkilməsinin təmin olunmasını xahiş edir.

Adları gedən hər bir şəxs və qurumun mövqeyini işıqlandırmağa hazırıq!
teref.az

Ruslan Əsgərovun mülkiyyət hüququnu təsdiq edən sənədlər:






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.