“Azəriqaz”dakı tender oyunlarından müflis çıxan iş adamı harda gizlənir? - İTTİHAM VAR

26-05-2016, 10:29           

Mikayıl İsmayılovun dayaqları zəifləyib, yoxsa, ona yaxın sahibkarlar sadəcə “qurban” verilir? Aprelin 20-də Qafqaznews.az saytında ““Azəriqaz”dakı “otkat” əməliyyatının qurbanına çevrilən iş adamı iflasa uğrayıb?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda “Araz İstilik Servis Xidmətləri” MMC-nin “Azəriqaz”ın layinələrində subpodratçı olması və “Global Services” MMC-yə verilən tender layihələrinin “ikinci əl” icraçısı kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar dərc olunmuşdu.

“Araz İstilik Servis Xidmətləri” MMC-nin rəhbəri, əslən Ağcəbadi rayonundan olan Ədalət Abbasovun şirkəti bir neçə ildir “Azərqaz”ın tenderlərinin iştirakçısı olur. Ancaq keçən il Ədalət Abbasovdan SOCAR -a şikayət olduğuna görə, o, “Azəriqaz”ın qara siyahısına düşmüşdü. Aldığımız məlumata görə, Heydər Əliyev prospektində məşhur amerikalı milyarder Donald Trampa məxsus “Trump” otelinin binasında qazlaşdırma işləri apararkən, “Araz İstilik” işçilərin maaşlarını verməyib, nəticədə isə həmin işçilər SOCAR-a şikayət ediblər.

“Azəriqaz”ın tenderlərinin əsas qalibinin isə “Global Services” olması barədə mətbuatda çox yazılıb və bu şirkət ictimaiyyətdə monopolist kimi tanınır. Sözügedən şirkətin isə SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun kurasiyasında olması barədə şayiələr səngimək bilmir. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, məhz Mikayıl İsmayılov və onun yaxın dairəsinin məsələyə qarışmasından sonra, Ədalət Abbasov “amnistiya”ya düşüb.

“Lakin bu “amnistiya” Ədalət Abbasova baha başa gəldi. Belə ki, Ədalət Abbasovun rəhbərlik etdiyi şirkət birbaşa “Azəriqaz”ın yox, “Global Services MMC”nin keçirdiyi tenderlərdə supodratçı kimi layihə alaraq, Quba rayonunda qaz çəkilişi işlərini həyata keçirir. Burdan böyük məbləğdə pay “Global Services”MMC-yə çatır, Ədalət Abbasov kimi subpodratçılar isə cüzi məbləğlə bu layihələri icra etməli olurlar”, – deyə mənbə vurğulayıb.

Mayın 14-də isə Qafqaznews.az-a məlumat daxil olub ki, M.İsmayılov Ceyhun Canıyevi qurban verdikdən sonra sığortalanmaq məqsədi ilə öz ətrafında “kadr islahatları” aparmaq və qüvvələri yeniləmək qərarı verib. Mənbə bildirir ki, bu məqsədlə də, SOCAR vitse-prezidenti Ədalət Abbasovdan kömək istəyib və “xidmətləri” əvəzində onu daha da irəli çəkməyi vəd edib. Redaksiyamıza Ədalət Abbasovun yaxn ətrafından bildirilib ki, o, artıq Mikayıl İsmayılovla görüşdüyünü və bəzi saytlarla “dil tapacağı” təqdirdə, tender əməliyyatlarına qoşulacağını bildirib.

Mayın 25-də isə Ədalət Abbasovun “həyat hekayəsi”ndən bir sıra maraqlı məqamlar barədə Qafqaznews.az-a məlumatlar daxil olub. Mənbə bildirir: “1998-ci ilədək, bir müddət Moskvada pal-paltar alveril ilə məşğul olan ağcabədili Ədalət Abbasov, sonradan öz vətəninə qayıtmalı olur. Azərbaycan müstəqilliyini əldə edəndən bəri, Dövlət Neft Şirkətinin ən pullu yerlərində ağcabədililər oturub. Hətta Yavər Camalovun epopeyasından üzü bəri, ağcabədililər neftə aid borudan tutmuş, sayğaclara qədər şirkəti müxtəlif avadanlıqlarla təmin ediblər. Bax, elə Moskvada alver edərkən, bu söhbətləri eşidən Ədalət vətənə qayıdır və bəzi həmyerlilərinin köməkliyi ilə tenderlərə üz tutur”. Qeyd edək ki, hazırda müdafiə sənayesi naziri çalışan Yavər Camalov 1972-ci ildən 34 il neft sektorunda çalışıb və 2006-cı ildə nazir vəzifəsinə təyin olunana qədər 3 il “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutub.

Onun özü Sabirabad rayonunda doğulsa da, “Azneft”dəki fəaliyyəti dövründə təchizat işləri ilə bağlı ağcabədililərlə sıx əməkdaşlıq etdiyi deyilir. Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra, Ədalət Abbasov nəyin bahasına olur-olsun, öz yerlilərinə sübut etmək istəyir ki, Dövlət Neft Şirkətinin içində olmasa da, həndəvərində “fırlana” bilir. “Mikayıl İsmayilov ağcəbədililərin işgüzar olduğunu hələ Yavər Camalov epopeyasından bildiyi üçün, özü vəzifəyə gələndən sonra, elə onlarla da tender əməliyyatında işləri davam etdirir. Lakin “Azəriqaz”-ın tender oyunlarına qoşulan və subpodratçı kimi cüzi məbləğə bütün işlərə razılaşan Ədalət Abbasov sonradan bu oyunlara tab gətirə bilmir və müflis olur”, – deyə mənbə bildirir. Lakin mənbə qeyd edir ki, ilk illərdə Ədalət Abbasovun işləri heç də pis getmir: “Bakıxanov qəsəbəsində ofis, katibə, hətta “Hacı Alina” ləqəbli “silahdaşı” da olur. Ancaq Ədalət hardan biləydi ki, bu oyunlar Moskvada pal-paltar satmaq oyunu deyil. Bu, “Azəriqaz”ın tender oyunlarıdır və belə oyunlara hər sahibkar tab gətirə bilməz.

Hətta tab gətirənlərin yolu yenə də hüquq mühafizə orqanlarına gedib çıxır ki, sonda ya həbs olunmaq, ya da Moskvada qazandıqlarını və hətta sonuncu mənzilini də itirmək təhlükəsi var. Misal üçün, mənbənin sözlərinə görə, bu gün hələ Ədalət Abbasov həbs olunmasa da, həyatı həbsdən pisdir. Banka kredit borcunu vermədiyinə görə, qara rəngdə, 90 -RO -008 qeydiyyat nişanlı “Grand Cherokee” cipi əlindən alınıb.

“Bakıxanov qəsəbəsindəki ofis əlindən çıxıb, katibə işsiz qalıb. Kimsə onu axtaranda ona ən yaxın olan bir-iki nəfər dostları digərlərinə deyir ki, Ədalətin qayınatası rəhmətə gedib deyə, rayonda məclis verir. Lakin məlum olub ki, Ədalətin qayınatası bir neçə il bundan əvvəl rəhmətə gedib”, – deyə məlumatda əlavə olunur. Nə isə, bunların hamısını qoyaq bir kənara və yenə də qayıdaq Mikayıl İsmayılovun “Azəriqaz”dakı tender oyunlarına.

Görəsən, bu oyunlara tab gətirən sahibkar varmı? Yoxsa onların da taleyi elə Hacı Ədalət Abbasovun aqibəti ilə aşağı-yuxarı eynidir? Vaxt var idi, “Azəriqaz”ın layihələri üzrə müxtəlif rayonlarda subpodratçı olan Ədalət Abbasov bu işləri “xeyriyyəçilik” kimi qələmə verir, sakinləri özünün “xeyriyyəçi hacı” olduğuna inandırırdı.

Görəsən, Ədalət Abbasov yenə də rayonlara üz tutacaq, yoxsa keçmişə boylanıb Moskvaya qayıdacaq? Tələs,Ədalət tələs, amma bilet almadan əvvəl, ölkədən çıxışına qadağa qoyulub-qoyulmadığını yoxla. Yoxsa, son vaxtlar qadağa adi hala çevrilib… Burda daha bir sual da ortaya çıxır: SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun dayaqları zəifləyib, yoxsa, ona yaxın sahibkarlar sadəcə “qurban” verilir? Mövzu diqqətimizdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.