Qusar sakinləri başçının əlindən DAD deyir - MÜRACİƏT
21-01-2023, 12:25
"Biz sizə Qusar rayonundan yazırıq. Şikayətimiz Qusar Rayon İcra hakimiyyətinin başçısı Şair Alxasovdandır". Bu barədə DİA.AZ-a göndərilən Qusar sakinlərinin müraciətində deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Belə ki, bizim icra başçımız 2007-ci ildə bu vəzifəyə təyin olunandan biz Qusar camaatı ondan zərrə qədər xeyir görməmişik.
16 ildir Şair Alxasov icra başçısıdır, amma Qusara gəlib yoldan keçən hansı sakindən soruşsanız ki, Şair Alxasov Qusar camaatı üçün nə kimi xeyir işlər görüb əksinə onun elədiyi pislikləri sayarlar sizə. 16 illik fəaliyyəti dövründə Şair Alxasovun törətdiyi vəhşilikləri sizə sadalayaq:
1. Şair Alxasov Qusar rayonunda məşhur "Bənövşə" ("Fialka") adlı gözəl bir gölü qurutdu (yəqin ki yerini kiməsə satacaq və yaxud da artıq satıb)
2. Şair Alxasov Qusarın mərkəzində orta məktəbi sökdürüb yerində oğlu İlkinin şərəfinə "İlk İnn" hotel tikdirib.
3. Şair Alxasov internat məktəbinin 2 hektar ərazisindəki meyvə bağında ağacları kəsdirib ərazini satıb
4. Şair Alxasov sakinlərin ən sevdiyi gəzinti yeri olan "N.Nərimanov" adına mərkəzi parkın ərazisindəki ağacları kəsdirərək yerində "Yaşıl Park" adlı restoran tikdirib.
5. Şair Alxasov uşaq xəstəxanasının ərazisini zəbt edib yerində özü üçün "Təzə Bazar" tikdirib.
6. Şair Alxasov xristian qəbiristanlığının ərazisini sökərək yerində hündürmərtəbəli binalar və kommersiya obyektləri tikdirib.
7. Şair Alxasov Qusarın gözəl guşələrində yerləşən torpaq sahələrini yüksək vəzifəli məmurlara həm satır, həm də hədiyyə edir ki, onun vəzifədə qalmasına köməklik göstərsinlər və Qusar camaatından gələn şikayətlərin qarşısını alsınlar.
Biz Qusar rayon sakinləri Şair Alxasovun qanunsuz əməllərinə nə qədər dözəcəyik? İllərdir biz sakinlər Şair Alxasovun qəbuluna düşə bilmirik. Yazdığımız şikayətlərə icra hakimiyyətində baxılmır.
Gənclərimiz işsizlikdən Qusarı tərk edib işləmək üçün Rusiyaya üz tuturlar.
Ölkə başçımızdan xahiş edirik, bizim Qusar rayonuna Qusarı sevən və onun camaatına hörmət bəsləyəcək, şikəyətlərini dinləyəcək layiqli bir şəxsiyyəti icra hakimi təyin edəsiniz".
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...