Neftçala DAİM-nin direktorunun Alim Rüstəmova arxa-dayaq durmasına səbəb nədir?
28-02-2023, 08:54
Söylənilənlərə görə, Neftçala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi vəzifəsini daşıyan bu şəxs, sürücü vəzifəsinə işə götürdüyü Ramin Ağayevə hər ay əmək haqqı yazır, amma ayda ona cəmi 30-40 manat pul verir və qalan pulları isə özü mənimsəyir
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 22 aprel 2020-ci il tarixdə Fərman imzalayıb. Bu Fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçirilir. Digər tərəfdən, 01 noyabr 2021-ci il tarixdən ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən baytarlıq idarələri ləğv olundu və onların əvəzində Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzləri yaradıldı. Həmçinin yerlərdə baytarlıq məntəqələri də özəl baytarlarla əvəz olundular.
Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Neftçala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində baş verən biabırçılıqlarla bağlı ilginc məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, indiyə kimi bu dövlət qurumunda elə bir qanunsuzluqlara qol qoyulub ki, baş verən həngamələrin nə həddi, nə də ki, hüdudu bilinir. Belə bir səbəbdəndir ki, bu Mərkəzdə rəis vəzifəsini daşıyan Alim Qəzənfər oğlu Rüstəmovun əməlləri, hal-hazırda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən araşdırılmaqdadır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə Neftçala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi ötən ilin dekabr ayının sonlarında Netçala rayon Prokurorluğuna dəvət olunur və ondan yazılı izahat da alınır. Hətta, daxil olan başqa bir məlumatda isə bildirilir ki, 20 yanvar 2023-cü il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi, Alim Rüstəmovun rəhbərlik etdiyi Mərkəzdə çalışan 53 sosial və 14 özəl baytar ərazilərində, həmçinin idarənin özündə işləyən 12 nəfərdən lazım olan şəxslər də Netçala rayon Prokurorluğuna dəvət olunurlar və onlardan da yazılı izahatları alınır. Bütün bunlara səbəb olan amillərdən biri də, Alim Rüstəmovun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxartdığı, hansı ki, əvvəllər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində aparıcı həkim vəzifəsində çalışmış Qəhrəman Baloğlan oğlu Tahirovun, uzun müddət ərzində aidiyyatı dövlət qurumlarına yazdığı müraciətlər olur. Onu da qeyd edək ki, Qəhrəman Tahirov iki təhsilə sahib olan baytar həkimidir və o, ilk əvvəl Şamaxı Kənd Təsərrüfatı Texnikomunun baytarlıq ixtisasını, daha sonra isə, Leninqrad Baytarlıq İnstitunun baytar həkimi ixtisası üzrə ali təhsilini uğurla başa vurur. Hal-hazırda bu şəxsin 57 yaş həddində olduğu bildirilir. Alim Rüstəmov üç ilə yaxın müddətdir ki, bugünkü işində çalışır və o, daşıdığı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, rayonun Gəngən kənd sakini Ağayev Ramin Əlpaşa oğlunu özünə şəxsi sürücü götürür. Qeyd edək ki, bu iki şəxs Gəngən kənd İnzibati Ərazi Dairəsi Üüzrə Nümayəndəliyin (İƏDÜN-in) ərazisində yaşayırlar. Söylənilənlərə görə, Neftçala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi vəzifəsini daşıyan bu şəxs, sürücü vəzifəsinə işə götürdüyü Ramin Ağayevə hər ay əmək haqqı yazır, amma ayda ona cəmi 30-40 manat pul verir və qalan pulları isə özü mənimsəyir. Çünki, Ramin Ağayevə məxsus əmək haqqı kartının Alim Rüstəmovda olduğu söylənilir. Bundan əlavə, bir neçə sosial işçiyə aid əmək haqqı kartının da, məhz idarə rəisində olduğu və həmin şəxslərə yazılan əmək haqlarının hər ay rəhbərlik tərəfindən mənimsənildiyi də iddia olunur. Neftçala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisinin hər gün saat 10-da işə gəldiyi və saat 15:00-da, yaxud da16:00-da işdən getdiyi, eyni zamanda süni mayalanma işində də çalışdığı söylənilir. Hətta, bu şəxsin xırda əkinçilik işləri ilə də məşğul olduğu, dövlətin ona verdiyi nəqliyyat vasitəsindən şəxsi işlərində istifadə etdiyi də dilə gətirilir. Dolaşan söz-söhbətlərə görə Alim Rüstəmovun bu cür əməllərinə Neftçala DAİM-in direktoru Ramil Salmanov göz yumur və hətta ona havadarlıq da edir.
Redaksiyamıza belə bir sensasion məlumat da daxil olub ki, 2020-ci ilin dekabr ayında süni mayalama mütəxəssislərindən pul yığılmasına qərar verilir. Yəni, idarənin sabiq aparıcı həkimi Qəhrəman Tahirovdan mərkəzin rəisi Alim Rüstəmov 500 manat pul tələb edir. Elə ki, Qəhrəman Tahirov belə bir məbləğ pulun imkanı xaricində olduğunu və düzəldib verə bilməyəcəyini deyir, o halda həm Mərkəzin, həm də Neftçala DAİM-in rəisi tərəflərindən ona qarşı təhdidlər və təqiblər artmağa başlayır. Son anda hər iki vəzifə sahibi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA-nın) sabiq sədri Mirzə Əliyevə çıxırlar və Qəhrəman Tahirovun “torba”sını bu şəxsin vasitəsilə tiksələr də, sonda daxili əmri mərkəzin rəisi Alim Rüstəmov verir. Yəni, bu üçlüyün düzüb qoşduqları plan baş tutur və Qəhrəman Tahirov daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Hətta, Alim Rüstəmovun verdiyi əmrdən əvvəl, Mirzə Əliyevin 04 fevral 2021-ci il tarixli 07 nömrəli əmri ortaya çıxır və Qəhrəman Baloğlanov əməlli-başlıca tənbeh olunur. Bu cür hoqqalardan sonra, sabiq aparıcı həkim Konstitusiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində addımlarını atmağa, pozulmuş hüquqlarını qorumağa və tələb etməyə başlayır. Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az