“Yağışdan çıxıb, yağmura düşmüşəm”...- Əvvəli bilinən amma axırı görünməyən "bəla"... ŞİKAYƏT
2-03-2023, 10:26
18 dekabr 2020-ci ildə saytların birində “Mənzil şirkəti yazıçını aldadıb” adlı müraciətim dərc
edilmişdi. Həmin müraciətim 20-dən artıq saytda yayımlanmışdı. Aldanılmağımın mətbuatda geniş
yayılmağından narahat olan “Abşeron A1” MTK-nın iş icracısı, əslində isə şirkətə rəhbərlik edən
Babayev Bakir məni qəbuluna çağırdı. Hansı ki, əvvəllər aylarla çalışsam da, heç cürə onunla
görüşməyə imkan verilmirdi.
Bakir Babayev qəbulunda bildirdi ki, “AbşeronA1” MTK-nın möhür və blanklarından istifadə
etməklə xeyli adamı aldadan Ağayev Ağamoğlan Bulud oğlu guya neçə vaxtdır sədrlikdən azad
edilib, daha onun şirkətə aidiyyəti yoxdur. “Onun həbs edilməsinin sizə bir faydası olmayacaq. Neçə
illər bir yerdə işləmişik, mən də istəmirəm onun həbsini. (Ağamoğlan ikilikdə mənə etiraf etmişdi
ki, pulun hamısını özünə yox, şirkətə də xərcləyib.) Sizə mənzil lazımdır, sizi mənzilsiz
qoymayacayıq. Bizim binada boş mənzil qalmayıb, vəziyyətdən çıxış üçün gəlin razılaşın,
Xırdalanın mərkəzində, gözəl bir yerdə, “Proqress 2016” MTK var. Müdiri Emil Səməndərov yaxın
qardaşımızdır. Ağamoğlana ödədiyin pulu biz ona verəcəyik. Onun binasında mənzilini də, maliyyə
arayışını da, ödəmə qəbzini də - hamısını alacaqsan. Amma, gərək əlavə 5 min manat da ödəyəsən,
başqa cür mümkün deyil.”
Aldadıldığıma görə çəkdiyim vicdan əzabından, sıxıntılardan, Ağamoğlandan qurtulmaq üçün
razılaşdım. Bankdan 5 min manat kredit götürdüm. 27 avqust 2021-ci ildə mənzil müqaviləsi
bağlandı, deyilən qaydada ümumi ödəniş qəbzi verildi, söhbət maliyyə arayışının üstünə gələndə
Emil etiraz etdi ki, yenə 2500 manat da ödənsin, arayışı sonra verəcəyəm. Mən razı olmadım.
Ağayev Ağamoğlan məni yola gətirmək üçün müqavilənin aşağısında öz xətti ilə yazıb qol çəkdi ki,
“qalan 2500 manatı özüm ödəcəyəm”.
Ay yarımdan sonra MTK-nın ofisində pul yığan “xanım” zəng edib, qalan borcu da gətirməyi tələb
etdi. Ağayev Ağamoğlan həmişəki kimi sözünün üstündə durmadı. Mənə yenə “xəyalplov bişirdi”
ki, o pulu mənzilin təmirində verəcək. Məcbur olub, yenə arayış almaq xatirinə bankdan 2500 manat
da götürüb Emilə verdim, mənzilin haqqının tam ödənildiyi barədə maliyyə arayışı aldım. O zaman
müqavilədə yazılan 5-ci blokun 89-cu mənzilinin yerləşdiyi 14-cü mərtəbə təzə tikilirdi. Otağını
Quran nüsxələri, Əli əleyhissalamın qılıncının şəkli ilə bəzəyən, surədən, ayədən misal gətirən,
“imzama başımla cavabdehəm” deyən Emil Səməndərov başqaları kimi məni də arxayınlaşdırdı ki,
“uzağı beş-altı aya mənzil hazır olacaq, xəbər edəcəyəm gəlib təmirinə başlayarsız”.
Şübhəsiz, bütün bunlar Babayev Bakirin hesabına alındı. Yoxsa, Emil Səməndərov Ağayev
Ağamoğlanı adam yerinə saymırdı. Qoçu mühafizəçilərin əhatəsində onu günlərlə, həftələrlə
qapısının ağzında saxlayırdı.
Bir az rahatlansam da, ürəyimdə “yağışdan çıxıb yağmura düşməyimə” şübhələrim vardı.
İnternetdən öyrənmişdim ki, Emil Səməndərov bir mənzili dəfələrlə satmağa adətkar imiş.
Dələduzluğuna görə 4 dəfə məhkəmədə ittiham olunub, hər dəfə də cərimə cəzası ilə sudan quru
çıxıb. Demək, onu qoruyan “güclü əl” vardı. Hər kəsin hünəri ola bilməzdi bu qədər işlərə görə həbs
edilməsin, azadlıqda bəy balası kimi gəzsin. Hərəkətlərindən, səsinin tembrindən, qəbuluna gələn
adamları hədələməyindən də, görünürdü ki, arxasız deyil.
Mən Ağayev Ağamoğlana deyəndə, “deyirlər Emil bir evi 4-5 dəfə satır, siz məni başınızdan etmək
üçün bilərəkdən problemli binaya caladız”, cavab verirdi ki, “o, özündən əvvəlki rəislərin vaxtında
satılanları satır, özü tikdirdiyi 5-ci blokda təkrar satış yoxdur. Bu binanın “krışası” çox böyük
adamdır, korrupsiya idarəsi daim binaya, mənzillərin satışına nəzarət edir”.
Artıq il yarıma yaxın vaxt keçib, 14 və 15-ci mərtəbələr də tikilib, Lakin hələ ki, mənzillərin
divarları hörülməyib, boş meydan vəziyyətindədir. Vətəndaşlar da, nəhayət, 17 ildir gözləməkdən
bezib keçən payızdan – oktyabr ayından səslərin ucaltmağa, haqqlarını aramsız tələb etməyə
başlayıblar. Prezident Aparatına edilən çoxsaylı müraciətlərə görə Emil Səməndərova cinayət işi
açılıb və 26 dekabrda qəti imkan həbs tədbiri seçilib.
Məlum olub ki, 364 mənzilin doxsan faizi hər biri 4 adama satılıb. Mindən çox adamın pulu alınıb,
yeyilib, aldanılıb. İnanılmazdır, bu qədər pulu Emil Səməndərov tək mənimsəyib. Yeyintinin həcmi
Emilin boğazının ölçüsünə uyğun deyil. Qanunsuzluq onun əli ilə edilib, indi də “hünəri”
sənədləşdirilib, “əziyyəti” nəzərə alınaraq mühafizəli “istirahətə” göndəriləcək. Yəqin ki, dörd-beş il
burjuy kimi dincələndən sonra, şərti cəza alıb, azadlığa çıxacaq. Vəssalam, dələduzların böyük
“oyununun” nikbin finalı...
Bəs Ağamoğlan deyirdi ki, “binaya nəzarət edilir”, bu necə nəzarətdir, əksər hər mənzil 4 şəxsə
satılıb?.. On ildən çoxdur bu binaya sanki “zəlzələ” düşüb. Onlarla mənzil payçıları şəkərdən,
infarktdan dünyasını dəyişiblər. İnternetin “YouTube” şəbəkəsi son beş ildə “Proqress 2016” MTK-
ya aid etiraz videoları ilə aşıb-daşır. Doğrudanmı yüzlərlə insanın boğazından kəsib mənzil almaq
üçün verdikləri pullar havaya gedəcək? Doğrudanmı bu qədər adamı dövlətimizdən, hökumətdən
acıqlı, narazı salacaqlar?..
İllərdir davam edən bu “unikal” dələduzluqdan yüzlərlə edilən şikayətlər nəticəsində daha,
yuxarıdakı bütün səlahiyyətlilər xəbərdardırlar. Hazırda istintaqda ifadəmizi və əlimizdəki
sənədlərin əsillərini alıb biz zərərçəkmişlərə vəd edilir ki, heç kəs diqqətdən kənarda qalmayacaq,
hamının bu və ya digər formada zərəri ödəniləcək. Daim aldadıldığımıza görə, adamın heç inanmağı
gəlmir. Ancaq inanmaqdan başqa çarəmiz də, yoxdur. Ümid sonda ölür. Görək necə olacaq...
Rövşən (Həsənli) Yerfi
yazıçı-publisist
Teref.az