Sənətkarlarımızın “həmkarlar haqqı” necə yeyilir? — Səttar Möhbalıyevin “putyovka” maxinasiyası...

3-03-2023, 08:59           
Sənətkarlarımızın “həmkarlar haqqı” necə yeyilir? —
Bu yaxınlarda Xalq artisti Ramiz Novruzun dəfni ətrafında yaradılan süni qalmaqal hər birimizin ağrı ilə qarşıladığı mənzərə idi və hər kəs bu məsələdə Mədəniyyət Nazirliyini tənqid etdi. Halbuki, məsələnin birbaşa ünvanı Mədəniyyət Nazirliyi yox, Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasıdır (AHİK). Çünki həmkarları birləşdirən bu təşkilatın əsas işi, daha doğrusu borcu belə hallarda önə çıxmaqdır.

Ramiz Novruzov boyda sənətkar yada düşmədi, nə dəfndə iştirak etdilər, nə də dəfnin xərclərində. Axı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həm də mədəniyyət işçilərini də əhatə edir və maliyyələşməsini həm də bu sahədən “həmkarlar haqqı” olaraq toplanan vəsaitdən təmin edir.

Nədənsə bütün tənqidlər Mədəniyyət Nazirliyinə yönəldiyi vaxt, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi gizlənməklə məşğuldur. Halbuki, başını quma soxan dəvəquşuya bənzəyirlər, çünki hər şey ortadadır, bircə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından və sədri Səttar Möhbalıyevdən başqa...

Azərbaycanda hələ SSRİ dövründən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına böyük miqdarda miraslar qaldı. Bu miras Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, yaxud Səttar Möhbalıyevin şəxsi mülki yox, hər kəsin idi. Xalq artistlərindən tutmuş media nümayəndələrinə, mədəniyyət xadimlərindən müəllimərə qədər hər kəs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı sağlamlıq mərkəzlərindən yararlanmalıdır.

Bəs neçə nəfər bu hüquqdan yararlandığını deyə bilər?

Yaxud elə “ortada qoyduqları” Xalq artisti Ramiz Novruz nə vaxtsa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi istirahət mərkəzinə aparılmışdımı?!

Cavabın mənfi olduğu bəllidir. O zaman, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası heç olmasa dəfn xərclərini ödəyərdi, niyə “dəvəquşu” kimi gizlənirlər?!

Ümumiyyətlə, sonuncu dəfə Səttar Möhbalıyevi nə zaman görən olub?

Onu sonuncu dəfə kimin gördüyü bəlli deyil. Sanki “evdən çıxıb, bir daha geri qayıtmayıb”. Nə medianın qarçşısına çıxır, nə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gördüyü “işlər”dən danışır. Sakitcə bir guşəyə çəkilib, həmkarlar adı altında böyük mirası həzm-rabedən keçirməklə məşğuldur.

Biz demirik, mediada bu haqda yetərincə informasiya yayılıb. Onlardan bir neçəsinə nəzər yetirmək bəs edir ki, Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı obyektləri satıb “yediyini” anlayaq.

30 ildir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədrlik edən, daha dəqiq desək, bu postdan möhkəm yapışıb getmək istəməyən Səttar Möhbalıyev bu təşkilatı özünün ailə qurumuna çevirib.

Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələr departamentinin məsul işçisidir.

Qızı lalə Möhbalıyeva isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür.

Məlumatlara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xaricdəki tədbirlərində birmənalı olaraq sədrin xanımı və qızı iştirak edirlər.

Misal üçün, Səttar Möhbalıyevin xanımının Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətinin olduğuna dair məlumatlar var. Şirkət 2009-cu ildə 380 min lirə kapitalla İstanbulda qeydiyyatdan keçib. Şirkətin Türkiyədə ticarətlə, turizmlə məşğul olan şöbələri, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlara malikdir.

Başqa bir məlumatda qeyd olunur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı “Kurort” Səhmdar Cəmiyyəti “putyovkaları” (yollayışları) satmaqla məşğuldur. “Kurort”a 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir.

Mediada yayılan məlumatlardan da aydın görünür ki, Səttar Möhbalıyevin yüzmilyonlarla sərvəti var və sirr deyil ki, bu sərvətin qaynağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, yəni xalqın malıdır.

Ramiz Novruzov kimi sənətkarlarımızın ölməli yox, istirahət etməli yerlər ya Səttar Möhbalıyev tərəfindən satılıb, ya da “dost-tanışın” oylağına çevrilib.

Belə görünür ki, 30 ildir Milli Məclisdə kreslo da zəbt edən Səttar Möhbalıyevin nə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından, nə də qanunverici orqanda tutduğu yerdən imtina etmək niyyətində deyil. Başını quma soxub, düşünür ki, hamıdan gizlənib, amma anlamır ki, hər şey ortadadır və hər kəs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının necə çapıb-talandığını da görür, kimin taladığını da!

Zaur Hacılı
Demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.