Göyçay Yol Polisinin qazimizlə nə ədavəti var? - ŞİKAYƏT..

18-04-2023, 09:05           
Göyçay Yol Polisinin qazimizlə nə ədavəti var? - ŞİKAYƏT..
Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ünvanlanan müraciətdə deyilir:

"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyi olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız.
Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir.
Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."
Teref.az olaraq şikayət məktubunda toxunulan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dinləmçəyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.