Tariyel Əhmədovun qətli ilə bağlı şok iddialar – Ailəsi ölkə rəhbərliyinə müraciət etdi
5-07-2023, 07:56
“Təfəkkür” Universitetinin prorektoru və həmtəsisçilərindən biri olmuş Tariyel Əhmədovun qətlində sözügedən ali təhsil ocağının rektoru olmuş Müşfiq Atakişiyevin adı hallandırılır.
Tariyel Əhmədovun ailəsi qətlin təşkilatçısı kimi Müşfiq Atakişiyevin adını çəkir. Onlar bununla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Tariyel Əhmədovun ailəsi yazır:
“Bu işin əsas təşkilatcısı və himayədarı Müşfiq Atakişiyevdir. O, cinayət məsuliyyətinə cəlb olunsun. Əlimizdən zorla aldığı əmlak geri qaytarılsın. Biz mərhumun ailəsi olaraq inanırıq ki, bu iş düzgün aparılarsa, qətlin icraçısı Dəyanət Quliyev qətlin sifarişcisi olan öz doğma dayısı Müşfiq Atakişiyevin adını çəkəcək. Bundan sonra Müşfiq Atakişiyev məsuliyyətdən kənarda qala bilməyəcək”.
Ətraflı
Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında amansızcasına qətlə yetirilib. 2023-cü ilin aprelində Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq Tariyel Əhmədovu qətlə yetirən sabiq polis əməkdaşı Dəyanət Quliyevin həbs olunduğunu açıqlayıb. Məlum olub ki, Dəyanət Quliyev həbsindən 2 il qabaq təqaüdə çıxıb. O, DİN-in 7-ci bölməsinin əməkdaşı olub. Həbsindən sonra Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5 – tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Mərhumun ailəsi isə Dəyanət Quliyevin sifariş yerinə yetirdiyini iddia edir:
“Tariyel Əhmədov səhər saat 6-da idman formasında məşq eləyən zaman qətlə yetirilib. Yəni qətlə yetirilən zaman onun əynindəki geyim idman forması olub. İdman formasının cibində təbii ki, hansısa böyük məbləğin olması ağlasığmazdır. İstintaq Dəyanət Quliyevə düzgün ittiham verməyib. Səhər saat 6-da idman formasında olan insanı tamah məqsədi ilə qətlə yetirmək olardı? Bu işdən az da olsa məlumatlı olan hər kəsə məlumdur ki, qətlin təşkilatcısı “Təfəkkür” universitetin rektoru və həmtəsisçilərdən biri olan Müşfiq Atakişiyevdir. Müşfiq Atakişiyev bu cinayəti ört-basdır etmək üçün milyonlar xərcləyib. Bunu özü deyir və gizlətmir. O deyir ki, buna görə mənə heç kim, heç nə edə bilməz.
Tariyel Əhmədovun qətlindən sonra universitetin ətrafındakı boş torpaq sahəsi və idman kompleksi özəlləşdirilib. Halbuki qətlə qədər Atakişiyev bunu edə bilmirdi. 12 ildir bu iş düzgün aparılmır, qətlin sifarişcisi kənarda qalıb, adı heç bir yerdə hallanmır. Onun qətli gizlətmək üçün milyonlar xərclədiyi adamlar bu gün də vəzifədədirlər və onu yenə də himayə edirlər”. \\Hit.az