“Azercell” də bahalaşma kampaniyasına QOŞULDU…

11-01-2024, 08:05           
“Azercell” də bahalaşma kampaniyasına QOŞULDU…
“Azercell” yeni ilə təzə tariflərlə başlayıb. Şirkət yanvar ayından etibarən internet paketlərinin qiymətlərini artıracağını açıqlayıb. Sözügedən artım yanvarın 8-də nəzərdə tutulsa da, bu müddət uzadılıb. Belə ki, “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketləri ilə bağlı qiymət dəyişikliyi fevralın 19-dan tətbiq ediləcək.

“Azercell”in son yeniliyinə əsasən isə, hazırda mövcud olan bəzi internet paketləri ləğv edilir və daha baha qiymətə yeni paketlər təqdim edilir. Belə ki, 500 MB internet paketinin tarifi 3 manatdan 4 manata, 30 GB internet paketi isə 25 manatdan 29 manata qaldırılıb. 1 GB internet paketi ləğv edilib, yeni 1,5 GB internet paketi yaradılıb və qiyməti 6 manat müəyyənləşib.

10 manata olan 5 GB internet paketi ləğv edilib, əvəzində 12 manatlıq 6 GB internet paketi yaradılıb.

15 manata olan 10 GB internet paketi ləğv edilib, əvəzində 19 manatlıq 12 GB internet paketi yaradılıb.

30 manata olan 50 GB internet paketi ləğv edilib, əvəzində 39 manatlıq 55 GB internet paketi yaradılıb.

Bundan əlavə, günlük paketlərin siyahısında da dəyişiklik edilib. Belə ki, günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə qaldırılıb. Günlük 1,2 manat olan 500 MB internet paketinin həcmi 1000 MB-yə, qiyməti isə 1,5 manata qaldırılıb.

500 MB aylıq internet paketinə yeni qoşulmalar fevralın 19-dək dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Ölkənin ən böyük mobil operatorunun son vaxtlar verdiyi qərarlar istifadəçiləri arasında ciddi narazılığa səbəb olub. Abunəçiləri “Azercell”in onların cibinə girdiyini artıq açıq şəkildə dilə gətirirlər. İstifadəçilərin şikayəti bununla da bitmir. Onlar bildirirlər ki, qiymətlər yüksəlsə də, xidmət səviyyəsi qat-qat aşağıdır.

Statistikaya baxanda görmək olur ki, mobil operatorun təqdim etdiyi orta keyfiyyətli xidmətlər orta hesabla dünya qiymətlərindən bir neçə dəfə bahadır. Qonşu ölkələrdə isə mobil tariflər gündən-günə ucuzlaşır. Təbii ki, istifadəçilərin qiymət fərqi ilə barışması mümkünsüz görünür.

Çünki bu, istifadəçilərin “Azercell”ə qəzəbinin artmasına səbəb olur. “Azercell”in son tarifləri abunəçilərini kobud şəkildə desək, “Kasıbsansa, abunəçim olma!” fikrinə gətirib çıxarır.

Şirkət isə bahalı trafiki, bahalı datanı satmaqla işinin bitdiyini hesab edir. Halbuki, əhalinin mütləq əksəriyyəti internetdən istifadə etdiyi üçün qiymətlərə yenidən baxılmalı və ya qiymətlər əlçatan səviyyəyə endirilməlidir.

“Azercell” verdiyi qərarlarla gəlirlərini artırmağı düşünsə də, görünür, itirəcəyi abunəçi sayını nəzərə almayıb. Bəlkə də, “Azercell” istifadəçiləri üzərində “qələbə” qazanacaq. Amma ümid edək ki, ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell”in qələbəsi “Pirrin qələbəsi”nə dönməyəcək.

Sonda isə nə deyək? “Qazanc”ın bol olsun, “Azercell”! (Sfera.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.