Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ

19-05-2024, 00:09           
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
"Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Bu sağlamlıq müəssisələri AHİK-in maliyyə imkanları çərçivəsində vaxtaşırı təmir edilməklə müasir tələblər səviyyəsinə gətirilib".

Bunu TNS-ə AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov bildirib.

Onun sözlərinə görə, sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir: "Hər il sanatoriya-kurort müəssisələrində orta hesabla 130 000-ə yaxın, o cümlədən sosial sığorta vəsaitləri hesabına 20 000 vətəndaşımızın respublikanın müxtəlif müalicə və istirahət mərkəzində istirahəti təşkil olunur. AHİK-in üzv təşkilatlarından olan Təhsil, Rabitə, Dəmiryolçular, Dövlət İdarələri və İctimai Xidmət, Səhiyyə İşçiləri həmkarlar ittifaqı respublika komitələrinin istirahət evlərində də işçilər dincəlirlər. İttifaq üzvü ərizə ilə müraciət etməklə, yollayışı çalışdığı müəssisənin həmkarlar ittifaqı komitəsindən alır və bu zaman işçi yollayışının dəyərinin yalnız 15%-ni ödəyir, qalan məbləğ isə həmkarlar ittifaqı tərəfindən ödənilir".

Qurum rəsmisi qeyd edib ki, ittifaq üzvlərinə verilən hər 10 yollayışdan biri pulsuzdur.

AHİK tərəfindən vətəndaşlara yollayışın verilmədiyini söyləyən qurum rəsmisinin dediyinə görə, hər ilin əvvəlində yollayışın bölgüsü aparılır: "Yollayışlar bölgü əsasında alınaraq yalnız sahələrdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən vətəndaşlara verilir. Onların hansı işçiyə verilməsi də növbəlilik qaydasında həmkarlar ittifaqı təşkilatları tərəfindən müəyyən edilir”.

R. Nəsirov deyib ki, AHİK və onun üzv təşkilatları Vətən Müharibəsi, ondan sonrakı dövrdə 19 milyon manatdan artıq vəsait xərcləyib: "Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 41 min 890 manat ianə edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə muxtar respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat, Qarabağ Dirçəliş Fonduna 1 milyon 240 min 170 manat vəsait köçürülüb, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 329 min 954 manat, “YAŞAT” Fonduna 680 min 876 manat ianə edilib. Şəhid və qazi ailələrinə 4 milyon 624 min 163 manatlıq birdəfəlik yardım göstərilib".

Onun sözlərinə görə, qurum tərəfindən 205 şəhidin 400-dən artıq övladı himayəyə götürülüb: "Onların hər birinə 18 yaşına çatana qədər hər ay pul ödənilməkdədir. Sahə həmkarlar ittifaqları tərəfindən mütəmadi olaraq şəhid və qazi ailələrinə yollayışlar verilir. O cümlədən, AHİK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsait köçürülüb. 2020-ci ildən bu yana AHİK 68365 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələrinə ərzaq yardımı göstərib".

Şöbə müdiri işsizlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü də bildirib: "AHİK işsiz və iş axtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Memorandum imzalayıb. Memoranduma uyğun olaraq, AHİK 900 000 manat məbləğində maliyyə vəsaiti ayırıb. Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə də Konfederasiya arasında sosial həssas əhali qrupları üzrə sahibkarlığın inkişafına yardım göstərilməsi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb və müvafiq olaraq 450 000 manat vəsait ayrılıb".

O qeyd edib ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında iki ildən bir müxtəlif sahələrdə çalışan çoxsaylı həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin qarantı olan Baş Kollektiv Saziş imzalanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.