Cəngəllik qanunları ilə idarə olunan Azərbaycan səhiyyəsi: "Respublikanski"dəkı dəhşətli əməllər

27-05-2024, 12:38           
Cəngəllik qanunları ilə idarə olunan Azərbaycan səhiyyəsi:
Uzun illərdir ki, "Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verənlər, buradakı bərbad idarətmə və rüşvətxorluq halları mediada, həmçinin ictimaiyyətdə müzakirə olunsa da, ciddi tədbir görülmür.

Ölkədə səhiyyə siyasətinin iflas etdiyi bir dövrdə problemlərin bu şəkildə artması artıq təəccüb doğurmur.

Səhiyyə Nazirliyi kimi yarıtmaz bir qurumun olduğu, buna rəğmən onun səlahiyyətlərinin bölüşdürüldüyü TƏBİB-in mövcud olduğu ölkədə bu problemlərin olduğu da gözləniləndir.

İndi Azərbaycan səhiyyəsi yalnız Afrikanın cəngəllik qanunları ilə idarə olunan ən geridə qalmış ölkələri ilə müqayisə oluna bilər. Təsəvvür edin ki, bir ölkədə ən azı 3 səhiyyə nazirliyi var, amma problemlər həllini tapmır.

İndi də gəlin şikayətlərin və faktların dili ilə danışaq:

"Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan idarəçilik, oradakı özbaşınalıqlar, rüsvayçılıqlar o həddə çatıb ki, adamın tükləri az qala biz-biz olur. Sanki xəstəxana yox, sallaqxanadır. Bir misal var, qulaq hər gün təzə söz eşitməsə, kar olar. İndi "Respublikanski"də baş verənlər haqda hər gün bir söz eşitməkdən ya adam kar olar, ya da, hansısa xəstəlik tapar. Çünki baş direktor Elviz Qasımovun yaratdığı dözülməz mühit haqda xəbərlər insanda əsəb, stress əmələ gətirməyə bilməz. İndi görün ki, xəstəxanada işləyənlər və müraciət edən xəstələr nələr keçirirlər. Bizim məqsədimiz oxucularla bu informasiyaları bölüşməklə onlara hər hansı mənfi enerji ötürmək, stressə səbəb olmaq deyil, sadəcə, Elviz Qasımovun direktor olduğu gündən bəri Respublika Klinik Xəstəxanada nələr baş,verdiyini elə oranın 30 ildən çox cərrah, mama-ginekoloqu Bahar Novruzovanın dilindən eşidək".

"Arqument.az" xəbər verir ki, bu fikirlər "Səngər TV"-nin canlı yayımında jurnalist Aqil Alışovun təqdimatında "Hədəfə doğru" verilişində həkim Bahar Novruzovanın dilindən səsləndirilib.

B. Novruzova adıçəkilən xəstəxanının direktoru Elviz Qasımovu faktlarla "yaş yuyub, quru sərib" və Səhiyyə Nazirliyinin, TƏBİB-in, bütövlükdə ölkə rəhbərliyinin nəzərinə tükürpədici faktlar çatdırıb.

Həkim deyir ki, Elviz Qasımov az qala burada mafioz bir qruplaşma yaradıb.

Onun sözlərinə görə, yanvar ayında Bakıda "oksadin" dərmanı tapılmayıb. O, Türkiyədən həmin dərmanları sifariş edib. Çünki bu dərman olmadan doğuş əməliyyatına girmək risklidir.

Mama-ginekoloq dərmanı həkimlərə paylayıb. Bundan əlavə, xəstəxanada bir il dezinfeksiya aparatı işləməyib, ona görə xəstələrə aldırıblar. Bütün bunlarla yanaşı, direktor Elviz Qasımovun Pərviz adlı mühafizəçisi həkimlərin şkafını dağıdıb-töküb, paltarlarını yerə tullayıb gedib. Yəni bu dərəcədə harınlıq, müştəbehlik, özbaşınalıq və qudurğanlıq hökm sürür.

Bu azmış kimi, mühafizəçi cərrah Novruzovanı xəstəxanaya aid dərmanları oğurlamaqda ittiham edib, halbuki həmin preparatlar ginekoloqun sifarişi ilə şəxsən gətirilib, özünə məxsusdur.

Xəstəxanada olmayan dərmanları gətirib qanaxma, şok əleyhinə istifadə edən cərraha təşəkkür etmək yerinə Novruzova işdən azad edilib. Ümumiyyətlə, məlum olur ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi Respublika Klinik Xəstəxanasına yetərincə dərman, tibbi ləvazimatlar ayırmır. O zaman bu qurumlar ölkənin ən böyük, ən çox tələbat olan bu xəstəxanasını böyrü üstə saxlamaqla nə etmək fikrindədirlər?

Bir sözlə, "Respublikanski" adlanan xəstəxana Elviz Qasımov və onun mafioz komandasının cəngindədir.

Ən dəhşətlisi odur ki, bütün bu faktlar üzə çıxandan sonra yoxlama aparılıb. Nəticədə direktor Elviz Qasımovun katibəsi, özünü ağa kimi aparan və şkafları sındıran mühafizəçi Pərviz, daxili nəzarətin iki xanım əməkdaşı, baş həkimin müavini Mahir doktor işdən çıxarılıblar, amma bu biabırçı şəraitin, hərbə-zorbalığın yaranmasına səbəb olan direktor Elviz Qasımov hələ də işinin başındadır və "gözün üstə qaşın var" deyən yoxdur...

Hər halda, faktlar, sübutlar danışır. Əgər bu qədər həqiqətlər üzə çıxırsa, Elviz Qasımovun qurduğu rejim ifşa olunursa, lakin yenə də ona heç bir töhmət belə verilmirsə, xəstəxanada özbaşınalıqlar davam edirsə, deməli, ciddi şəkildə himayə olunur.

"Arqument.az" həkimin səsləndirdiyi iddialarla bağlı Mirqasımov adına Respublika Klinik Xəstəxanasından mövqe öyrənə bilməyib.

Hər bir halda həmin verilişin və həkimin səsləndirdiyi iddiaları təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.