Qeyri-şəffaflığa və hesabatlılığın aşağı səviyyəsinə aid DSMF nümunəsi... - Fəaliyyəti "qaranlıq"dır

3-07-2024, 11:46           
Qeyri-şəffaflığa və hesabatlılığın aşağı səviyyəsinə aid DSMF nümunəsi... - Fəaliyyəti "qaranlıq"dır
Ölkədə pensiyaların verilməsi, hesablanması, ümumiyyətlə, məbləği ilə bağlı ciddi problemlər yerində qalır. Çünki fondun xüsusilə büdcə-maliyyə fəaliyyətində hesabatlılıq və şəffaflıqla bağlı böyük boşluqlar var. Mütəxəssislər hesab edir ki, nəzərəçarpan nöqsanlardan biri də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) icra edilmiş büdcəsinə rəy verilməməsidir. Qanunvericilik bir növ fondun qarşısında informasiya açıqlığı funksiyası da qoyur. Amma DSMF-nin fəaliyyəti ilə bağlı qaranlıq tərəflər çoxdur.
Bizimyol.info xəbər verir ki, DSMF barədə cəmiyyətə məhdud statistika təqdim olunur. Məsələn, yalnız pensiyaçıların ümumi sayını bilirik. Ölkədə cəmi 1 milyon 96 min nəfər pensiya alır. Son bir il ərzində pensiyaçı sayında 18 min nəfərdən çox azalma da qeyd olunur. Yəni indi ölkə əhalisinin 10,8 faizi pensiya ala bilir.

Bundan başqa, fondun büdcəsi ilə bağlı ümumi məlumatlar verilir. Bilinir ki, DSMF-nin həm gəlirləri, həm də xərcləri 6 milyard 919 milyon 860 min manat olub. Vəssalam, daha müfəssəl məlumat tədqim olunmur.

DSMF hesabatlılıqla bağlı hansı öhdəlikləri üzərinə götürməliydi? Birincisi, gəlilər və xərclərlə bağlı geniş hesabat yoxdur. Bilmirik ki, fonda özəl biznesdən və ya dövlət sektorundan daxilolmaların pay bölgüsü nə qədərdir. Özəl sektorun payını bilmək lap yaxşı olardı. Araşdırmalar, tədqiqatlar belə məlumatlar əsasında formalaşır. Amma fond mümkün qədər geniş rəqəmlər toplusu təqdim etməməyə çalışır.

İkincisi, pensiya növləri üzrə xərclər səthi verilir. Ayrı-ayrı növlərin payını yenə bilmək olmur.

Üçüncüsü, median pensiya barədə danışılmır. Ümumiyyətlə, “median” ifadəsi ölkədə xoşlanılmır. Çünki həm median əməkhaqqı, həm də median pensiya bu istiqamətlərdəki vəziyyəti aşkar göstərir. Yalnız bildirilir ki, orta aylıq pensiya 492,3 manatdır. Məlum məsələdir, ölkədə 1500-2000 manat pensiya alan xüsusi kateqoriyalar var. Onlarla bağlı heç bir məlumat verilmir. DSMF adicə onların ümumi sayını deməkdən çəkinir. Orta aylıq pensiyanın daha yüksək görünməsində həmin kateqoriyada yer alanların xüsusi payı var. Median pensiyanın orta aylıq pensiyadan xeyli aşağı olduğunu düşünürük. Yəni durum göstərildiyindən xeyli pisdir.

Bölgələr üzrə də məlumat qıtlığı var. Ümumiyyətlə, fond maksimum çalışır ki, araşdırmalara imkan yaranmasın. Yəni maliyyə məsələsini qurdalayanlar olmasın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.