Daha bir icra başçısı da yola salınır — Daxili siyasətdə mühüm mərhələ başlayıb
13-07-2024, 08:44
Azərbaycanda artıq sistemli hala gələn kadr və struktur islahatları öz tempi ilə davam edir. Xüsusən sentyabrın 1-i keçiriləcək parlament seçkilərindən əvvəl dəyişikliklərin geniş vüsət alacağı, əsasən icra hakimiyyəti orqanlarını əhatə edəcəyi bildirilir. Yenilənmə çərçivəsində bəzi icra başçılarının postunu tərk edəcəyi vurğulanır.
TEREF Globalinfo.az-a istinadən bildirir ki, vəzifəsindən getməsi gözlənilən məmurlardan biri də Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovdur.
Qeyd edilir ki, onun işdən çıxarılmasının əsas səbəbi bu vəzifədə çoxdan fəaliyyət göstərməsidir. Deyilənə görə, onu bir başqa rayona icra başçısı göndərə bilərlər. S.Mikayılovun deputat kimi Milli Məclisdə təmsil olunacağı barədə də iddialar var. Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun da bugünlərdə işdən çıxarılacağı, parlament seçkilərində mandat almaq uğrunda mübarizəyə qoşulacağı qeyd edilir.
Mənbə bildirir ki, S.Mikayılovun fəaliyyətindən xüsusi narazılıq yoxdur. Dövlətin ona tapşırdığı işlərin öhdəsindən müəyyən qədər gəldiyi deyilir. Vətən müharibəsindən sonra qazilərlə və şəhid ailələri ilə işi də qənaətbəxş sayılır. Onun eyni rayonda uzun müddət vəzifədə qalması istər-istəməz fəaliyyətində durğunluq yaradıb. Bu səbəbdən başçının yenisi ilə əvəzlənəcəyi deyilir.
Uzun müddətdir vəzifədə olan və artıq dövlətin yürütdüyü genişmiqyaslı daxili siyasətlə ayaqlaşa bilməyən icra başçılarının vəzifəsindən uzaqlaşdırılacağı haqda deyilənlər xeyli məntiqli görünür.
O da vurğulanır ki, dövlət bu qəbildən olan icra başçılarının illərlə müxtəlif yollarla mənimsədiyi milyonların şəhid ailələri və qazilərin qayğılarına yönəldilməsinə nail olub. İndiki mərhələdə praktiki olaraq “fəaliyyətini dayandırmış” bu başçıların daha savadlı, dövlətin siyasətini icra etmək gücündə olan uğurlu kadrlarla əvəz edilməsi nəzərdə tutulur.
Prosesləri ümumiləşdirəndə belə qənaətə gəlmək olar ki, ölkənin daxili siyasətində yeni və mühüm mərhələyə qədəm qoyulur.