BALAKƏN MƏHKƏMƏSININ QƏTNAMƏSI NIYƏ ICRA OLUNMUR?Müəllif: Dəryaz Oraqov 9 августа 2024 / ŞİKAYƏTLƏR
12-08-2024, 15:14
Aliment ödəməkdən yayınan boşanmış ər keçmiş arvadına: “Uşağı saxlaya bilmirsən, ver göndərim kəndə, anam saxlasın”
Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir. Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir. Bundan sonra, əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin üçdə bir hissəsinə, icra məmuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir. Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına). Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində tutulması haqqında qətnamə qəbul edir.
Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.
Bəs aliment ödənilmədiyi təqdirdə şəxs nə kimi məsuliyyət daşıyır?
Şahverdiyeva Pərvin Tumas qızı ərdə olduğu İbadov Səbahəddin Rüstəm oğlundan boşanıb. Onların rəsmi nikahdan bir uşağı var. Sonuncu iclası 2024-cü ilin fevral ayının 15-də baş tutan Balakən rayon məhkəməsinin qərarı ilə anasının yanında qalan uşaq üçün ataya aylıq 220 (iki yüz iyirmi) manat aliment kəsilib.
Lakin Səbahəddin İbadov ötən aylar ərzində aliment ödəməyib. İcra Şöbəsinin məmuru Vidadi Musayev Pərvin Şahverdiyevaya bildirib ki, guya keçmiş əri aliment pulunu əlbəəəl deyil, bank kartı vasitəsilə köçürmək istəyir. Pərvin öz adına aldığı bank kartının rəsmini telefon vasitəsilə icra məmuruna göndərib. Bir müddət puldan xəbər çıxmadığına görə icra məmurundan soruşub. O isə Pərvinə kartın balansını bir daha yoxlamağı tövsiyə edib. Sonra deyib ki, kartın nömrəsini cavabdehin özünə deyil, qardaşına göndərib.
P.Şahverdiyeva “Dəryaz” qəzeti redaksiyasına müraciətində icra məmurunun hərəkətinə təəccübünü ifadə edib: “Necə olur ki, məsələ ilə bağlı lazım olduğumuzda bizim İcra Şöbəsinə gəlməyimizi vacib sayır, amma cavabdehə yaxın düşmür, ismarıcını onun qardaşına göndərir?”.
Şikayətçi xatırladır ki, icra məmuru öz vəzifəsini ötən müddət ərzində Səbahəddinin yalan vədlərini mənə çatdırmaqla bitmiş hesab edir: “Gah deyib Novruz bayramından sonra, gah deyib Ramazan bayramından əvvəl, gah da deyib Qurban bayramından sonra pul ödəniləcək. Amma hamısı yalan çıxıb. Axırda da Səbahəddinin sözü çatıb ki, “Pərvin uşağı saxlaya bilmirsə, versin, göndərim kəndə, anam saxlasın”. Əgər məsləhət olsaydı, məhkəmə uşağın atasının yanında qalmasına qərar verərdi”.
Şəxs alimenti ödəməzsə, ilk növbədə tələb onun əmlakına yönəldilir («İcra Haqqında» Qanun 43-cü maddə). Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.
Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir.
Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.
Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.
Deryaz.az