Bakı Mədəniyyət İdarəsində ciddi nöqsanlar – Nazirlik sadəcə xəbərdarlıq etdi
14-08-2024, 00:05
Hesablama Palatası Bakı Mədəniyyət İdarəsində audit yoxlaması aparıb və çoxsaylı nöqsanlar aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Palatanın hesabatında qeyd edilib.
Hesabatdan aydın olur ki, 01.01.2022- 01.01.2024-cü illəri əhatə edən audit yoxlaması zamanı xüsusilə dövlət satınalmalarında, əmək haqqının hesablanmasında, dərslərin tarifləşdirilməsində ciddi nöqsanlar aşkar edilib. Eyni zamanda məlujm olur ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir neçə halda vəsaitin təyinatının dəyişdirilməsi, həmçinin artıq istifadəsi hallarına yol verilib.
Dərs saatları və əmək haqqı şişirdilib
Hesabatda qeyd olunub ki, idarənin əhatəsində ümumilikdə 36 musiqi məktəbi fəaliyyət göstərib. Həmin məktəblərdə dərs saatlarının tarifləşdirilməsinin hüquqi aktlara uyğunluğu vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə fərqli audit prosedurlarının tətbiq edilməsi yolu toplanmış audit sübutları bir sıra hallarda şagird axınının düzgün idarə olunmaması, dərslərin artıq tarifləşdirilməsi səbəbindən artıq qrupların yaradılması ilə dərs saatlarının daha çox tarifləşdirilməsinə yol verildiyini qeyd etmək imkanı verib.
Bu hallar 6 musiqi məktəbi üzrə müəyyən edilməklə 37,9 min manat dövlət vəsaitinin artıq istifadəsinə şərait yaranıb. Eyni zamanda, təqdim olunmuş dərs saatlarının hesabı cədvəli və tarifləşmə cədvəlləri əsasında seçmə qaydada 18 musiqi məktəbi üzrə toplanmış audit sübutları ilə 146,5 saat artıq dərslər hesabına 39 041,63 manat artıq əmək haqqı hesablanaraq ödənilməsi müəyyən olunub.
Bundan başqa, əməyin ödənişi qruplarının müəyyənləşdirilməsi prosesində mədəniyyət müəssisələrinin fəaliyyətini xaraktərizə edən hesabat göstəricilərinin hüquqi aktlarla müəyyən edilmiş dövr üçün nəzərə alınmaması əməyin ödənişi qrupunun yüksək təyin edilməsi hesabına tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə, bununla da vəsaitin artıq istifadəsinə səbəb olub. 10 mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üzrə ümumilikdə 362 halda cəmi 99,4 min manat əmək haqqı düzgün ödənilməyib, əvvəlki auditin nəticələri ilə müqayisədə 5 MKS üzrə həmin nöqsan cari auditlə müəyyən edilib. Analoji nöqsan digər müəssisələr üzrə də müəyyən olunub, 22 mədəniyyət evi, klub, mərkəz və mədəniyyət sarayı üzrə cəmi 21,7 min manat, 4 teatr, konsert təşkilatları, bədii kollektivlər üzrə 200 min manat, 3 xatirə muzeyi və muzey tipli digər müəssisələr üzrə cəmi 1,3 min manat əmək haqqı düzgün ödənilməyib.
Sənədə görə, ödənişli kurs və dərnəklərin fəaliyyətinin təşkilində bir sıra nöqsanlara yol verilib. Məsələn, ödənişli kurs və dərnəklərə təyin olunmuş rəhbərlərin təhsili və peşəixtisas hazırlığının bəzi hallarda tədris olunan peşə və sənətin növünə və spesifik xüsusiyyətlərinə uyğun olmadığı müəyyən edilib.
Tender keçirilmədən satınalma müqavilələri bağlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən 2022-2023-cü illərdə həyata keçirilmiş dövlət satınalmaları həmin dövrə qüvvədə olan hüquqi aktların tələblərinin bir sıra hallarda pozulması ilə müşayiət olunub. 2022-ci il üçün satınalma planı müvafiq qaydada tərtib edilərək yerləşdirilsə də, 2023-cü ildə bu həyata keçirilməyib.
2022-ci il üçün nəzərdə tutulan və icra edilən satınalmalar fərqlənib. 2023-cü ildə isə satınalma metodları tətbiq edilməyib, həyata keçirilən alışlar satınalma metodlarının tətbiqini tələb edən məbləğdən aşağı olmaqla bağlanan müqavilələr əsasında icra olunub. İdarə tərəfindən 2023-cü ildə dövlət tələbatının ödənilməsi məqsədilə bağlanan müqavilələr dövlət büdcəsinin və büdcədənkənar fəaliyyətdən gələn vəsaitlər üzrə olmaqla ayrı-ayrılıqda icra edilib. Bəzi hallarda bu yanaşma eyni predmetlər üzrə alışların satınalma metodlarının tətbiqindən yayınmağa şərait yaradıb. Bir halda müvafiq razılıq alınmadan müqavilə bağlanılmaqla vəsait icra edilib. Auditor Vəfa Mütəllimovanın fikrincə, İdarə tərəfindən funksional, o cümlədən büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət əmlakının idarə olunması fəaliyyəti qüvvədə olan hüquqi aktlara uyğun deyil.
Nöqsanlarla bağlı hansı tədbirlər görülüb?
Hesabatnda aydın olur ki, nöqsanlarla bağlı müəyyən tədbirlər həyata keçirilib. Lakin nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı hər hansı təbdirin görülməsi barədə bilgi yoxdur.
Qaynarinfo nöqsanlara yol verən vəzifəli şəxslər barəsində tədbir görülüb-görülməməsini öyrənmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin açıqlamasından məlum olur ki, nöqsanlara yol verənlərə sadəcə yazılı xəbərdarlıq edilib. Nazirliyin açıqlamasını olduğu kimi təqdim edirik:
“Yoxlamanın nəticələri üzrə 1 may 2024-cü il tarixində kollegiya qərarı və auditor hesabatı hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsində müvafiq struktur bölmələrin rəhbər və məsul əməkdaşlarının iştirakı ilə kollegiya qərarı və auditor hesabatına baxılıb. Audit qrupu tərəfindən təqdim edilən qərarın bütün bəndləri əsasında müzakirələr aparılıb. Qərarda göstərilən nöqsan və çatışmazlıqlar, eləcə də tövsiyələrlə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bir sıra konkret tədbirlər həyata keçirilib. Qərarda göstərilən nöqsanların aradan qaldırılması məqsədilə adı keçən müəssisələrin direktorları və müəssisə direktoru vəzifəsini müvəqqəti icra edənlərə işlərində yol verdikləri nöqsanlara görə yazılı xəbərdarlıq edilib”.
Qeyd edək ki, Bakı Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyevdir. O, 2022-ci ildən bu vəzifədədir.
İbrahim Əliyev İdarənin rəisi vəzifəsinə təyinat alandan sonra onun qanunazidd qərarlar qəbul etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, İbrahim Əliyev təhsili olmayan şəxsləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki mədəniyyət ocaqlarında rəhbər vəzifələrə təyin edir.