Azay Quliyev üçün çətin seçki – Fəaliyyətsizlik, ciddi rəqib onun qələbə şansını azaldır

14-08-2024, 17:40           
Azay Quliyev üçün çətin seçki –
Milli Məclisdə təmsil olunan bitərəf deputatların sentyabr ayında keçiriləcək parlament seçkilərində işi xeyli çətin olacaq.
Reportyor.info xəbər verir ki, artıq seçicilər uzun illər parlamentdə oturub heç bir problemdən danışmayan deputatlara növbəti dəfə etimad etmək niyyətində görünmür. Hər halda sosial şəbəkələrdə və mediaya yayılan məlumatlardan bu aydın görünür.
Bu tip namizədlərin ümidi yalnız hakimiyyətin dəstəyinədir. Artıq sosial şəbəkələrdə və mediada məlumatlar yayılır ki, həmin namizədlər üçün inzibati resurslar hesabına imza toplanıb. Təbliğat kampaniyasında da onlara büdcə təşkilatlarının yardım edəcəyi bildirilir.
Belə namizədlərdən biri də Azay Quliyevdir. O, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb.
Azay Quliyev III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Onu fəal deputatlar kateqoriyasına aid etmək mümkün deyil.
Azay Quliyev 20 illik deputatlıq karyerası dövründə nadir hallarda çıxış edib. Bu çıxışlarda ölkə daxili problemlər, seçiciləri narahat edən məsələlərə toxunulmayıb.
O, həm də uzun illər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri vəzifəsində çalışıb. Bir çox hallarda onun fəaliyyətinə tənqidi yanaşılıb. Bu da Azay Quliyevin ictimai-siyasi sferada nüfuzuna ciddi zərbə vurub.
Bütün bunlar sentyabrda keçiriləcək seçkilərdə onun qələbə şansını xeyli zəiflədir.
Biz hələ onu demirik ki, Azay Quliyev ciddi rəqiblə üzləşib. Bu, Ümid Partiyasının namizədi Tamilla Qulamidir.
Tamilla Qulami ictimai-siyasi səhnədə kifayət qədər tanınan şəxsdir.
Gənc yaşlarından siyasi fəaliyyətə başlayan Tamilla Qulami qısa müddət ərzində kifayət qədər nüfuz qazana bilib.
2014-cü ildən Ümid Partiyasında siyası fəaliyyətə başlayan Tamilla Qulami təşkilatın “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, Ali Məclis sədrinin birinci müavini, partiya sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini olub, hal-hazırda partiyanın İdarə Heyətinin üzvüdür.
O, 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində iştirak edib və seçilib. 2014-2019-cu illər Binəqədi Bələdiyyəsinin üzvü olub.
1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il növbədənkənar Parlament Seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd olub.
Tamilla Qulami 2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir.
“Gənclər siyasətində ictimai vəkillik”, “Beynəlxalq gənclər işi: Müxtəliflik, mədəniyyətlərarası təhsil” və s. müxtəlif adlı Beynəlxalq təlim kursları keçib.
2014-cü ildə Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Türk Xalqlarının Qurultayı” – Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən “Elat Mədəniyyəti Günləri” tədbirində iştirak edib.
2014-cü ilin oktyabr ayında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III Gənc Liderlərin Akademiyasında “Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.
2019-2020-ci il Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açılışını etdiyi, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olan “Gender əsaslı Bələdiyyə Akademiyası”nın məzunu olub.
22 fevral – 5 mart 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Konqresinin dəstəyi ilə Vaşinqton və Arkanzas ştatlarında “Açıq Dünya” proqramının “Vətəndaş fəallığı və idarəçilikdə gənc liderlər” mövzusu üzrə təhsil proqramı layihəsində iştirak edib.
Amerikanın Arkanzas ştatının Qubernatoru və Katibinin imzası ilə Fəxri Diploma layiq görülüb.
Tamilla Qulaminin bioqrafik məlumatlarından görünür ki, onun artıq seçki təcrübəsi var. Bundan başqa, 2014-2019-cu illərdə Binəqədi bələdiyyəsinin üzvü olub. Bu o deməkdir ki, o, dairəyə yaxşı bələddir. Gələn məlumatlarda bildirilir ki, Ümid Partiyasının namizədi bələdiyyə üzvü olarkən fəaliyyəti ilə vətəndaşların diqqətini cəlb edə bilib.
Tamilla Qulaminin atası Famil Qulami Birinci Qarabağ savaşında şəhid olub. Bu gün Tərtər şəhərinin mərkəzi küçələrindən biri Famil Qulaminin adını daşıyır.
Qısası, Tamilla Qulami Azay Quliyev üçün kifayət qədər ciddi rəqib hesab edilir. Azay Quliyevə hakimiyyət düşərgəsindən hər hansı bir dəstək verilməyəcəyi təqdirdə onun Ümid Partiyasının namizədinə qalib gələcəyi inandırıcı görünmür.

Reportyor.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.