Nizami rayonunda binaların həyətindən təhqir edilərək qovulan namizəd necə deputat oldu? FOTO

3-09-2024, 11:49           
Nizami rayonunda binaların həyətindən təhqir edilərək qovulan namizəd necə deputat oldu? FOTO
Bəli, daha bir seçki prosesini arxada qoyduq. Əlbəttə, buna seçki, yaxud seçib-seçilmək demək olarsa. İstər media nümayəndəsi, istər də namizədin vəkili olaraq seçki prosesində müşahidə etdiyimiz hallar, əlimizdə olan çoxsaylı – yüzlərlə fakt əminliklə belə deməyə əsas verir ki, bu seçki ölkə tarixində ən rəzil, ən çox saxtakarlıq şəraitində keçən seçki oldu. Bir sözlə, vətəndaş olaraq ölkəmdə belə bir seçki rəzalətinin yaşanmasına görə utanc hissi keçirdim. Məni ən çox utandıran isə müəllim adına orta məktəblərə soxuşdurulan, övladlarımızın gələcəyini etibar etdiyimiz insanların seçki məntəqələrində çıxardığı biabırçılıqlar oldu.

Seçki günü bir qədər də peşmançılıq hissi keçirdim. Demək olar ki, hər gün çalışdığımız mediada haqqını müdafiə etdiyimiz, heç vaxt adam yerinə qoyulmayan, əzilən, söyülən, döyülən və daha böyük zülmlərə məruz qalan xüsusilə də yaşlı təmizlik işçilərinin bu seçkidə saxtakarlıq etmək üçün ar-namusu kənara atmaları idi. O, insanlar ki, cırıq, çirkli qaloşları, nimdaş geyimləri ilə əyləşdikləri bahalı maşınlarda məntəqə-məntəqə gəzdirilir, öz qabarlı əlləri ilə çoxsaylı saxtakarlığa imza atırdılar. Əlbəttə, o insanların bir çoxunun buna məcbur edildiyi kimsəyə sirr deyil. Necə ki, müəllimlər, həkimlər, digər dövlət idarələrinin əməkdaşları öz işlərini itirmək qorxusu ilə seçki saxtakarlığı prosesində yer alırlar, eləcə də “JEK” müdirlərinin “hökmranlığı” altında fəaliyyət göstərən təmizlik işçiləri də bu prosesdə aktiv rol almağa məcbur edilirlər. Özü də çox biabırcasına, rəzilcəsinə. Doğrudur, onların içərisində, “bizi daha nə qədər ora-bura sürüyəcəksiz”, deyə öz rəhbərinə etiraz edənlər də vardı(FOTO 1). Amma bu etiraz onların heç birinə haqq qazandırmır. Bu gün seçkini saxtakarlığında iştirak edən müəllim, həkim, məntəqə, seçki dairə komissiyalarının rəhbərləri, bələdiyyə sədrləri, icra hakimiyyətlərinin vəzifəli şəxsləri və daha yüksək səviyyədə bu prosesdə yer alan məmurlar kimi, əliqabarlı təmizlik işçiləri də məsuliyyətdən kənarda qala bilməz.

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, 1 sentyabrda ölkəmizdə yaşananlara seçki adı vermək gülünc olar. Şübhəsiz, bu, əksər seçki dairələrinə aiddir. Amma biz bu məqaləmizdə 24 saylı Nizami birinci seçki dairəsində baş verən biabırçı olaylar haqda dəyərli oxucularımızı bilgiləndirəcəyik.

Təbii ki, ölkədə seçkilərin saxtakarlıq şəraitində keçirilməsindən hər kəsin xəbəri var. Lakin insanlar, xüsusilə sonuncu parlament seçkilərində səsvermədə iştirak etmədiyi, yəni aşkar şəkildə bu parlamenti boykot etdikləri üçün seçki məntəqələrində yaşanan hadisələrdən çoxları xəbərsiz ola bilər. Odur ki, biz istər media nümayəndəsi, istər də deputatlığa namizədin vəkili olaraq müşahidə etdiyimiz biabırçılığı bu yazımızda qismən də olsa, canlandırmağa çalışacağıq.

Öncə onu qeyd edə bilərik ki, Azərbaycanda parlament seçkilərinin baş tutduğunu demək absurddur. Qeyd etdiyimiz kimi, xalq bu seçkini kütləvi şəkildə boykot etdi. İnsanlar bu seçkiyə qatılmamaqla bir daha parlament institutunun legitim olmadığını ortaya qoydu. Bu, həm də vətəndaşların səs vermədikləri, seçmədikləri şəxslərin daha 5 il onları təmsil etmələrinə aşkar etirazı idi. Seçicilər bununla növbəti dəfə aldanmaq istəmədiklərini nümayiş etdirdilər.

Lakin bu seçkiyə böyük ümidlə gələn azsaylı insanlar da yox deyildi. Bu seçicilər öz içlərindən çıxan namizədə dəstək verməklə, növbəti beş ildə onları Milli Məclisdə təmsil edəcək millət vəkili seçmək istəyirdilər. Amma, necə deyərlər, “sən saydığını say, gör Məzahir Pənahov nə sayır…”.

Çox qəribədir ki, 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd, keçmiş deputat olan xanımcığaz təşviqat kampanyası dönəmində bütün məhlələrdən təhqir edilərək qovulsa da, qutudan yenə də onun adı çıxdı. Özü də üst-üstə yüz səs topladığı şübhə altında olsa belə, adına minlərlə səs yazıldı. Çox qəribədir ki, müşahidə apardığımız 36 məntəqənin hər birində cəmi 100-150 seçici iştirak etsə də, Məzahir Pənahovun məntəqələrdəki yetirmələrinin “sehirli çubuğu”ilə yekunda qutudan dəfələrlə artıq seçicinin adı çıxdı. Üstəlik, adıbəlli xanımcığazın böyük üstünlüklə “qalib olduğu” elan edildi. Burda deyirlər ki, “utanmasan, oynamağa nə var ki!”.

Yeri gəlmişkən, 24 saylı Nizami birinci seçki dairəsində məntəqələrin çoxunda səsləri “karusel əməliyyatı” ilə artırsalar da, bəzi məntəqələr saxtakarlığı sadəcə bulletenlərin sayını ən azı 4-5 dəfə artırmaqla həyata keçirdilər. Məsələn, 24 saylı seçki məntəqəsində səslər sayıldıqdan sonra seçkidə ümumilikdə 123 seçicinin iştirak etdiyi elan edilsə də, protokolda onların sayı 363 oldu. Bu haqda məntəqə sədrinə etiraz etdikdə “Mənlik bir şey yoxdur, mənə tapşırıq gəldi ki, səslərin sayı protokolda artırılsın, mən də bu cür yazmağa məcbur oldum. Çünki əks halda işimi itirə bilərəm”, - deyə cavab verdi. Təbii ki, digər seçki məntəqələrində vəziyyət bundan daha acınacaqlı idi. Yenə tuman altından, masaların siyirməsindən, seyflərdən topa-topa bulletenlər çıxılaraq, qutulara doldurulurdu. Üstəlik, bir çox məntəqələr yekunda dəfələrlə şişirdilmiş rəqəmlərin əks olunduğu protokolu belə, müşahidəçiyə verməkdən imtina edirdilər. Çünki onlara verilən tapşırığı, yəni saxtakarlığı tam şəkildə yerinə yetirə bilməmişdilər.

Lakin əksər hallarda saxtakarlıqlar elə müşahidəçilərin gözü qarşısında baş verirdi. Məsələn, səslər sayılarkən onlara yaxına gəlməyə, bulletenləri görməyə imkan verilmirdi. Beləliklə, bulletenlərin hamısı yekunda seçki qutusundan adı çıxan xanımcığazın xeyrinə sayılırdı.

Apardığımız müşahidələr onu göstərir ki, bu seçkidə hər bir məntəqəyə sədrlərdən əlavə xüsusi cavabdeh insanlar təyin olunmuşdu və “seçici aktivliyi” ilə bağlı onların qarşısına ciddi öhdəliklər qoyulmuşdu. Məsələn, 210 nömrəli məktəbdə yerləşən 5, 6, 7 saylı məntəqələrə şəkildə gördüyünüz bu şəxs cavabdeh idi(FOTO2). Onun kim olduğunu dəqiqləşdirə bilməsək də, seçki gününün sonuna yaxın, saat 16:53-də məktəbin həyətində telefonla kiməsə zəng vurub, “25 adamım qaldı, çalış 10 nəfər də sən gətir”, deyərək kiminləsə danışdığının şahidi olduq. Üstəlik, bu şəxs telefon danışığının sonunda “həmin adamları kameralı məntəqəyə gətir”, - deməklə açıq-aşkar kiminsə qarşısında öhdəlik götürdüyünü ortaya qoyurdu.
(Fotoda soldakı şəxs)

Sözsüz ki, bu cür hadisələr təkcə 210 nömrəli məktəbdə baş vermirdi. Digər məntəqələrin yerləşdiyi təhsil olcaqları və dövlət müəssisələrində də analoji biabırçılıq hökm sürürdü. Odur ki, 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçdirilən xanımcığaz hələ heç bir halda özünü qalib hesab etməməlidir. Çünki hər zaman son söz xalqın olur!

Hurriyyet.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.