MDB ölkələri arasında pensiyaçıların sayı ən çox Azərbaycanda azalıb – Sahil Babayevə "təşəkkür" etməliyik Siyahı
4-09-2024, 15:11
7 il əvvəl – 2018-ci ilin əvvəlində Azərbaycanda 1 milyon 318 min pensiyaçı olub. 7 ildən sonra – 2024-cü ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 96 min nəfərə kimi azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 7 ildə pensiyaçıların sayı 222 min nəfər və yaxud 16,8% azalıb.
Son 7 ildə Azərbaycan əhalisinin sayı artdığı üçün əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayı daha çox azalıb. Belə ki, 2018-ci ilin əvvəlində ölkədə hər 1 000 nəfərə düşən pensiyaçı sayı 135 olub. 2024-cü ilin əvvəlində bu göstərici 108-ə düşüb. Nəticədə, son 7 ildə əhalinin hər 1 000 nəfərinə düşən pensiyaçıların sayı 20% azalıb.
Müqayisə üçün bildirək ki, son 7 il ərzində Müstəqil Dövlətlər Birliyinə daxil olan əksər ölkələr arasında pensiyaçıların sayı ən çox Azərbaycanda azalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan belə görünür ki, 7 il əvvəl – 2018-ci ildə Ermənistanda 458 min pensiyaçı olub və son 7 il ərzində onların sayı 18 min nəfər artaraq 476 minə yüksəlib. Ermənistanda hər 1000 nəfərə düşən pensiyaçı sayı isə son 7 ildə 154-dən 160-a çatıb.
MDB ölkələrində isə əhalinin hər 1 000 nəfərinə düşən pensiyaçı sayı aşağıdakı kimi olub:
MDB ölkələri ilə müqayisədə Azərbaycanda pensiyaçıların sayının daha çox azalmasını iqtisadçı-ekspert Allahverdi Aydın pensiya yaşının artırılması ilə əlaqələndirir.
O, Yeniavaz.com-a açıqlamasında bildirib ki, heç bir MDB ölkəsində pensiya yaşı Azərbaycandakı qədər yüksək deyil:
“Bildiyimiz kimi, 1 iyul tarixindən etibarən Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 64 yaşdan hesablanır. Bu isə o deməkdir ki, Azərbaycanda orta pensiya yaşı 64,5-dir. Sahil Babayev nazir təyin olunduqdan sonra pensiya yaşı davamlı olaraq artırılır. Babayev nazir təyin olunan vaxt – 2018-ci ildə Azərbaycanda orta pensiya yaşı 62,1 yaş olub. Pensiya yaşının artması səbəbindən əmək pensiyası alanların sayı da son 7 ildə kəskin şəkildə azalıb. 2018-ci ildə 390 min əmək pensiyaçısı olduğu halda, bu ilin əvvəlinə bu göstərici 259 min nəfərə düşüb. Təxminən 33%-dən çox azalma var. Pensiyaçıların ümumi sayındakı azalmanın da səbəbi budur”.
Ekspert bildirir ki, MDB ölkələri arasında Azərbaycandan sonra ən yüksək pensiya yaşı Ermənistandadır:
“Ermənistanda orta pensiya yaşı 63 yaşa bərabərdir. Bu Azərbaycanla müqayisədə 1,5 yaş azdır. Rusiya və Belarusda pensiya yaşı 60,5 yaşa, Qazxıstanda 62 yaşa, Türkmənistanda 59,5 yaşa bərabərdir”.