Naxçıvan Respublika xəstəxanasının laboratoriyası işçiləri ilə bərabər Türkiyə şirkətinə satılıb - ŞOK "Gülüm Naxçıvan" hekayəsi

6-10-2024, 08:34           
Naxçıvan Respublika xəstəxanasının laboratoriyası işçiləri ilə bərabər Türkiyə şirkətinə satılıb - ŞOK "Gülüm Naxçıvan" hekayəsi
Naxçıvan səhiyyə sistemində ərizə qalmaqalı bitmək bilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Respublika xəstəxanasının işçilərinə müddətli əmək müqaviləsi yazdırmağa çalışan TMİB (Naxçıvanın TƏBİB-i) bu tələbə etiraz edən tibb işçilərinin şikayəti media orqanları tərəfindən işıqlandırılandan sonra geri çəkilmişdi. Respublika xəstəxanasının işçilərinə müddətsiz əmək müqaviləsi imzalatmaqla (tibb işçiləri arasında 40 ildir eyni xəstəxanada işləyənlər də var və onlara yenidən işə girmə ərizəsi yazdırılması hansı zərurətdən doğub anlamaq mümkün deyil) canlarını qurtaran TMİB başbilənləri indi həmin tibb ocağının laboratoriyasının əməkdaşlarına “ilişib”. Respublika xəstəxanasının attestasiya imtahanından 11 bal toplayan (gorun çatlamasın, Mirzə Cəlil) Baş həkimi Ramazan “yoldaş” (Naxçıvanda hələ də sovet müraciət forması dəyişməyib) laboratoriya işçilərini bir araya toplayıb, onların artıq xəstəxanaya aid olmadıqlarını, bir türk şirkətinə satıldıqlarını bildirib. Və israrla tələb edib ki, indi yeni ağalarının adına ərizə yazıb köhnə işlərinə yenidən qayıda bilərlər.
Laboratoriya ilə birlikdə özlərinin də qul kimi satıldıqlarını eşidib xeyli təəccüblənən işçilər tələb ediblər ki, onlara alqı-satqı müqavilələri göstərilsin. Onları narahat edən əsas məsələ isə sabah Türk şirkətini Naxçıvandan qovsalar (ki, Naxçıvan üçün bu olduqca asan məsələdir), laborantların taleyinin necə olacağıdır. Nə illah ediblərsə, işçilərə bu barədə hər hansı məlumat və rəsmi sənəd göstərilməyib. Beləcə, ara qarışıb, dəftər itib. Nəticədə Naxçıvan xəstəxanalarının yeni rəhbəri TMİB sədri Vüsal Məmmədov “yoldaş” laborantların harayına özünü yetirib. O da bu zavallılara çoxdan “satıldıqlarını” etiraf edib, amma yenə də bunu təsdiq edən heç bir sənəd göstərə bilməyib.
İki arada, bir dərədə qalan laborantlar sonunda xəstəxananın Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev “yoldaş”a məktub yazıb bu qul hərracına aydınlıq gətirməsini istəyiblər.
Bazar ertəsi günü ünvanına yetişəcək məktubu Qəzənfər müəllimdən əvvəl siz dəyərli Oxucularımızın nəzərinə çatdırırıq.
Heydər Oğuz
TEREF














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.