ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd

21-10-2024, 00:10           
ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? -
“Qulaq gündə bir söz eşitməsə kar olar”,- deyib ata-babalarımız. Elə bizim qulaqlarımız da “İlin Dörd Fəsli” (İDF) tikinti şirkəti haqqında gündə bir söz eşitməyə öyrəşib. Təəssüf ki, hər dəfə də bu “söz” hansısa qanunun pozulması ilə bağlı olur.

“Yeni Baki Yaşayış Kompleksi” facebook profilində yayılan müraciətə istinadən sizlərə 2 sənəd (bir qəbz və bir müqavilə də daxil olmaqla 4 sənəd) təqdim edəcəyik. Söhbət İDF-nin Masazırda inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinə təqdim etdiyi maliyyə arayışlarından, kassa mədaxil orderinin qəbzindən və mənzil tikintisi haqqında müqavilədən gedir.
Birinci arayış 2018-ci ildə “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elnur Hüseynovun adından təqdim olunub. Arayışdan aydın şəkildə görünür ki, İDF tikinti şirkəti məhz MMC formasında təsis olunub və sakinə verdiyi arayış da İDF MMC adından tərtib edilib. Hətta 2009-cu ildən bəri həmin yaşayış kompleksində satılmış mənzillərə görə sakinlərə verilmiş kassa mədaxil orderinin qəbzi də İDF MMC adından tərtib edilib və qəbzin üzərindəki möhür də İDF MMC-yə məxsusdur. Bu illər ərzində bağlanmış mənzil tikintisi haqqında müqavilə də sakin ilə İDF MMC arasında imzalanıb. 2010-cu ildə verilmiş bu qəbzin və müqavilənin fotolarını da sizə təqdim edirik.

İndi isə 2019-cu ildə tərtib olunmuş ikinci arayışa diqqət yetirin. Bu arayış da “Yeni Bakı” yaşayış kompleksinin sakininə verilib. Ancaq bu dəfə arayış İDF MMC adından deyil, “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Elşən Musayev adından tərtib və təqdim olunub. Cəmi bir il fərqlə tərtib olunmuş arayışı verən şirkətin adı, ən əsası isə təşkilati-hüquqi forması necə dəyişib? Axı MMC ayrı, MTK tamamilə ayrı funksiya və öhdəliklərə malik müəssisə formasıdır?! Bu Elşən Musayev kimdir və biz bu yeni yaradılan MTK-nın məcburi üzvləri olaraq bu sədri niyə tanımırıq? MMC “fokus-mokus”la MTK-ya çevrilərkən biz sakinlərin (yaşayış kompleksi 3200 mənzildən ibarətdir) niyə xəbəri olmayıb? Və daha bir maraqlı, maraqlı olduğu qədər də cavabında korrupsiya iyi gələn sual: MTK mənzillərin tikintisindən əvvəl təsis edilməli olduğu halda, kompleksin tikintisinin tam başa çatmasından 7-8 il sonra necə təsis olunub? Axı əvvəlcə MTK təsis olunur, sonra tikintiyə başlanır. Sizcə də, burada qəribə və şübhəli nəsə yoxdurmu?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Referans.az-a danışıb.

“MMC-nin MTK-ya çevrilməsi asan məsələ deyil. MTK bina tikiləndə yaranmalıdır. Sonradan şirkət MTK-ya çevrilə bilməz. Ola bilər ki, sözügedən şirkətdə bu hal baş verməyib, biri MTK, biri isə MMC olmaqla 2 şirkət olub. Yaxud MTK sonradan yaradılıb və MMC əvvəldən fəaliyyət göstərib. Ona görə də, bu məsələdə vergi ödəyicisinin eyniləşdirilmə nömrəsinə baxmaq lazımdır. Əgər eynidirsə, o zaman çevrilmə baş verib və bu vergidən yayınma və bir sıra qanun pozuntusundan xəbər verir. Yox əgər fərqlidirsə, o zaman vətəndaşların sözügedən MTK-nı tanımamaq hüquqları var”.

Məsələ ilə bağlı “İlin Dörd Fəsli” tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, şirkət tərəfindən hər hansı açıqlama verilmədi.

Referans.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.