“Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək

25-10-2024, 11:14           
“Embawood” suvaq işinə başlayıb –
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Embawood” MMC (VÖEN - 6400009481) olub.
“Embawood” MMC Agentliyin sifarişi ilə bir sıra "ASAN xidmət" mərkəzlərində tikili və avadanlıqların cari təmiri işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 184 min 586 manat 45 qəpik alacaq.
Təmir işlərinə dam örtüklərin düzəldilməsi, divarın suvanması, rənglənməsi və s. bu kimi işlər daxildir.
Məlumat üçün bildirək ki, “Embawood”un rəsmi saytında yer alan məlumatda şirkətin yalnız mebel istehsalı və satışı ilə məşğul olduğu göstərilib.
“Embawood” MMC-nin daha əvvəl təmir və tikinti fəaliyyətiylə məşğul olması barədə heç bir məlumat mövcud deyil.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Nizamnamə kapitalı 3 750 manat olan “Embawood” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğlu olan “Embawood” MMC-nin əsas pay sahiblərindən (təsisçi) biri millət vəkili Məmmədov Məşhur Şahbaz oğlu olub.
Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Qeyd edək ki, açıqlanan sonuncu məlumata görə, “Embawood” MMC-nin pay sahibləri (təsisçiləri) aşağıdakı şəxslər olub:
Elşad Abbasov İnşalla oğlu – 23%
Məşhur Məmmədov Şahbaz oğlu – 23%
Polyakova Tamara – 24%
Həsənova Nərminə Altay qızı – 10%
Səmədova Günay Mehdi qızı – 10%
Qasımova Aytac Mehdi qızı – 10%












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.