Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçisi kimə və nəyə arxayındır?
5-10-2016, 01:23
Salman Zamanovun inşa etdirdiyi restoran Bakı-Qazax yolunda sürüşməyə səbəb olub Hacıqabul rayonu, Bakı-Qazax yolunun 82-ci kilometrliyində, daha dəqiq desək, Nəvahi qəsəbəsinin ərazisində yerləşən «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yeni restoran inşa edilir. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, həmin obyekt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri Salman Mirağa oğlu Zamanova məxsusdur. Salman Zamanovun Şirvanın, eləcə də Hacıqabul rayonunun ən imkan şəxslərindən biri olduğunu iddia edən mənbə bildirir ki, o, artıq bir müddətdir ki, «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yerləşən ərazidə özünə restoran tikdirir: «Deyilənlərə görə, Salman Zamanov keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri vəzifəsində çalışdığı dönəmlərdə ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verib. Belə ki, o, Şirvan, Hacıqabul və ətraf rayonlarda torpaq sahəsi əldə etmək istəyən vətəndaşlara süni problemlər yaradıb, onları bürokratik əngəllərlə üz-üzə qoyub və məhz bunun nəticəsində gəlirlərini birə-beş artırmağa müvəffəq olub. Məsələn, torpaq sahəsini sənədləşdirmək istəyən vətəndaş bunun üçün Salman Zamanova müraciət edərkən o, qarşı tərəfi get-gələ salıb, əsassız yerə sənədləşdirmə işini günlərlə, hətta bəzi hallarda aylarla yubadıb. Mövcud vəziyyətdən təngə gələn vətəndaş isə sonda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri tərəfindən irəli sürülən «şərt»lərlə razılaşmaq məcburiyyətində qalıb. Təbii ki, bu, sonda Salman Zamanovun işinə yarayıb və o, məhz bu cür üsullarla gəlirlərini xeyli artırıb. İş o yerə çatıb ki, bu gün Salman Zamanov sahib olduğu kapitala görə Şirvan, Hacıqabul, o cümlədən ətraf rayonlar arasında ən imkanlı şəxslər sırasında qərarlaşıb». Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdirinin geniş torpaq sahələrinə, Şirvan və Hacıqabul rayonlarında biznes obyektlərinə, eyni zamanda paytaxt Bakıda bir neçə mənzilə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Salman Zamanov hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində böyük məsləhətçi, mühəndis vəzifəsində çalışır: «Deyilənlərə görə, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinin müdiri vəzifsində çalışdığı dönəmlərdə «Mənim verdiyim sərəncam qarşısında heç kim dayana bilməz», deyə öyünən Salman Zamanov himayəsində olduğu şəxslərin yardımları ilə bu yaxınlarda Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunub. Bildirilir ki, himayəsinə arxalandığı şəxslər Salman Zamanova tezliklə karyerasında daha da irəli gedəcəyinə dair söz veriblər. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Salman Zamanov «Nur» ailəvi istirahət mərkəzi ilə üz-üzə yerləşən ərazidəki restoranı məhz himayədarlarının dəstəyilə inşa etdirir. Əks halda, onun mühüm dövlət əhəmiyyəti kəsb edən Bakı-Qazax avtomagistral yolun bir hissəsini zəbt etməyə cürəti çatmazdı. Deyilənlərə görə, Salman Zamanova məxsus olan həmin restoran, şadlıq evinin tikintisi zamanı sözugedən yolun bir hissəsi ciddi şəkildə zədələnib. Hətta bildirilir ki, tikinti işləri zamanı ərazidə sürüşmə də qeydə alınıb. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, «Azəravtoyol» ASC, o cümlədən digər müvafiq dövlət qurumları Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisilə bağlı müvafiq tədbirlərə baş vurmalıdırlar».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.gundelikbaki.com
teref.az
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!