Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28-01-2025, 11:50
Gəncə sakinləri şəhərin Gülüstan qəsəbəsində 14 nömrəli marşrutun hərəkət etdiyi yolun bərbad vəziyyətdə olduğunu deyirlər.
Onların sözlərinə görə, şəhərin yol infrastrukturunun təmirinə zaman-zaman böyük məbləğdə vəsaitlər ayrılsa da, Gülüstan “külüstan” olaraq qalır.
14 nömrəli marşrutun yolu isə başdan-başa tanınmaz haldadır, tamamilə çöküb.
“Şəhərə milyonlar ayrılır, bəs bu vəsaitlər hara gedir?” – bu sualı Gəncə sakinləri səsləndiriblər.
Sakinlərin ünvanladığı suala cavab tapmaq üçün Gəncənin yol infrastrukturuna ayrılan vəsaitlər və tenderləri araşdırdıq.
Son olaraq yanvarın 14-ü Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması (2-ci hissə)” tenderinin nəticələrini elan edib.
Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub.
Qalib şirkətə 6 milyon 189 min 463 manat ödəniləcək.
Bir ay əvvəl isə “Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması” tenderi üçün şirkət 10 milyonluq müsabiqənin qalibi elan olunmuşdu.
Ümumilikdə “Gəncə Körpü Tikinti-2” ASC 2019-cu ildən bu yana, Gəncə ilə yanaşı, Gədəbəy, Qazax, Göygöl, Naftalan şəhərlərində yolların tikintisi, əsaslı təmiri və abadlaşdırma işləri ilə əlaqədar 55 milyondan çox vəsaitli tenderlərin qalibi olub.
Şirkət haqqında nələr məlumdur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir.
Hazırda ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Buna qədər isə Rzayev Süleyman Qəmbər oğlu və Qurbanəliyev Çingiz Midhət oğlu şirkətin qanuni təmsilçisi kimi təmsil olunublar.
“Gəncə Körpü Tikinti-2” ASC ölkə ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir.
Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir.
Şirkətin əsl sahibi kimdir?
Saytlarında və rəsmi qurumlar tərəfindən qeyd olunan məlumatlara əsasən, şirkətin direktorlar şurasının sədri Məmmədov Aqibət İdris oğludur.
Yuxarıda adları çəkilən Çingiz Qurbanəliyev şirkətin İdarə Heyətinin sədri, Süleyman Rzayev isə sədrin müavinidir.
Gencekorpu.com saytından screenshot
Məmmədov Aqibət İdris oğlu ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu ildə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2012-ci ildə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə, 2018-ci ildə isə yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Davamlı mükafatlarla təltif edilən oliqarx Aqibət Məmmədov hələ sovet dövründən inşaatda çalışıb və sonradan “Gəncə Körpü Tikinti-2” ASC-ni özəlləşdirib. Lakin onun fəaliyyəti təkcə büdcə pulları hesabına yol-nəqliyyat layihələrinin tikintisini həyata keçirməklə bitmir, Aqibət Məmmədovun bir sıra xarici ölkələrdə aktivləri, biznesi və otelləri mövcuddur.
Sahibkar Aqibət Məmmədovun həmtəsisçisi olduğu “Sudotexnologiya” şirkəti Belarusun paytaxtı Minsk şəhərində 3 iri obyektin layihələndiricisi və investoru olub: “Astoria Riverside” restoran kompleksi, “Abşeron” kompleksi və Çervensk bazarı ilə üzbəüz tikilən görkəmli Biznes Mərkəzi.
Bundan əlavə, Rusiyada Aqibət Məmmədovun adına 2023-cü ildə qeydiyyatdan keçən “Deluks” (773434691871) adlı şirkəti mövcuddur.
Şirkət 27 müxtəlif sahələrdə fəaliyyət göstərir. Amma əsasən icarəyə götürülmüş daşınmaz əmlakın icarəsi və ya idarə edilməsi xidmətlərini yerinə yetirir.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, onun oğlu Rəşad Məmmədovun adına isə 3 şirkət mövcuddur: “ATRANG” MMC (1501965141), “OSMAN” MMC (7600020171) və “ESA HOME” MMC (1700926071).
Şirkətlərin hansı fəaliyyətlə məşğul olduqları barədə məlumat əldə etmək mümkün deyil.
Bundan başqa, ötən illərdə Aqibət Məmmədov oğlu Rəşad avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi.
Məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.
Aqibət Məmmədov barəsindəki iddialara nə cavab verir?
Aqibət Məmmədov isə özü haqqında dərc etdiyi məqalədə iddiaları təkzib edib:
“Aqibət Məmmədov oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Bəzi media qurumlarında Aqibət Məmmədov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar”.
“Məsələnin düşündürücü tərəfi odur ki, Aqibət Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda, yəqin ki, fərqli addımlar atardılar”, – deyə o bildirir.
Cəhd etsək də aidiyyəti qurumlardan sakinlərin suallarına cavab ala bilmədik…