AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?

Bu gün, 16:24           
AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dövlət büdcəsindən ayrılmış vəsaiti vətəndaşlara vermək istəmir. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı da var. Lakin adıçəkilən qurum, hətta məhkəmənin də qərarını icra etmir.
Bizimyol.info xəbər verir ki, söhbət Novxanı-Pirşağı dənizkənarı avtomobil yolunun tikintisi zamanı söküləcək mülklərə görə ödəniləcək kompensasiyalardan gedir.

Prezidentin 17 yanvar 2014-cü il tarixli sərəncamı, 2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən, “Novxanı-Pirşağı” dənizkənarı avtomobil yolunun layihələndirilməsi və tikintisi “Azəryolservis” ASC tərəfindən həyata keçirilib. Bu layihə çərçivəsində tikinti altına düşən mülklər, torpaq sahələrilə bağlı da hesablama aparılıb. O zaman qiymətləndiricilər 77 mülkiyyətçi üçün 1 milyon 47 min 911 manat kompensasiya hesablayıb. Bu məsələ Maliyyə Nazirliyi ilə də razılaşdırılıb.

“Novxanı-Pirşağı” dənizkənarı avtomobil yolu çoxdan istifadəyə verilsə də, AAYDA yolun çəkilişi zamanı dövlət ehtiyacı əsası ilə əmlakı əlindən alınmış vətəndaşın kompensasiyasını ödəmir. Məsələn, Novxanı bağ massivində 1106k nömrəli bağın ümumi 0.12 hektar sahəsinin ½ hissəsi tikinti altına düşüb. Torpaq sahibi buna görə kompensasiya tələb eləsə də, ona pul ödəməkdən imtina olunub. Bu səbəbdən mülkiyyətçi məhkəmədə iddia qaldırıb. O, mülkiyyət hüququnun pozulduğunu göstərib və kompensasiya ödənilməsini tələb edib.

Məsələ ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində araşdırma aparılıb. Hakim vətəndaşı haqlı sayıb və qərar verib ki, vətəndaşa məxsus bağ sahəsinin 0,04 hektar hissəsi avtomobil yolunun tikintisinə düşdüyünə görə ona 30 min manat kompensasiya ödənilməlidir.

Bu məhkəmə qərarının çıxarılmasından 1 ildən çox vaxt keçir. AAYDA məhkəmənin qərarını icra eləməkdən imtina edib. Arqumenti isə budur ki, həmin torpaq sahəsi sahibinə 2005-ci ildə icarə müvafiq dövlət qurumları tərəfindən 10 illik icarə müqaviləsi əsasında verilmişdi. Tikinti aparılanda isə icarə müqaviləsinin vaxtı bitmişdi. Bağ sahibinin əlində isə həmin əmlaka mülkiyyət hüququnu təsdiqləyən çıxarış var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.