Gəncə Dövlət Humanitar Kollecinin rəhbərliyinin təhsil "nou xau" su - Ödənişli tətil
11-06-2015, 10:53
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Bu baxımdan Gəncə Dövlət Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir.
teref.az dia.az-az istinadən yazır ki,redaksiyamıza daxil olan məlumatlara görə peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, eləcə də bədən tərbiyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Humanitar Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır.Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Gəncə Dövlət Humanitar Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Məlum olduğu kimi Fəxrəddin Zeynalov 2012-ci ildən Gəncə Dövlət Humanitar Kollecinin direktoru vəzifəsinə təyin olunub. Lakin aradan artıq üç ilə yaxın bir müddət ötsə də, yerli mənbələrin təqdim etdikləri məlumatlarda bu dəyişikliyin heç bir müsbət nəticəyə səbəb olmadığı bildirilir. İlk növbədə məlumatlarda vurğulanır ki, semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər: “Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan 300 manatı verməlidir. Əks təqdirdə, kollecin direktoru müəllimləri, müəllimlər də məcburiyyət qarşısında qalıb tələbələri sıxma-boğmaya salacaq, onlar üçün arzuolunmaz problemlər yaradacaq...” Biz ötən materiallarda həmçinin qeyd etmişdik ki, sözügedən kollecdə rüşvətin yığılması işində şöbə müdiri Aybəniz xanım və Vidadi müəllim əsas vasitəçi rolunu oynayırlar. Maraqlıdır ki, ölkə mətbuatının səhifələrində dərc olunmuş materiallarda da Fəxrəddin Zeynalovun törətdiyi maxinasiyaların aktiv iştirakçılarından biri kimi məhz Vidadi müəllimin adı yer almışdır. Bu xüsusda məlumatda bildirilir ki, Fəxrəddin Zeynalov kollecə direktor təyin olunan gündən, az qala direktor vəzifəsini icra edən Vidadi müəllim kollecin bütün işlərini görməklə bərabər, həm də tələbələrdən imtahanlara görə pul yığmaq işlərini də icra edir. İddialara görə bu gün Gəncə Dövlət Humanitar Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Deyilənlərə görə bir çox tələbələrin adı jurnalda getsə də, özlərininkollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Həmçinin qeyd olunur ki, kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar...
Materialda irəli sürülən ittihamlara dair Gəncə Dövlət Humanitar Kollecinin rəhbərliyinin də mövqeyini öyrənməyə hazırıq.