Qaradağ rayonu ərazisində Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən evlər satılır VİDEO

11-06-2015, 13:52           
Qaradağ rayonu ərazisində Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən evlər satılır VİDEO
Qarabağ qazisi İsmayıl Rəsulov ona verilməli olan mənzili ala bilməməsindən şikayətçidir. 2002-cildən qeydiyyatı üzrə Qaradağ rayon İcra Hakimiyyətində ev növbəsinə duran qazi bildirir ki, ondan sonra növbəyə duranlar ev alsa da, o, hələ də evsizdir. Qazinin dediyinə görə, Qaradağ rayonu ərazisində Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən evlər heç də təyinatı üzrə paylanmır:

“İki-üç dəfə mənzil alıb, satıb, təzədən oradan mənzil alıb, yaşayanlar var. Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən sonuncu bina 81 mənzilli idi. Onların dediyinə görə, mən də o dövrdə növbədə 41-ci adam idim. Necə oldu ki, 81 mənzildən 41-ci adama mənzil düşmədi?”

Bugünədək Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi və Qaradağ rayon İcra Hakimiyyətindən əsaslandırılmış bir cavab ala bilmədiyini deyən qazi hər iki qurumu məhkəməyə verib. Proses onun xeyrinə yekunlaşıb. İsmayıl Rəsulov məhkəməyə müraciətindən sonra Qaradağ rayon İcra Hakimiyyətindən ona müxtəlif təzyiqlər olunduğunu deyir:

“Elektrik enerjisini kəsdilər. Adını da qoydular ki, guya mənim borcum var. Borcumun olmadığını mən onlara sübut edəndən sonra bir xeyli müddət keçdi. 3 ay müddətində mən evdə işıqsız qalmışam. Həm də bu müddətdə mənim 25 yaşlı oğlum xəstə idi. Təsəvvür edin ki, Təcili Yardım gəlirdi və indiki dövrdə şam işığında kömək göstərməli olurdular”.

Oğlunu xəstəlikdən itirən ata özünün də həyati təhlükəsi olduğunu deyir. Onun söylədyinə görə, icra hakimiyyəti tərəfindən şikayətini geri götürmədiyi təqdirdə, öldürüləcəyi ilə bağlı hədələr alıb. İsmayıl Rəsulov onu da deyir ki, icra hakimiyyəti qanunsuz işıq xəttindən istifadə etməsi ilə bağlı ona böhtan ataraq, haqqında cinayət işi qaldırılmasına da nail olub. Qazi icra hakimiyyətinin yaxınları vasitəsi ilə ona tez-tez sifariş göndərdiyini də deyir:

“Ölkədə elə bir şəraitdir ki, heç vaxt sən qalib gələ bilməyəcəksən. Mən isə dedim ki, mən qalib gəlmək istəmirəm. Sadəcə bugunkü gündə kimin prezident olmasından asılı olmayaraq, istər İlham Əliyev olsun, istər Cəlal Əliyev olsun, istər başqa birisi, Artur Rasizadə olsun, mənim üçün fərq etməz. Mənə yetər ki, ölkəmin qanunları işləsin”.

İsmayıl Rəsulov həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayonu üzrə təşkilat sədridir. Qazi bildirir ki, hazırda icra hakimiyyətinin sifarişi ilə oturduğu ofisin işıqları və telefonu kəsilib.

Qaradağ Rayon İcra Hakmiyyətinin sözcüsü deyir ki, qazinin işığının kəsilməsi onun borcunun olması ilə bağlıdır. Qurum sözcüsü təmsil etdiyi orqanın qaziyə təzyiq etməsi ilə bağlı iddiaları qəbul etmir.İcra hakmiyyətinin təmsilçisi İsmayıl Rəsulovun adının nazirliyə göndərildiyini deyir:

“Apellyasiya Məhkəməsini udub. Məhkəmə qətnaməsinə əsasən, onun evlə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Çünkü Qarabağ əlillərinə və digər imtiyazlı şəxslərə ev verilməsinə məhz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğuldur. Biz sadəcə olaraq, bu imtiyazlı şəxsləri növbəyə götürürük və il ərzində hımin məlumatları müvafiq nazirliklərə təqdim edirik”.

Məlum nazirliyin sözcüsü Elman Babayev deyir ki, 2010-cu ildə Lökbatan qəsəbəsində tikilən binada İsmayıl Rəsulova hansı səbəbdən ev verilməməsindən xəbərsizdir. Çünkü həmin vaxt nazirlikdə başqa rəhbərlik olub. Nazirlik sözcüsü hazırda siyahıların icra orqanlarından alındığını deyir:

“Qanunvericiliyə görə, Qarabağ əlilləri, şəhid ailələri, bunların ev növbəsinə götürülməsi, onların ev növbəsinin dəyişdirilməsi və yaxud da növbədə çıxarılması şəhər icra hakimiyyətlərinin səlahiyyətindədir. Səlim müəllim nazir təyin olunandan sonra şəffaflığı təmin etmək üçün rayon icra hakimiyyətlərinə məktubla müraciət etdik. Və onlardan siyahıları aldıq. Siyahılara toxunmadan, scan olunmuş variantda onları saytımıza yerləşdirmişik. İstənilən vətəndaş girib, həmin siyahıya baxa bilər. Dediyiniz Qarabağ əlili də icra hakmiyyətinin bizə verdiyi siyahıya görə, həmin siyahıda 19-cu yerdədir”.

Bakıelektrikşəbəkədən isə bildirirlər ki, məlum 3 ay ərzində İsmayıl Rəsulovun işıqpulu borcu olmayıb. Lakin sonradan qeyri-qanuni işıq xəttindən istifadə ilə bağlı problemi yaranıb. Bu problem həll olunandan sonra işığı yandırılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.