Cahangir Hacıyevin daha bir şirkəti 50 milyon mənimsəyib

11-06-2015, 14:06           

Iyunun 8-də Sumqayıtdakı "Inter Textile” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib.

Keçmiş Sumqayıt Trikotaj Fabrikinin bazasında yaradılmış "Inter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olduğu deyilir və o da bankın milyonlarla kredit borcu ilə yüklüdür. "Bizim Yol” qəzetinə danışan ASC-nin səhmdarı Vəzir Rəcəbovun sözlərinə görə cəmiyyətin səhmlərinin sayı 765217, nizamnamə kapitalı 1530434 manatdır. 2014-cü ildə alınmış reyestrə görə 89.93 faiz səhm bir şəxsə - Sadıx Murtuzayevə məxsusdur. ASC-nin 121 səhmdarı var. Rəcəbovun sözlərinə görə, cəmiyyətin idarə heyətinin sədri Şakir Musayev Cahangir Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür və keçmiş bankirlə sabiq deputat Dünyamin Xəlilovu şəbəkəyə daxil olan müəssisələrdə o təmsil edir. V.Rəcəbov: "Yığıncağı idarə heyəti sədrinin müavini Ilham Səfərov açıq elan eləmişdi ki, səhmdarlar ona etiraz bildirdilər. Paket sahibi gəlmədiyindən iclasda kvorum olduğu səhmdarlarda şübhə yaratdı. Haradansa paket sahibini təmsil etdiyi barədə bir etibarnamənin kserokopiyasını tapıb gətirdi, amma biz əslini tələb etdik. Ortaya ona səlahiyyət verildiyi barədə sənəd çıxarda bilmədi. Bu da yığıncaqda iştirak edən 40-dan artıq insanın böyük səs-küyünə səbəb oldu. I.Səfərov bunlara məhəl qoymadı, hələ özü-özünü sədr, mühasib katib təsdiq edərək gündəliyi müzakirəyə başladı. Səhmdarların da ”Murtuzayevin səhmdarların qarşısına çıxmağa üzü olmadığından həmişə kənar adamlar onu etibarnamə ilə təmsil edib", - deyə replika atmaqdan başqa çarələri qalmadı".

Yığıncaqda 2014-cü ilin maliyyə yekunları açıqlanıb. V.Rəcəbov: "Qanunla idarə heyəti sədri hesabat verməli idi, amma bu ”vəzifə"ni müəssisənin baş mühasibi Səməndər Əliyev üzərinə götürdü. Iclasa qanuni don geydirməyə çalışsalar da, qanunsuz yığıncaqda məlum oldu ki, ASC-nin il ərzində xidmət sahələri də daxil olmaqla istehsal edilən məhsulun satışından əldə edilən gəlir 2341615 manat olub. Bunun da müqabilində 2646397 manat xərclənib. Nəticədə müəssisədə 304482 manatlıq mənfi saldo yaranıb, yəni zərərə çıxıb. ASC 60 milyon manat kredit götürüb, onun 50 milyon manatı ABB-dən, 10 milyonu isə Sahibkarlığa Kömək Milli Fondundan alınıb.

Il üzrə bank kreditlərinin faizi 856 min manat təşkil edib. Müəssisə banka olan borcunun 20 milyon manatını geri qaytarıb, amma 2 milyon manat xalis mənfəət qarşılığında bu pulu necə və hansı mənbədən qaytardığı da qaranlıqdır. Bəlkə mənfəət 2 milyon yox, 22 milyondur, 2-ni bizə göstərib, qalan 20-ni də banka veriblər? Bu barədə doğru-düzgün hesabat verilmədi. Hazırda ASC-nin banka 30 milyon manat kredit borcu var. Kredit faizi 3-4 faiz təşkil edir. 30 milyon manat vəsaitin tikinti-quraşdırma işlərinə qoyulduğunu bəyan elədilər.

Milyon balaca rəqəm deyil, bu pula bir şəhər salmaq olar. Cəmiyyət 3-4 ha ərazidə yerləşir, bu qədər vəsaitin ora qoyulması mümkünsüzdür, uzaqbaşı bütün yenidənqurma, tikinti və avadanlığa 10 milyon manat xərclənər, ya da xərclənməz. Kənardan baxanda orada 30 milyon manatlıq bir iş görülməmişdi, əlavə tikinti aparılmayıb, yalnız təmir, kosmetik işlərə vəsait qoyulub. Tələblərimizə baxmayaraq xərclərin sənədlərini ortaya çıxartmadılar. Sovet dövründə istehsala qoyulan sərmayənin 30 faizi gəlir şəklində geri qayıdırdı. Oradan da ödəmələri çıxanda ən pis alda xalis mənfəət olurdu. 60 milyon manatın heç 30 yox, 10 faizinə ümid etsək qoyulan sərmayədən 6 milyon manat mənfəət olmalıydı. Burada isə milyonlar istehsala yox, binaların tikintisinə qoyulub, ona görə ortada pul yoxdur. Hazırda cəmiyyətin banka borcu 30 milyon, müxtəlif təşkilatlara kreditor borcları da 751 min manatdır. Bu səbəbdən də inanmıram ki, cəmiyyət yaxın illərə sağlamlaşıb ayağa qalxa bilsin. Uzun müddət o krediti qaytarmaq mümkün olmayacaq. Qaytara bilmədiyinə görə də hər il faiz xərcləri üzərinə gələcək. Belə çıxır ki, təşkilat ancaq ABB-nin faizlərini yüksəltmək, ona qazanc gətirməklə məşğul olacaq. Bankın kredit faizi 3 faizdən hesablansa illik 900 min manat, 4 faizdən 1.2 mln manat borc yaranır. Iplik, parça istehsal edən cəmiyyətin illik 1 milyon xalis mənfəəti olsa, qazancını ancaq banka kredit faizi ilə kənar təşkilatların borcunu ödəməyə sərf edəcək, kredit isə yerində sayacaq. Çünki müəssisə əsas vəsaiti qaytarmaq gücündə deyil. Adətən cəmiyyət üçün belə vacib məsələlər kiçik səhmdarlarla da razılaşdırılır, amma onlar 10 faiz səhmdarla bunu müzakirəyə lüzum görməyiblər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.